Məhkəmə qərarları › İş №3(060)-1029/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1029/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1029/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Elvin İsmayılov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Elvin İsmayılov şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə qohumu X3 tanımadığı ********** mobil nömrədən zəng edilmiş, guya 77FZ690 dövlət nömrə nişanlı avtomobillə hansısa qayda pozuntusu törətdiyini və onu yol polis idarəsinə çağıraraq söhbət etmək istədiyini bildirmişdir. O, getməkdən imtina etmiş və bildirmişdir ki, etdiyi zəng qanunsuzdur. Çünki qayda pozuntusu xüsusi texniki vasitə ilə aşkar olunarsa, bu 24 saat ərzində elektron qaydada və ya poçtla göndərilməli idi. Bu sözü dedikdən sonra həmin şəxs “görərsən” deyib zəngi sonlandırmışdır. Bundan sonra 21 gün əvvələ Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi ilə F.Bayramov küçələrinin kəsişməsində İXMnin 327.4-cü maddəsinin tələblərini pozması əsası ilə xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq barəsində protokol yazılmışdır. Qeyd edir ki, həmin avtomobilə dair sonuncu etibarnamə onun adına verilmişdir. Bu tamamilə əsassız və böhtan xarakterli qərardır. Çünki o heç bir qayda pozuntusu törətməmişdir. Qeyd edir ki, o, Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və həmin polis əməkdaşının cəzalandırılması ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli 3(060)-7/2025 nömrəli qərarına əsasən şikayəti qismən təmin edilmiş və material araşdırılması üçün Bakı şəhəri X6 İdarəsinə göndərilmişdir. Bundan sonra yenə yuxarıda nömrəsini qeyd etdiyi şəxs zəng edərək 135 manat verilməsi müqabilində cəriməni silə biləcəyini bildirmişdir. Lakin onun bu tələbi qanunsuz olduğu üçün imtina etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə barəsində ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan da Sumqayıt Şəhər Məhkəməsinə şikayət etmiş, məhkəmənin 3(060)-343/2025 nömrəli qərarı ilə yenə də inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, lakin buna baxmayaraq barəsində xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, bu sonuncu qərar da digərləri kimi qanunsuz və əsassızdır, ləğv olunmalıdır. Müddəti keçmiş və əvvəlki tarixə bu protokol yazıla bilməzdi. Birbaşa olaraq İXM-nin tələbləri pozulur. Vəzifə səlahiyyətlərindən suiistifadə olunur. Məhkəmənin qərarı yenidən yol polisinə göndərməsi 2 dəfə təkrarlansa da, buna məhəl qoyulmamışdır. Qeyd edilənləri nəzərə alaraq mübahisələndirlən qərarın ləğv edilməsini məhkəmən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Elvin İsmayılov izahatında bildirmişdir ki, o, “Socar Polymer” şirkətində aparıcı operator işləyir. O, hadisə vaxtı yolun tıxac olduğu üçün 1.1, 1.3., 1.11 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq nəqliyyat axının əksi istiqamətində hərəkət etdiyini bildirmişdir. Həqəqitən də videoda görsənən ağ rəngli “Honda İnsight” markalı avotmobil onun idarə etdiyi avtomobil olmuşdur. Məhkəmədən ədalətli qərarın qəbul edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-7/2025 saylı qərarına əsasən Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən ararşdırılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-343/2025 saylı qərarına əsasən Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilmiş yenidən araşdırılması üçün Baş X6 İdarəsinə göndərilmişdir. Baş X6 İdarəsindən işçi qaydasında əldə edilərək məhkəmə iclasında 01 ədəd DVD diskdə olan görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sürücü Elvin İsmayılov idarə etdiyi ağ rəngli, “Honda İnsight” markalı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınına qarşı idarə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İXM-nin 327.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə Elvin İsmayılovun şikayətinin dəlillərini araşdıraraq, məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Təqdim edilmiş vidaeogörüntüyə baxış keçirilərkən sürücü Elvin İsmayılov tərəfindən qanunun tələblərinin pozulduğu bir daha öz təsdiqini tapmışdır. Belə ki, o izahatında da bildirmişdir ki, həmin vaxt yolda tıxac olduğundan avtomobilini əks istiqamətli hərəkət zolağında idarə etmişdir. Məhkəmə hesab edir ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Elvin İsmayılovun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar