Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1024/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin polis sahə rəisi Səbuhi Mansurovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Səbuhi Mansurov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 24 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə saat 10:20-də radələrində Sumqayıt şəhəri, Xəzər bağları adlanan ərazidə Şəxs X5 xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Səbuhi Mansurov izahatında bildirmişdir ki, 18 mart 2025-ci il tarix, saat 10 radələrində Şəxs X2 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Təhqiqat materialı və ekspertiza rəyinə əsasən Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirsiz bilərək izahatında bildirmişdir ki, səhər saatlarında X7 onun olduğu ünvana gələrək qapını təpiklə döymüş və telefon vasitəsi ilə anasını videoya çəkərək özünün icra hakimiyyətində işlədiyini, guya onun anasını təhqir etdiklərini bildirirərək təhqiredici ifadələr işlətmiş, daha sonra polisə zəng edərək onlardan şikayət etmişdir. Qeyd edir ki, o, X2 heç bir xəsarət yetirməmiş, yalnız telefonu götürməyə çalışmışdır. Buna baxmayaraq sonuncu onu təhqir etmişdir. Həmin qadını həyatında ilk dəfə hadisə baş verən günü görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X7 izahatında bildirmişdir ki, onların yaşadığı ünvanda kanalizasiya xətti keçir. Bir çox hallarda həmin xətdə problem olduğundan ərazidə sular toplanır. Həmin problemi həll etmək üçün usta dəvət etmişlər və onun pulunun toplanması məqsədi ilə qonşulardan məvacib toplanırdı. Anası bu məqsədlə Şəxs olduğu ünvana gedərək qapını döymüş, lakin həmin şəxslər anasını təhqir etmişlər və nəticədə anasının halı pisləşmişdir. O, səhəri günü sözügedən ünvana getmişdir. Qonşulardan öyrəndiyinə görə həmin ailə təhlükəli ailədir, ehtiyyatlı olmaq üçün telefonla baş verənləri çəkmişdir. Qapını dəfələrlə döymüş, sonunda yaşlı qadın qapını açmışdır. O, sonuncudan niyə görə dünən anasını təhqir etdiklərini soruşmuş və yaşlı qadın onun əlinə cırnaqla xəsarət yetirmişdir. Daha sonra onun qızı gələrək onu təhqir etmiş və əlinə cırmaq atmışdır. Şəxs ondan üzr istəsə idi, məsələ bu yerə gəlib çıxmazdı. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirdi ki, videoya baxış keçirən zaman görünür ki, Aytəkin Bayramova qanunsuz olaraq hüquqlarını müdafiə etdiyi şəxsin ünvanına gedərək onu videoya çəkmişdir. Ofelya həmin şəxsə maneə olmağa çalışmışdır. İXM-nin 8-ci maddəsinin tələblərini və Şəxs təqsirini sübuta yetirən hal olmamasını nəzər alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 24 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:20-də radələrində Sumqayıt şəhəri, Xəzər bağları adlanan ərazidə Şəxs X2 xəsarət yetirmişdir. İş materiallarında olan 18 mart 2025-ci il tarixli, 365 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ əlin arxa səthinin 4 (dörd) ədəd, sol əlin arxa səthinin 4 ( dörd) səthi yaraları. Qeyd olunan xəsarətlərdən - sağ əlin arxa səthinin 4 (dörd) ədəd səthi yaraları küt əşyanın (əşyalar) təsirindən, sol əlin arxa səthinin 4 ( dörd) ədəd səthi yaraları isə iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər olmaqla 18.03.25-ci il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti 4-cü PB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD-R 2-52X tipli diskdə olan videogörüntü 2(iki) hissəlidir( 1.23708 kb, 02 dəqiqə 10 saniyə, 228916 kb, 02 dəqiqə, 37 saniyə) 1-ci videogörüntüyə baxandan sonra aydın olur ki, mavi rəngli geyimdə olan qadın qapıya yaxınlaşır, qapını döyür, lakin qapını açan olmur. 2-ci videogörüntüyə baxan zaman ev sahibinin qapını açması, yaşlı və ortayaşlı qadının mavi geyimli qadınla danışıqlar etməsi, mübahisə etmələri, ortayaşlı qadının mavi geyimdə olan qadının üzərinə getməsi görünməsi qeyd edilmişdir. Beləliklə, Şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1024/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1024/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver