Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1042/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 müdafiəçisi Vəkil Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 08.04.2022-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 08.04.2022-ci il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək, inzibati tənbehvermə haqqında qərarın qanunsuz hesab edilməsinə dair qərar qəbul etməklə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 müdafiəçisi Vəkil şikayəti onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən X1 barsində guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əsas göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzildə 24 mart 2022-ci il tarixdə artırma işləri aparan zaman guya bir ədəd ağacı kəsmişdir və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3-cü maddəsini pozmuşdur və bu əsasla da X4 barəsində 30 mart 2022.-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin protokol və qərarı tamamilə əsassız və qeyri-obyektivdir. İnzibati xəta haqqında protokol və qərar maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməklə qəbul edilmişdir. İnzibati icraatı həyata keçirən tərəf öz mülahizələri və ehtimalları əsasında X2 hansısa ağacı kəsməkdə ittiham edir və bu əsaslandırılmayan, izahsız və qanunvericiliyin tələblərinə zidd ehtimallar əsasında onu cərimə edirlər. Yoxlama keçirən orqanın əməkdaşları qərəzli mövqe tutmuş, inzibati xəta tərkibini formal əsaslarla əsaslandırmışdır. Hazırki halda fərz edilsə ki, inzibati xəta bu yoxlama zamanı həqiqətən də müəyyən olunub, bu halda belə tərtib edilmiş protokol və qəbul edilmiş qərar qanunsuz hesab edilməlidir. Hazırki inzibati cərimə qərarında göstərilir ki, guya X4 qeyd olunan inzibati xətanı 24.03.2022-ci il tarixində etmişdir, elədirsə bəs niyə qanunvericiliyin prosessual tələbinə əməl edərək barəsində dərhal protokol tərtib etməyiblər? Barəsində 30.03.2022-ci il tarixində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş orqanın əməkdaşları barəsində inzibati icraat aparılmış şəxsi protokola baxılaraq müvafiq əqrar qəbul edilməsi üçün müvafiq olaraq vaxt və yer bildirməklə inzibati orqana dəvət etməkdənsə, inzibati araşdırma aparmaqdansa 08 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmədən 3 gün əvvəlcədən artıq onu təqsirli bilərək onun təbiətə 720 manat ziyan vurmağına dair iddia tələbi irəli sürmüşlər. Görüntülərdən həmin tarixdə orada heç ağac olmadığı görsənir. İşdəki şəkillərin həmin yerdə çəkildiyini sübuta yetirən heç nə yoxdur. Protokol 10 gün sonra tərtib edilmişdir. Ağacı kəsənin X4 olduğu da sübuta yetirilmir. Ehtimallar əsaslanaraq qərar qəbul edilmişdir. Ona görə də məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 30 mart 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 08 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın qanunsuz hesab edilməsinə dair qərar qəbul etməklə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində 08.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2200 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, bina 6/11, mənzil 2nin mülkiyyətçisi binanın arxasında 24.03.2022-ci il tarixdə mənzilə artırma işləri aparmış, abadlaşdırma işləri zamanı bir ədəd sərv ağacını kəsmişdir. Protokol hadisə zamanı tərtib olunmuşdur. Özünə telefon ilə məlumat verilmişdir. Buna görə də şikayətin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan 08.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, bina 6/11, mənzil 2nin mülkiyyətçisi binanın arxasında 24.03.2022-ci il tarixdə mənzilə artırma işləri aparmış, abadlaşdırma işləri zamanı bir ədəd sərv ağacını kəsdiyindən X4 2200 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən də həmin ərazidə ağacın kəsildiyi öz təsdiqini tapmışdır. İş materiallarında olan 4 X5 və Təbii Sərvətlər İdarəsinin 30.03.2022-ci il tarixli 66549 saylı aktından görünür ki, idarəni 18 mart 2022-ci il tarixli 28 nömrəli sərəncamına əsasən ətraf mühitin mühafizəsi haqqında, Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunlarına və ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun Sumqayıt şəhəri xidməti ərazilərdə monitorinq aparılmışdır. Monitorinq işləri aparılarkən 24 mart 2022-ci il tarixində Sumqayıt şəhəri, 36-cı məhəllə, Bakı küçəsi, 6/11-ci mənzil, binanın 2 nömrəli mənzilinin arxa pəncərəsi sökülərkən yaşıllıq əraziyə tərəf artırma işləri aparılmış, bir qədər aralıda köküstə yaş halda bir ədəd 12 sm diametrli sərv ağacı tikinti-abadlaşdırma məqsədi ilə kök boğazından kəsilərək məhv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə-fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində tərtib edilmiş 08.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 08.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1042/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1042/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver