Məhkəmə qərarları › İş №3(060)-1038/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1038/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1038/2025 28.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2091214 nömrəli, həmin Məcəllənin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2091213 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin protokollara baxılması bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ- 6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3925 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2731/2024, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3172/2024 saylı, xx.xx.2024-cü tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 122/2025-006 nömrəli, xx.xx.2025-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri qərarların qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətinə borclu tərəfindən icra edilməmişdir. Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ-6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən təkrar il ərzində üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilir. Ödənişləri hissə-hissə yerinə yetirir. Onun maddi imkanı aşağı olduğu üçün və hazırda işləmədiyindən icra sənədləri üzrə ödənişləri edə bilməmişdir. 3900 manat məbləğində borcu 1 il müddətinə qaytarmalı olduğu halda, qaytara bilməmişdir. O, işəmədiyi üçün cəriməni də ödəməmişdir. Onun həyat yoldaşı birinci Qarabağ Müharibəsi və oğlu ikinci Qarabağ Müharibəsi qazisidir. Göstərilən halları nəzərə alınmasını, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 pulunu tam şəkildə tələb etdiyini bildirərək, məhkəmədən qanunuyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borcunu etiraf edir və qərəzli olaraq ödənişdən boyun qaçırmır. O, borcunu iki aydır ki, hissə-hissə ödəyir. Protokolun əsassız olduğunu qeyd edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN2091214 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ-6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən təkrar il ərzində üzrsüz səbəbdən icra edilməmişdir. xx.xx.2025-ci il tarixli MN2091213 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2731/2024, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3172/2024 nömrəli xx.xx.2024-cü tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 122/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 121/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri qərarların qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətinə borclu tərəfindən icra edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2731/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2731/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3172/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 350 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3172/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişə əsaəsən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3172/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-121/2025-006 nömrəli, xx.xx.2025-ci tarixli icra vərəqəsinə əsasən Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən 3(060)-121/2025- 006 nömrəli, xx.xx.2025-ci tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişə əsaəsən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-121/2025-006 nömrəli, xx.xx.2025-ci tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-122/2025-006 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-122/2025-006 nömrəli, xx.xx.2025-ci icra vərəqəsi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-122/2025-006 nömrəli, xx.xx.2025-ci icra vərəqəsi ndə göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən 144748/24, 231157/24, 239861/24, 362188/24, 25888/25, 35086/25 və 35090/25 saylı icra işləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2025-ci il tarixli, MN2091214 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ-6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən təkrarən il ərzində üzrsüz səbəbdən icra edilməmişdir. Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ-6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3925 manat pul tutulmalıdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ-6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişə əsasən Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ-6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2731/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2(060)- 3172/2024 nömrəli icra sənədləri üzrə təyin edilmiş cərimələri ödəməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-121/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin, bundan sonra da Şəxs qeyd edilən icra sənədləri üzrə borclarını ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yenidən Sumqayıt Şəhər Məhkəməsinin, xx.xx.2025-ci il tarixli 3(060)-122/2025-006 nömrəli qərarı ilə 1000 manat məbləğində cərimə edilmiş, lakin qeyd edilən icra sənədləri üzrə qərarların qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində borclu tərəfindən icra edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı Sumqayıt Şəhər 1 Saylı Notariat Kontorunun 8İ- 6016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin borclu tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinməli, İXM-in 34.3-cü maddəsinə əsasən daha ağır sanksiyası olan həmin Məcəllənin 529.2-ci maddəsi ilə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar