Məhkəmə qərarları › İş №3(060)-103/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-103/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-103/2023 11.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 324 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında, baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 11 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8721/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda 1.175,00 manat aliment borcu vardır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 11 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat və X5 3 yaşına çatana kimi 100 manat aliment hər ay Şəxs tutularaq Zərərçəkmiş şəxs veilməlidir. Digər icra sənədinə əsasən isə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2798/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi hər ay 100 manat aliment tutulması hissədə alimentin miqdarı dəyişdirilərək X5 3 yaşına çatana kimi hər ay 50 (əlli) manat aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. Hal-hazırda aliment borcu 1.175,00 manat təşkil edir. İcra vərəqələri ilə əlaqədar borclu icra idarəsində dəvət olunmuş ona icra vərəqəsinin icrası ilə əlaqədar hüquq və vəzifələri izah edilərək icraata başlama haqqında qərar təqdim edilmişdir. Borclu bu günədək müxtəlif vaxtlarda aliment ödənişləri etmiş, lakin bir neçə ay ödənişlərdən yayınmışdır. Borclunun sonuncu ödənişləri isə xx.xx.2023cü il tarixdə 50,00 manat və xx.xx.2023-cü il tarixdə 50,00 manat olmuşdur. Əvvəllər borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, lakin borclu və tələbkar aralarında razılığa gəldiklərindən iş üzrə icraata xitam verilmişdir. Tərtib edilmiş protokolu müdafiə edərək məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən borclu Şəxs hər ay 225,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Halhazırda ödənilməyən 1.175,00 manat aliment borcu vardır və qeyd olunan aliment borcun tam ödənilməsini tələb edərək borclu barəsində məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən ondan hər ay 225,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. O, mütamadi olaraq hər həftə 50,00 manat aliment ödənişləri etmiş, yəni hər ay mütamadi olaraq 200,00 manat ailmet ödənişi etmişdir. Lakin bir neçə ay işsiz olduğundan alimenti ödəyə bilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 50,00 manat və xx.xx.2023-cü il tarixdə 50,00 manat aliment ödənişi etmişdir. Qısa müddət ərzində qeyd olunan aliment borcunu tam ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarlın və protokol tərtib etmiş icra məmurunun izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqındaiş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli icra vərəqələri üzrə Şəxs müxtəlif vaxtlarda icra sənədi üzrə tələbkara aliment ödənişləri etmişdir. Qeyd olunan icra sənədi üzrə borclu xx.xx.2023-cü il tarixdə 50,00 manat və xx.xx.2023-cü il tarixdə 50,00 manat aliment borcundan tələbkara ödəniş etmişdir. Onun ödənişləri mütəmadi olmuşdur. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsinin 11 yanvar 2023-cü il tarixli Şəxs barəsində MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar