Məhkəmə qərarları › İş №3(060)-1029/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1029/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1029/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1076/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yaranmış 5508,93 manat puldan heç bir ödəniş edilməmiş və icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1076/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs, X1 və X3 birgə qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5484,90 manat əsas kredit borcu, 24,03 manat faiz borcu olmaqla, cəmi 5508,93 (beş min beş yüz səkkiz manat doxsan üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,09 (yetmiş beş manat doqquz qəpik) manat tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və qeydiyyatda olduğu ünvanda yaşamadığı məlum olmuşdur. Onun istifadəsində olan mobil telefon nömrələrinə SMS göndərilmişdir. Borclunun yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuş və qərarın icrası Sumqayıt ŞPİ-nə həvalə edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borcluya hüquq və vəzifələri izah olunmuş, izahat verməsi təklif olunmuş, lakin borclu izahat verməkdən və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu imzalamaqdan imtina edərək onun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1076/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən ondan, X1 və X3 birgə qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5484,90 manat əsas kredit borcu, 24,03 manat faiz borcu olmaqla, cəmi 5508,93 (beş min beş yüz səkkiz manat doxsan üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,09 (yetmiş beş manat doqquz qəpik) manat tutulması qət edilmişdir. İcra vərəqəsi barədə xəbəri olmamışdır. Sözegedən icra sənədi üzrə o, zamindir. Hal-hazırda işləmədiyini və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1076/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs, X1 və X3 birgə qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5484,90 manat əsas kredit borcu, 24,03 manat faiz borcu olmaqla, cəmi 5508,93 (beş min beş yüz səkkiz manat doxsan üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,09 (yetmiş beş manat doqquz qəpik) manat tutulması qət edilmişdir. O, məhkəmə iclaslarında da iştirak etdiyini, məhkəmə tərəfindən tərəflər qanunvericiliyin tələbinə əsasən məhkəmə baxışı barədə xəbərdar edilmişlər, lakin tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. İcra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.3-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1076/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yaranmış 5508,93 manat puldan heç bir ödəniş edilməmiş və icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar