Məhkəmə qərarları › İş №3(060)-1026/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1026/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1026/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 25 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 25.04.2022ci il tarixdə 01:20 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, C.Cabbarlı küçəsində sərxoş vəziyyətdə Land Rover markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis əməkdaşlarının ünvanlarına nalayiq küçə söyüşləri söymüşdür. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X9 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü qismən təqsirli bilərək göstərdi ki, 25.04.2022-ci il tarixdə saat 01:20 radələrində Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində özünə məxsus Land Rover markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı polis əməkdaşı ilə ünsiyyətdə olduğu zaman onun içkili olması müəyyən olunmuşdur. Bu zaman YPX-nin əməkdaşı onu həkim müayinəsinə dəvət etmək istəsə də o, buna etiraz etmişdir. Belə ki, həmin vaxt onun idarə etdiyi avtomobildə qadın tanışı olmuş və o, YPX əməkdaşına həmin xanımı evinə düşürdükdən sonra onlarla gedə biləcəyini bildirmiş, lakin YPX əməkdaşı sərxoş halda avtomobili idarə edə bilməyəcəyini bildirdiyi üçün o, YPX-nə məxsus avtomobildən düşərək özünə məxsus avtomobilə əyləşmiş və YPX əməkdaşlarının saxla əmri vermələrinə baxmayaraq onların tələbinə tabe olmadan avtomobilini idarə edərək oradan uzaqlaşmış və həmin vaxt YPX əməkdaşları onu təqib edərək qadını düşürtdüyü binanın qarşısında onu saxlamışlar və onu bir daha həkim müayinəsindən keçmək üçün dəvət etmişlər. Həmin zaman onunla YPX-nin əməkdaları arasında mübahisə yaranmış və o, əsəbləşərək onların ünvanlarına müəyyən ifadələr işlətmişdir. Daha sonra YPX-nin üç nəfər əməkdaşı onu avtomobilə əyləşdirərək həkim müayinəsindən keçmək üçün aparmış və o, həkim müayinəsindən keçmişdir. Bundan sonra isə o, aidiyyəti üzrə Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nə dəvət olunmuş və orada onun izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 25.04.2022-ci il tarixdə saat 01:40 radələrində Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində xidmətdə olarkən Land Rover markalı **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün vizual görüntüsü onda şübhə yaratdığından və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, yoxlama zamanı sürücüdən sənədlərini istəmiş, sürücü ilə söhbət əsnasında təmas zamanı onun nəfəsindən spirtli iy gəldiyini hiss etmiş, hava şəraiti küləkli olduğundan sürücünü avtopatrula dəvət etmişdir. Sürücü aqressiv şəkildə ona “mən hər zaman içkili halda avtomobili idarə edib, yoldaşlarla görüşüb getmişəm” demişdir. Sonra sürücü ona “mən Memarlıq və Şəhərsalma idarəsində tikintiyə nəzarət şöbəsinin rəisiyəm, vəzifəli şəxsəm, mən istənilən vaxt spirtli içki içərək avtomobil idarə edirəm” demişdir. Bundan sonra o, efir vasitəsi ilə kömək üçün YPX-nin iki nəfər əməkdaşını köməyə çağırmış, həmin əməkdaşlar gələrkən sürücü avtopatrul maşınından düşərək öz avtomobilinə əyləşərək onların qanuni tələblərinə məhəl qoymadan sərxoş halda avtomobilini yüksək sürətlə idarə etməyə başlamış, onlar onun arxasınca təqib edərək yaxınlıqdakı binanın qarşısında onu saxlamışlar. Sürücüyə iki nəfər YPX inspektorları yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və həkim müayinəsindən keçməli olduğu ona bir daha izah olunmuş, lakin sürücü onların qanuni tələblərinə tabe olmayaraq onların və ümumi polis əməkdaşlarının ünvanlarına nalayiq söyüşlər söymüş, onlara qarşı müqavimət göstərmiş, polis maşınında ayaq zərbələri atmağa çalışmışdır. Daha sonra çətinliklə sürücü YPX avtomobilinə əyləşdirilərək həkim müayinəsinə aparılmış və o, daha sonra aidiyyəti üzrə 4-cü PB-nə raportla müraciət edərək sürücü barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. İş materialında olan 25.04.2022-ci il tarixli inzibati qaydada tutma haqqında AZA № 014323 saylı protokoldan görünür ki, Şəxs 25.04.2022-ci il tarixdə saat 05:20 radələrində inzibati qaydada tutulmuş və 25.04.2022-ci il tarixdə saat 16:20 radələrində azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 25.04.2022-ci il tarixdə Şəxs YPX əməkdaşları tərəfindən saxlanılmasını qeydə alınmış video görüntülərdə də şahidlər X1 və X3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 1685 №li 25 aprel 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı görə Şəxs müayinə vaxtı (25 aprel 2022-ci il saat 01:50) 1,885% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hal kimi məhkəmə Şəxs peşimançılığını nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh edilməlidir. İnzibati həbsin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla o, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 aprel 2022-ci il tarixdən, saat 05:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 24,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar