Məhkəmə qərarları › İş №3(060)-1030/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1030/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1030/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər X4 Şöbəsinin taqım komandiri, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə İsmayıllı rayonu, Sulut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Sulut ərazi dairəsi, Kələzeyvə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.3cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində ”CHEVROLET COBALT LTZ” minik markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Babək küçəsində hərəkətdə olarkən İXM-nin 327.2 və 511.1.3-cü maddəsinin tələblərini pozmuş nəticədə barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər DYPŞ-nin taqım komandiri, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, Nizami-Babək küçələrinin kəsişməsində olarkən Şəxs idarə etdiyi ”CHEVROLET COBALT LTZ” minik markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2 dəfə qəfil tormozlama edərək avtomobili anidən sürətləndirməklə idarə etmişdir. Tərəfindən efir vasitəsilə göstəriş verilmiş və sürücü Nizami küçəsində Daş bazarının yaxınlığında saxlanılmışdır. Sürücü saxlanılarkən avtomobilin tormoz sistemi nasaz olduğundan əl əyləcindən istifadə etdiyini etiraf etmişdir. Amma sürdüyü avtomobil yeni olmuş, yəni 2023 və ya 2024-cü il buraxılışlı avtomobil olmuş, həmin avtomobildə tormoz sisteminin nasaz olması qeyri mümkündür. Bundan başqa sürücü saxlanılarkən avtomobil üzərində ödənilməyən cəriməyə görə həbsin olduğu müəyyən edilmişdir. İnspektor tərəfindən sürücü duracağa dəvət edilmişdir. Sürücü əvvəlcə həbsə görə gətirildiyini düşünərək cərimə məbləğini ödəmiş və avtomobilin cərimə meydançasından buraxılmasını tələb etmişdir. Sürücü özünün avtoxuliqanlıq əməli etməsində təqsirləndirilməsi ilə bağlı iddia ilə razılaşmamışdır. Qeyd edir ki, bundan öncə Şəxs il ərzində 2 dəfə sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanımış barəsində 4 dəfə kobud qayda pozuntusu etdiyinə görə protokol tərtib edilmişdir. O, Şəxs əvvəllər dəfələrlə cəzalandırılmasına rəğmən islah olmadığını bildirərək, onun sərt formada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, protokolla razı deyil, özünü avtoxuliqanlıq əməlinin törədilməsində təqsirli bilmir. Bildirir ki, 13-cü mkr ərazisində axşam radələrində çay evindən çıxandan sonra “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında sola döndükdə qarşısına qəfildən maşın çıxmış, bu səbəbdən tormozlama etmişdir. Belə ki, işə tələsdiyi üçün qarşısına çıxan avtomobili ötmək üçün sükanı sola çəkmiş, qoşa xəttin tələbini pozaraq ötmə əməliyyatı etmişdir. Daş bazarına yaxın ərazidə polis əməkdaşları tərəfindən saxlanılarkən avtoxuliqanlıq etdiyi üçün saxlanıldığı ona deyilmişdir. Avtomobili dayanacağa gətirildikdən sonra o, DİN 102 xidmətinə zəng vurmuşdur. Bu zaman ona avtomobili üzərində olan həbslə bağlı saxlanıldığı deyilmiş, o, cəriməni ödəyəcəyini bildirmiş və həmin gün cəriməni ödəmişdir. Qeyd edir ki, həmin avtomobili aylıq yol vərəqəsi əsasında idarə etmişdir. Avtoxuliqanlıq əməli etmədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil videogörüntülərdən şəxsin əyləci çəkib-çəkmədiyini, şəxsin bu əməli avtoxuliqanlıq məqsədilə törədib-törətmədiyini birmənalı yanaşmağın mümkün olmamasını, ani halda belə bu cür hərəkətin baş verə biləcəyini əsas gətirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialların əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Şəxs özünü avtoxuliqanlıq hərəkəti ilə törədilməsində təqsirli bilməmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “CHEVROLET COBALT LTZ MİNİK” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. Təqdim edilmiş 1 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 22:42 radələrində Sumqayıt şəhəri 13-cü mkr ərazisində bir ədəd “Chevrolet Cobalt” minik markalı avtomobil məhəllə arasından əsas yola çıxarkən əks yolda nəqliyyat vasitələrinin olmadığnı, yolun tam boş olduğunu görüb baş yola çıxaraq sola doğru dönmə hərəkəti yerinə yetirir. Görüntüdən görünür ki, avtomobil yola düzəldikdən sonra qarşısında olan avtomobillə toqquşmanın qarşısını almaq məqsədilə sükanı qəfildən sola çəkir, toqquşmadan yayındıqdan sonra ikitərəfli hərəkət istiqamətini biri-birindən ayıran asfalt örtük üzərində çəkilmiş 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq qarşı hərəkət zolağına çıxaraq sürətini artırıb görüntüdən itir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokol tərtib etmiş yol patrul xitməti inspektorunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materialına əlavə olunmuş diskə baxış keçirərək və sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunun yuxarıda qeyd edilən norması ilə inzibati məsuliyyətin yaranması üçün avtoxuliqanlıq əməlinin aşağıdaki dispozitv şərti, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət edilən mexaniki nəqliyyat vasitəsinin qəflətən sürətləndirməsi, davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətləri mövcud olmalıdır. Lakin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəxs tərəfindən İXM-nin 511.1.3-cü madəsinin tövsifedici əlamətlərindən hər hansı biri edilməmişdir. Şəxs tərəfindən hadisə vaxtı “CHEVROLET COBALT” minik markalı avtomobilin qəflətən sürətləndirilməsi müşahidə edilməsinə baxmayaraq, bu hərəkətin davamlı olaraq edilməsi, davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən hərəkətlər videogörüntüdən müəyyən edilməmiş, bu hallar öz təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsinin tələblərini pozulmasa da, videogörüntüdən onun İXM-nin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəslində təsbit edilmiş digər maddəsinin tələblərinin pozulması halı müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, hadisə zamanı sonuncunun hərəkətlərində İXM-nin digər maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olubolmamasının araşdırılması Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə tapşırılmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Hadisə zamanı Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin digər maddəsilə inzibati xəta tərkibinin olub-olmamasının araşdırılması Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə tapşırılsın. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar