Məhkəmə qərarları › İş №3(060)-1035/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1035/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1035/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Məhkəmə iclas katibi: X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X1 etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən X2 barəsində 23 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2025-ci ildə həmin ofisdə rəsmiləşdirilmiş ilkin alqı-satqı müqavilələri üzrə müştəri uyğunluğu tədbirlərini həyata keçirməməklə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəliklərin icrasından yayınmışdır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin nümayəndəsi Vəkil bildirdi ki, hesab edirlər ki, ümumiyyətlə inzibati xəta hadisəsi yoxdur. Protokolda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinin pozulması iddia olunsa da, hansı tələblərin pozulması qeyd olunmamışdır. İnzibati xətanın mahiyətinin nədən ibarət olması və sübut qismində təqdim olunacaq yaxud olunan sənədlər göstərilməlidir. Müştəri eyniləşdirməsi ilə bağlı fiziki şəxs üzrə müştəri profili məlumatları mövcuddur. Pulun mənbəyini təsdiq edən sübut isə Accesbank ASC-dən alınan kredit müqaviləsidir. Hər iki alqı-satqı müqaviləsi üzrə satıcı müxtəlif olsa da alıcı qismində iştirak edən şəxs eyni şəxs olmuşdur. Həmçinin aparılmış əməliyyatlarla bağlı notariusdan izahedici arayış da alınmışdır. Əlavə olaraq hüquqlarını müdafiə etdiyi şəxs aparılan əməliyyatda heç bir şübhə doğuran məqam olmadığından maliyyə monitorinqi xidmətinə məktub yazmamışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixdə X8 və X6 arasında ünvan 1 ünvanında yerləşən 52 kv/m. mənzilə dair gələcəkdə əsas müqavilə bağlanacağı barədə ilkin alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, müqavilə təsdiqlənərkən əmlak 250000 manat qiymətləndirilmiş və pul məbləğinin 200000 manatı (əmlakın dəyərinin əhəmiyyətli hissəsi) notariusun depozit hesabı vasitəsilə ödənilmiş, 50000 manatın isə əsas müqavilə bağlanan zaman ödənilməsi şərtləşdirilmişdir. - xx.xx.2025-ci il tarixdə X7 və X6 arasında buraxılış ili 2020-ci il olan TOYOTA LC200 MİNİK markalı 10X0099 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas müqavilə bağlanacağı barədə ilkin alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, müqavilə təsdiqlənərkən əmlak 130000 manat qiymətləndirilmiş və pul məbləğinin 100000 manatı (əmlakın dəyərinin əhəmiyyətli hissəsi) notariusun depozit hesabı vasitəsilə ödənilmiş, 30000 manatın isə əsas müqavilə bağlanan zaman ödənilməsi şərtləşdirilmişdir. - X6 ilə AccessBank QSC arasında 300000 (üç yüz min) manat kredit məbləğində 017R********** nömrəli, 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə notarius tərəfindən tətbiq edilən daxili nəzarət proqramının 3.1-ci bəndinə əsasən müştərinin, nümayəndənin eyniləşdirilməsi notarius tərəfindən Qanun və bu sahədə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu və "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ı ilə müəyyən edilmiş tələblərə müvafiq olaraq həyata keçirilir. 3.2-ci bəndinə əsasən müştərinin, nümayəndənin, fayda əldə edənin, benefisiar sahibin eyniləşdirilməsi zamanı notarius onun qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsində olan informasiya sistemlərindən və açıq informasiya sistemlərində olan informasiyadan istifadə edir. İş materiallarından görünür ki, hər iki müqavilə üzrə tərəflərin müştəri profili məlumatları əldə olunmaqla eyniləşdirmə aparılmışdır. Bununla da vəzifəli şəxs X2 ilkin alqı-satqı müqavilələri üzrə müştəri uyğunluğu tədbirləri həyata keçirmişdir. Bundan başqa “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə notarius tərəfindən tətbiq edilən daxili nəzarət proqramının 5.1-ci bəndinə əsasən notarius tərəfindən maliyyə monitorinqi orqanına məlumatın verilməsi Qanunun 4-cü və 11-ci maddələri ilə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 33-1 hissəsi ilə və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 27 aprel 2023cü il tarixli 3-21-28/3-6-8/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” ilə tənzimlənir. 5.2.1-ci bəndinə əsasən əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallara dair məlumatları notarius maliyyə monitorinqi orqanına təqdim edir. Hazırki halda xx.xx.2025-ci il tarixli müqavilələrin predmeti olan əmlakların cinayət yolu ilə əldə edilməsinə şübhə doğuran əsasın nədən ibarət olması müəyyən deyildir. Bundan başqa müşayiət məktubunda əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyinin ətraflı araşdırılmaması, daşınmaz əmlakın qiymətinin faktiki bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsi qeyd olunsa da, daşınar əmlakların ilkin alqı-satqısı zamanı müəyyən olunan pul məbləğləri ilə alıcı tərəfindən bağlanmış kredit müqaviləsinin məbləğinin bərabər dəyərdə olması nəzərə alınmamışdır. Eyni zamanda daşınmaz əmlakın qiymətinin faktiki bazar dəyərindən artıq olmasının hansı meyarlar əsasında və qiymətin kim tərəfindən müəyyənləşdirilməsi qeyri-müəyyəndir. Belə ki, alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiymətinin faktiki bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsi dedikdə dəyərin 50 faiz və ya daha çox olması nəzərdə tutulur. Lakin müqavilə predmeti olan əmlakın qiyməti tərəflər arasında özləri müəyyənləşdirmiş və həmin əmlakın faktiki bazar dəyəri müəyyənləşdirilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin: - 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. - 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə – vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. - 598.7-ci maddəsinə əsasən Bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə – vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi vəzifəli şəxs X2 tərəfindən inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Məhkəmə səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan vəzifəli şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması qənaətinə gəlinməsini, inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsini və səlahiyyətli orqan tərəfindən həmin sübutların məhkəməyə təqdim olunmamasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, barəsində protokol tərtib edilmiş vəzifəli şəxsin hərəkətlərində həmin maddə ilə inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin xüsusi notariusu X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar