Məhkəmə qərarları › İş №3(060)-1042/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1042/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1042/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 389-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMC dövlət qeydiyyatına xx.xx.2022-ci il tarixdə alınsa da xx.xx.2024-cü il tarixiə qədər heç bir rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcıda təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi X2 protokola uyğun izahat verərək bildirdi ki, hər ayın 15-i vergi orqanlarından idarəyə rəsmi statikstia hesabatları təqdim etməyən orqanlar barədə məlumat daxil olur, daxil olmuş məlumat əsasında fəaliyyətdə olan hüquqi şəxsin rəsmi statistika hesabatlarını təqdim etməmə faktı aşkar edildikdən sonra protokol tərtib edilir. Bildirir ki, hər bir hüquqi şəxs qeydiyyata alındıqdan qısa müddət sonra İdarə ilə müqavilə bağlamalı, məlumatları statistika orqanlarına təqdim etməlidir. Belə ki, rəsmi statistik hesabatların təqdim edilməsi barədə hüquqi şəxslərə məktub göndərilir, zəruri hallarda əməkdaşlar tərəfindən zəng olunaraq əlaqə saxlanılır, hesabatların verilməsi tələb edilir. Belə ki, 29 noyabr 2022-ci il tarixdə Şəxs MMC-nin rəhbərliyinə statistik hesabatların İdarəyə təqdim edilməsi barədə məktub göndərilsə də, həmin məktub sadə poçt zərfi ilə göndərildiyindən çatması barədə onlarda hər hansı məlumat yoxdur. Bundan başqa bildirir ki, sənədləri sadə poçt zərfi ilə göndərdikdə ünvana çatdırılmadıqda həmin zərf geri qaytarılır. Lakin hazırkı işlə bağlı zərf geri qaytarılmamışdır. Sumqayıt Şəhər Statistika İdarəsi ilə Şəxs MMC arasında 15 may 2024-cü il tarixdə rəsmi statistika hesabatlarının dövlət statistika orqanlarına təqdim edilməsi ilə bağlı müqavilə bağlandığını təsdiq edir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ona ünvanlanmış suallara cavab olaraq Elnur Məmmədov bildirmişdir ki, protokolda qeyd olunan “Azcomp Elektroniks MMC-nin nümayəndəsi izahat verməkdən imtina etmişdir” qeydi ilə bağlı onda hər hansı məlumat yoxdur. Hüquqi şəxsin məhz hansı əməkdaşının izahat verməkdən imtina etdiyindən məlumatlı deyil və bu idarə əməkdaşı tərəfindən aktlaşdırılmamış, bu halı təsdiq edəcək hər hansı sübutu yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru Nümayəndə bildirdi ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. MMC-nin hüquqi ünvanı qardaşının yaşadığı ünvandır, hazırda orada yaşayış var, bütün məktublar onlara çatır. Lakin Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən ünvanlarına heç bir məktub göndərilməmişdir. Belə ki, məhz 2024-cü ilin may ayının 15-də onlara rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı müqavilə bağlanmalı olduğu bildirilmiş, o dərhal bu işlə məşğul olmağı mühasibinə tapşırmış, sonuncu isə Sumqayıt Şəhər Statistika İdarəsinin əməkdaşı Lamiyə adlı xanımla danışaraq, zəruri sənədləri təqdim etmiş və müqavilə bağlamışlar. Bildirir ki, o, heç bir rəsmi statikstia hesabatın təqdim edilməsindən yayınmamışdır. Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən onlara hər hansı müqavilənin bağlanması ilə bağlı təklif irəli sürülməmiş, bu təklif yalnız 2024-cü ilin may ayının 15-də irəli sürülmüş, həmin gündə müqavilə bağlamışlar. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq iş materialında olan 29 noyabr 2022-ci il tarixli məktubdan məlumatlı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Şəxs MMC xx.xx.2022-ci il tarixdə 2 saylı Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. 29 noyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindın Şəxs MMCnin rəhbərliyinə rəsmi statikstia hesabatlarının təqdim edilməsi ilə bağlı məktub göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 924 saylı “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi haqqında” müqavilədən görünür ki, Sumqayıt Şəhər Statistika İdarəsi ilə Şəxs MMC arasında rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi Elnur Məmmədovu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin qəsdi rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcıda təqdim etməmək olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs MMC-nin İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinməsi üçün yetərli deyildir. Belə ki, İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Avropa İnsan Hüquqları məhkəməsinin “Cəfərzadə Azərbaycana Qarşı” işi üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, yerli məhkəmələr işin mahiyyətinə baxmazdan əvvəl bildirişin verilməsində olan hər hansı çatışmazlığı müəyyən etməlidir. Hazırkı işdən görünür ki, Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə 29 noyabr 2022-ci il tarixdə rəsmi statikstia hesabatlarının təqdim edilməsi barədə xəbərdarlıq məktubu iş materiallarına əlavə edilsə də, həmin məktubun (bildiriş) Şəxs MMC-nin rəhbərliyinə çatdırılmasını təsdiq edən xəbərnamə materiala əlavə edilməmiş və ya məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə iclasında xx.xx.2022-ci il tarixli məktubun Şəxs MMC-nin rəhbərliyinə çatdırılmadığı, araşdırılma aparılacağından sonuncunun məlumatlı olmadığı müəyyən edilmişdir. Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi Elnur Məmmədov məktubun sadə zərflə göndərildiyini bildirmişdir. Göründüyü kimi İdarə tərəfindən İXM-nin 57.1-ci maddəsinin tələblərini pozulmuş, araşdırma aparılan Şəxs MMC-nin rəhbərliyinin iştirakı təmin edilməmiş, protokolda Şəxs MMC-nin nümayəndəsinin protokolu imza etməkdən imtina etməsi qeyd olunsa da bu faktı təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyi ilə rəsmi statikstia hesabatlarının təqdim edilməsi ilə bağlı 15 may 2024-cü il tarixdə əlaqə saxlanılmış, elə həmin tarixdə tərəflər arasında müqavilə bağlanılmışdır. Bu faktı məhkəmə iclasında İdarənin nümayəndəsi Elnur Məmmədov da təsdiq etmişdir. İXM-nin 75.0.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardan biri də inzibati xəta törətməkdə şəxsin təqsiri məsələsidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin təqsiri sübuta yetirilmir, onlara müqavilə bağlanılması barədə İnzibati orqan tərəfindən məlumat verilməmiş, əksinə məlumat verilən gündə də MMC-nin təşəbbüsü ilə rəsmi statikstia hesabatlarının təqdim edilməsi ilə bağlı müqavilə imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətlərində qəsdən və ya hətta ehtiyatsızlıqdan törədilmiş hər hansı bir inzibati xəta tərkibinin əlamətləri yoxdur. Belə ki, hüquqi şəxsin araşdırmadan məlumatı olmamış, məlumatları olduğu andan sonra dərhal müvafiq hesabatların təqdim edilməsi barədə idarə ilə aralarında müqavilə bağlanmışdır. Məhkəmə tərəqfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, “Şəxs MMC-nin əməlində İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar