Məhkəmə qərarları › İş №3(060)-1034/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1034/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1034/2025 28.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru: X5, Zərərçəkmiş şəxs: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli rayonu, Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Zərgar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Təzə Bazarın yanı, həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən 28 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6694/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbu üzrsüz səbəbdən icra etməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, icra sənədi 2022-ci ildən onun icraatındadır. Borclu barəsində bir dəfə CM-nin 306-cı maddəsi ilə cinayət işi açılmış, həmin vaxt üçün yığılmış aliment borcunu tam şəkildə ödədiyinə görə tələbkarın ərizəsi ilə cinayət işinə xitam verilmişdir. Bundan sonra şəxs şəxs yenə də aliment ödənişlərini etmədiyindən barəsində cinayət işi açılmış və sonuncu dəfə 18 iyul 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəxs 2024-cü ilin sentyabr ayında həbsdən azad olunmuşdur. Şəxs bir neçə dəfə icra idarəsinə dəvət olunmuş, həm yazılı, həm də şifahi şəkildə qəbul edilmişdir, aliment borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Borclu şəxs üç dəfə olmaqla 800 manat ödəniş etmişdir. Hazırda 10120 manat aliment borcu ilə bağlı protokol tərtib edilmişdir. Ümumilikdə isə əvvəlki borcla birlikdə 21880 manat aliment borcu faktiki vardır. Lakin əvvəlki borca münasibətdə cəza çəkdiyi üçün hazırda inzibati məsuliyyət ondan sonrakı dövrdə yaranan borca bağlıdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xəstəliyi vardır, buna görə işləyə bilmir. Rəsmi iş yeri yoxdur, pul qazandıqca ödəyir. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil ödəniş edilməsi üçün borcluya vaxt verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, borclu şəxs işləyir, lakin qəsdən ödəniş etmir, uşaqlara baxmır. Aliment borcunun ödənilməsini tələb edir, lakin onun tutulmasını istəmir. Borcu ödəmədiyi halda məhkəmədən ona cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsi, barəsində protokol tərtib olunmuş şəxsi, zərərçəkmiş şəxsi və müdafiəçini dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6694/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-204/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Füzuli rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində Füzuli RPŞ-si tərəfindən xx.xx.2025-ci il tarixdə 760011 saylı axtarış işi açılmışdır. - ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda 100, 300, 400 manat məbləğlərində aliment ödənişləri edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, hazırda inzibati məsuliyyətə cəlb edilməsi əsası onun məhkəmə qərarının qəsdən icra edilməməsi ilə bağlıdır. Məhkəmə alimentlə əlaqədar tutulmaların hər ay ödənilməsini zəruri şərt hesab edir. Belə ki, aliment məhz hər ay uşağın zəruri ehtiyaclarının qarşılanmasına yönəlir və məhkəmə qərarının vaxtında icra edilməməsi uşağı minimal tələblərindən məhrum edir. İcra sənədi üzrə aliment borcunun yaranması borclunun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-ci maddəsindən görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq lazımi qaydada ödəniş etmədiyini, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar