Məhkəmə qərarları › İş №3(060)-104/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-104/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-104/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X6, Məhkəmə iclas katibi:X7, Şikayət vermiş şəxs X3 müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili: Nümayəndə1h oğlu, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi: Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X19 tərəfindən qəbul edilmiş MN № ******* nömrəli 09 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Aşağıda göstərilən əsas və hallara görə hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, guya o - Şahid4, Şahid1, Şahid3 və Şahid2 əmək müqavilələri qanuni qüvvəyə minmədən onları işin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məlumat üçün bildirir ki, o, fərdi sahibkar olaraq vergi uçotunda qeydiyyatdan keçməklə Şuşa şəhərində yerləşən “N” saylı hərbi hissənin kiçik bir bölməsinin yerləşdiyi ərazisinin daxilində səyyar pərəkandə ticarətlə məşğul olur. Ticarətin yerinə yetirildiyi ərazi isə hərbi bölmənin ərazisi olduğundan və ora mülki şəxslərin girməsi qadağan olduğundan oradan yalnız həmin bölmənin hərbi qulluqçuları ticarət edə bilərələr. Eyni zamanda həmin ərazidə müvafiq hərbi hissənin kiçik bir sturuktur bölməsi müvəqqəti yerləşmiş və orada ən çoxu 50-60 nəfər bəzən daha az şəxsi heyət olur. Belə bir vəziyyətdə məhdud sayda və məhdud zamanda hərbi qulluqçulara pərakəndə ticarət xidməti göstərilməsi üçün bir nəfərin o işlərlə məşğul olması yetərincə kifayət edir. Bir nəfər şəxsin gördüyü və ya görə biləcəyi iş üçün əlavə olaraq digər şəxslərin işə cəlb olunması məntiqsiz və mümkünsüz olmaqla yanaşı buna heç zərurətdə yoxdur. Çünki, bunun üçün bir nəfər şəxsin gün ərzində bir neçə saat işləməsi kifayətdir ki, bu işləri də özü görür. 2024-cü ilin əvvəllərinədək işğaldan azad olunmuş bütün ərazilərə keçmək üçün müfaviq portalda şəxsin qeydiyyatdan keçməsi tələb olunurdu (hazırda icazə verilən qonaq və ya turist səfərləri istisna). Bəlli məsələdir ki, həmin müddət ərzində minlərlə vətəndaşlar qeyd olunan portaldan müxtəlif əsaslar üzrə qeydiyyatdan keçərək həmin ərazilərə gediş-gəliş etmişlər. Son vaxtlar qonaq və ya turist kimi səfərlər edilməsi üçün şəxslərin özlərinin online qeydiyyatdan keçirilmələrinə icazə verilməmişdən öncə istənilən məqsədlə gedən insanlar müxtəlif üsullarla və müxtəlif səbəb göstərilməklə portaldan qeydiyyatdan keçirilirdilər. Hətta portaldan hansı əsasla qeydiyyatdan keçmələrindən əksər hallarda vətəndaşların özləri də məlumatsız olurdular. İşğaldan azad olunmuş ərazilərə keçmək üçün sadəcə formal tələb - şəxsin adının portalda qeyd olunması kifayət edirdi. Qərarda adları qeyd olunan Şahid4, Şahid1, Şahid3 və Şahid2 X3 işçisi olmamışlar, onlarla Nümayəndə1 arasında işçi işəgötürən və ya hər hansı əmək münasibətləri olmamışdır. Qeyd olunan şəxslər Qoşqar Qarayev tərəfindən əvəzli və ya əvəzsiz hər hansı bir işin və ya xidmətin göstərilməsinə cəlb edilməmiş və onlar arasında belə bir razılaşma olmamışdır. Onların adları formal olaraq işçi kimi portalda qeydiyyatdan keçirilmişdir. İnzibati məsuliyyətin yaranması üçün işçi ilə işəgötürənin Azərbaycan Respublikasının Əmək Məcəlləsində (maddə 4-1) nəzərdə tutulmuş qayada faktiki əmək münasibətlərində olmaları zəruri şərtdir. Yəni, işçi ilə işəgötürənin qarşılqlı razılaşması əsasında müəyyən müzd müqabilində hər-hansı bir işin və ya xidmətin müəyyən zamanda və müəyyən məkanda icra edilməsinə işəgötürən tərəfindən işçinin cəlb edilməsi və onlar arasında bu barədə əmək müqaviləsinin olmaması və ya qanuni qüvvəyə minməməsi ilə şərtləndirilmişdir. “Qarabağ və Şərqi Zəngəzur iqdisadi rayonlarına giriş” informasiya sistemində hansısa şəxsin adının formal olaraq işçi kimi qeyd edilməsi onun həqiqətəndə əmək münasibətlərinə daxil olması və ya işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi qiymətləndirilə və qəbul edilə bilməz. Adları inzibati qərarda qeyd olunmuş şəxslərlə X8 arasında heç bir əmək münasibətləri olmamış, eyni zamanda onlar əmək haqqı qarşılığında hər-hansı bir işin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bu faktların olubolmaması inzibati iş üzrə səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının İXMnin tələblərinə uyğun olaraq araşdırlmalı və qiymətləndirilməli hallar olmasına baxmayaraq, qeyd olunan orqan tərəfindən bu faktın təkzib edilməsi barədə verilmiş məlumatlar və izahatlar nəzərə alınmadan qanunvericiliyin tələblərinə zidd olaraq heç bir inzibati araşdırma aparılmadan hazırda mübahisələndirilən inzibati qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə aparılacaq inzibati arşdırma barədə bildiriş poçt vasitəsi ilə bundan dörd gün sonra, yəni xx.xx.2024-cü il tarixdə ünvana çatdırılmışır. Bununla bağlı DƏMXnin AXRŞ ilə əlaqə saxlanılmış və oradan xx.xx.2024-cü il tarixdə protokol tərtib edildiyini və işə baxılmasının xx.xx.2024-cü il tarixə təyin edildiyi bildirildiyindən qeyd olunan tarixdə həmin şöbəyə gedilərək adları çəkilən şəxlərlə Nümayəndə1 hər-hansı bir əmək münasibətlərində olmaması, onları hər-hansı bir işə cəlb etməməsi barədə müfəssəl məlumat verilmiş və bunların araşdırılması bildirilsə də, bunlar nəzərə alınmadan, ümumiyyətlə heç bir yerdə bu barədə qeyd aparılmadan, heç bir sübuta istinad edilmədən hazırki inzibati qərar qəbul edilmişdir. Hazırki halda isə şəxsin əməlində qeyd olunan inzibati xətanın əlamətlərinin olub- olmamasını müəyyən etmək üçün ən əsası onun özünün və guya işə cəlb etdiyi adları qeyd olunan şəxslərin izhatları alınmalı olduğu halda bunlar edilməmiş və edilməsindən imtina edilmiş, hətta müvafiq şöbəyə gedilərək bunları təkzib edən bu barədə verilmiş tutarlı faktiki məlumatlar nəzərə və qeydə alınmamışdır. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2649/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayət təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və X3 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-564/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2649/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün material yeni məhkəmə baxışına göndərilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1h oğlu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 şikayətlə razılaşmayaraq bildirmişdir ki, sözügedən sahibkar tərəfindən DİN-nin Qarabağ və Şərqi Zəngəzur portalına müraciət daxil olmuşdur ki, sözügedən şəxslərə portal vasitəsilə işğaldan azad olunmuş ərazilərə iş icazəsi verilsin. Sözügedən portalda bir neçə icazə növü vardır. İş icazəsindən əlavə orada ziyarətçi kimi turist kimi icazələr vardır. İş icazəsinin alınması Daxili İşlər Nazirliyi tərəfindən yalnız sahibkara verilir. Burada da faktiki olaraq əmək münasibətləri yaranır. Çünki işəgötürən sözügedən şəxslərlə sövdələşir və onların işğaldan azad olunmuş ərazilərə keçməsi üçün iş icazəsi üçün müraciət edir. Sonuncu məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi Əliyev X11 Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Qarabağ Müharibəsi əlilidir. İki il bundan öncə yoldaşlarla birlikdə Şuşa şəhərinə ziyarətçi kimi getmişlər. Ziyarətinin işlə əlaqəsi yoxdur, ümumiyyətlə səhhəti ilə bağlı işləmir. Gedərkən orada olan şirkətlərin birində işləmək istəmiş, lakin şərait olmadığından geri qayıtmışdır. Qarayev Qoşqar adlı şəxsi ümumiyyətlə tanımır, ticarətlə bağlı anlayışı və heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Qarayev Qoşqar adlı şəxsi tanımır, yalnız bir neçə dəfə Şuşa şəhərində onu görmüşdür, eşitmişdir ki, orada əsgər mağazası işlədir. Bir gün sinifyoldaşı və uşaqlıqdan tanıdığı şəxs Şuşa şəhərində ona iş olduğunu bildirmiş və getmək istəyib-istəmədiyini soruşmuş, daha sonra razılığa gəlmiş və sənədlərini ona vermişdir. Lakin onu portaldan necə qeydiyyat keçirdiyini bilmir. Ona işin Şuşa şəhərində əsgərlər üçün şirniyyat və digər lazımlı şeylərin satılmasından ibarət olduğunu demişdir. Şuşa şəhərinə getmiş, orada 2-3 gün hərbi hissədə işləmiş, lakin şərait pis olduğundan geri qayıtmışdır. İki-üç dəfə belə gedibgəlmişdir. Lakin həmin hərbi hissənin Qoşqar Qarayevə aidiyyatı olmamış, Kamil adlı şəxslə danışmışdır. İlk dəfə Şuşa şəhərinə təxminən 2024-cü ilin fevral ayının 14-15 tarixlərində getmişdir. Sonuncu dəfə xəstəsi olduğundan oradan aprelin 4-ü qayıtmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X8 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarınıın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən iş icazəsi alınmış fiziki şəxslər Şahid4, Şahid1, Şahid3 və Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlər, xidmətlər yerinə yetirmiş, lakin onlarla əmək müqaviləsi bağlanmamış və ƏMAS-da qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. X1 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 məbləğində inzibati cərimə edilmişdir. - Şahid4, Şahid1, Şahid3 və Şahid2 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, onlar X3 işçisi olmamışlar, onunla aralarında işçi-işəgötürən və ya hər hansı əmək münasibətləri olmamışdır. Onun tərəfindən hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb edilməmişdir. Xeyli müddət öncə Şuşa şəhərinə getməyi ilə bağlı müvafiq portaldan keçməli olmuş, lakin qeydiyyatdan hansı əsasla keçirildiyini bilməmişdir. - Məhkəmə tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavabından görünür ki, məktubda adı qeyd olunmuş vətəndaş X8 (VÖEN: **********) 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Baza məlumatına əsasən X3 Qarabağ Ərazi Vergilər Baş İdarəsinin əhatə dairəsinə daxil olan rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur. - Məhkəmə tərəfindən verilmiş və xx.xx.2025-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavabından görünür ki, N saylı hərbi hissə ilə vətəndaş X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icra müqaviləsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan Şuşa şəhəri Şuşa-1 hərbi şəhərciyində yerləşən idman zalının bir hissəsi əsgəri mağaza kimi fəaliyyət göstərməsi üçün vətəndaş Qoşqar Qarayevə icarəyə verilmişdir. Həmin tarixdən başlayaraq Qoşqar Qarayev qeyd olunan ünvanda yalnız özü əsgəri mağazada ticarətlə məşğul olmuş, onunla barəbər və ya işçi kimi digər şəxslər əsgəri mağazada, ümumiyyətlə hərbi hissə daxilində ticarətlə məşğul olmamışlar. Qeyd edir ki, vətəndaş Qoşqar Qarayevin ticarətlə məşğul olduğu əsgəri mağaza N saylı hərbi hissənin daxilində mühafizə olunun ərazidə yerləşdiyindən ora giriş-çıxış yalnız hərbi hissənin nəzarət buraxılış məntəqəsindən keçməklə mümkündür. Digər yerdən həmin mağazaya, o cümlədən hərbi hissə ərazisinə sərbəst giriş-çıxış mövcud deyil. Qeyd olunan nəzarət buraxılış məntəqəsindən isə yalnız N saylı hərbi hissənin hərbi qulluqçularının sadələşdərilmiş giriş-çıxışı mümkündür. Digər hərbi qulluqçuların, eləcədə mülki şəxslərin hərbi hissə daxilinə giriş-çıxışı xüsusi icazə - buraxılış vərəqəsi ilə mümkün ola bilər. Mülki şəxs kimi vətəndaş X4 mağazaya giriş-çıxışı üçün buraxılış vərəqəsi verilmişdir. Lakin digər mülki şəxslərə bu məqsədlə hərbi hissə daxilinə giriş-çıxış üçün buraxılış vərəqəsi və ya digər formada icazə verilməmişdir. - xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant X14 tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan Şuşa şəhəri Şuşa-1 hərbi şəhərciyindəki istifadə olunmayan idman zalının bir hissəsi 150 kv.m tutan bina, 75 kv.m ərazi əsgəri mağaza sahəsi kimi fəaliyyət göstərməsi təyinatı üzrə X3 istifadəsinə verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, X8 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 məbləğində inzibati cərimə edilməsi ilə bağlı X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsində araşdırma aparılarkən yalnız “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara istinad edilmişdir. Lakin, qeyd edilən araşdırma zamanı portal üzrə icazə alınmış şəxslərin sonradan həqiqətən də X8 tərəfindən işlərin (xidmətlərin) yerinə cəlb edilib-edilməsi məsələsi araşdırılmamışdır. Qeyd edilən qərardan X3 verdiyi şikayətin məhkəmə baxışı zamanı X13 Xidmətinin nümayəndəsi özü də bildirmişdir ki, işə cəlb edilməsini bildirdikləri şəxslərin çağırılaraq izahatlarının alınması istiqamətində heç bir cəhd edilməmişdir. Əvvəlki məhkəmə baxışı zamanı X13 Xidmətinin nümayəndəsi işin düzgün həlli üçün həmin şəxslərin izahatlarının alınmasının zəruriliyini bildirərək bu barədə vəsatət vermiş, vəsatət üzrə Şahid4 və Şahid3, hazırki məhkəmə araşdırması zamanı isə Şahid1 və Şahid2 məhkəmə iclasında şahid qismində izahatı alınmışdır. Həmin şəxslər X8 ilə hər hansı əmək münasibətlərinin olmamasını, onun tərəfindən hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb edilməmələrini bildirmişlər. Bundan əlavə Şahid4, Şahid1, Şahid3 və Şahid2 notarial qaydada verdikləri ərizələrdə də X8 ilə hər hansı əmək münasibətlərinin olmamasını, onun tərəfindən hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb edilməmələrini bildirmişlər. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğu əsasında əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli icra müqaviləsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan Şuşa şəhəri Şuşa-1 hərbi şəhərciyində yerləşən idman zalının bir hissəsi əsgəri mağaza kimi fəaliyyət göstərməsi üçün vətəndaş Qoşqar Qarayevə icarəyə verilmiş, Qoşqar Qarayev qeyd olunan ünvanda yalnız özü əsgəri mağazada ticarətlə məşğul olmuş, onunla barəbər və ya işçi kimi digər şəxslər əsgəri mağazada, ümumiyyətlə hərbi hissə daxilində ticarətlə məşğul olmamışdır, digər hərbi qulluqçuların, eləcə də mülki şəxslərin hərbi hissə daxilinə giriş-çıxışı xüsusi icazə buraxılış vərəqəsi ilə mümkündür, mülki şəxs kimi vətəndaş X4 mağazaya giriş-çıxışı üçün buraxılış vərəqəsi verilmiş, lakin digər mülki şəxslərə bu məqsədlə hərbi hissə daxilinə giriş-çıxış üçün buraxılış vərəqəsi və ya digər formada icazə verilməmişdir. Göründüyü kimi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara istinad etməklə (işğaldan azad edilmiş ərazilərə giriş icazəsi barədə məlumatlar) X8 Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həm müfəttişlikdə aparılan araşdırma zamanı, həm də məhkəmə araşdırması zamanı X3 həmin şəxsləri əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən hər hansı əlavə sübut təqdim edilməmişdir. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə X8 tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Əksinə Şahid4, Şahid1, Şahid3 və Şahid2 notarial qaydada verdikləri ərizələrində, həmçinin onların məhkəmə iclasında verdikləri izahatlarında X8 ilə hər hansı əmək münasibətlərinin olmamasını, onun tərəfindən hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb edilməmələrini bildirmişlər. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın nümayəndəsinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin məhkəmə iclasında izahatlarının alınması barədə vəsatət verməsi, yəni həmin izahatların işin mahiyyəti üzrə həll edilməsində zəruri hesab etməsi, tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın özünün natamam sübutlar əsasında qərar qəbul etməsini etiraf etməsi deməkdir. Müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilənə kimi iş üzrə əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmalı idi. Azərbaycan Respublikası İXM-in: - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Həmin maddə ilə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslər yuxarıda qeyd edilən məzmunda izahatlar verərək X9 tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmədiklərini bildirmişlər. İnzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın nümayəndəsi portalda adları qeyd edilən şəxslərin tərəfindən digər statusda deyil, məhz işçi statusu ilə portaldan qeydiyyatdan keçirilməsinə əsaslanmaqla onların işə cəlb edildiyini iddia etsə də, məhkəmə hesab edir ki, bu həmin şəxslərin hələ işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin sübut edilməsi üçün kifayət hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, icazə həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə daxil olmasından öncə alınmalıdır və icazə alındıqdan sonra həmin şəxslərin hər hansı səbəbdən (işə götürənin və işçinin müqavilə bağlamaqdan imtina etməsi və ya onların iradəsindən asılı olmayan bu və ya digər səbəblərdən) həmin ərazilərə getməməsi və ya getsə də hər hansı səbəbdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi istisna edilmir. Yəni, müvafiq icazənin alınması gələcəkdə həmin şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini yalnız ehtimal etməyə kifayət edə bilər. Ehtimal əsasında isə hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi və ya barəsində tənbeh tətbiq edilməsi yolverilməzdir. Hüquqda ümumi qəbul edilmiş prinsip və normalara əsasən hər hansı şəxsin əməlində inzibati xəta və ya digər hüquq pozuntusunun olmasını sübuta yetimə vəzifəsi müvafiq araşdırmanı aparan orqanın üzərinə üzərinə düşür. Sübut etmə dedikdə isə iş üzrə toplanmış sübutların elə məcmusu başa düşülür ki, onların birgə təhlili yekun və təkzib olunmaz nəticəyə gəlinməsi üçün kifayət etsin. İş üzrə gəlinmiş yekun qənaət isə ehtimal və fərziyyətlərə əsaslana bilməz. İndiki halda X12 Xidməti müvafiq icazə alındıqdan sonra həmin şəxslərin (icazənin alınması vaxtına münasibətdə gələcəkdə) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini iddia etməklə, əlavə heç bir sübut əldə etmədən ehtimal və fərziyyətlər əsasında inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, konkret fakt sübuta yetrilmədən, şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll edilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə göstərilən halları, qanunvericiliyin tələblərini, o cümlədən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında göstərilən mövqeyi nəzərə alaraq apardığı təkrar məhkəmə araşdırmasına əsasən hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar