Məhkəmə qərarları › İş №3(060)-1050/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1050/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1050/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 27043699 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ 27043699 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Mahir Hacıvəliyev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mahir Hacıvəliyev şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində şəxsi kabinetinə inzibati xəta haqqında EQ 27043699 saylı protokol daxil olmuşdur. Protokol İXM-nin 346.5 nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə tərtib olunmuşdur. Tərtib olunmuş protokola əlavə olunan şəkillərdən də aydın şəkildə görünür ki, avtomobil hərəkət hissəsinin kəsişməsindən 5 metrdən artıq məsafədə durub və hərəkət iştirakçılarına heç bir maneə yaratmır. Bundan əlavə protokol tərtib olunarkən “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.1. bəndinin (Dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydalan, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür.) tələbləri kobud surətdə pozulmuşdur. Protokola əlavə olunan foto şəkillərdə avtomobilin dövlət qeydiyyat nişanı aydın deyil və bu səbəbdən də müvafiq eyniləşdirmə aparmaq mümkün deyil. Ona DİN BDYP tərəfindən yazılmış olan bu protokolla bağlı xx.xx.2025-ci il tarixində elektron qaydada Hökümət Portalı vasitəsi ilə şikayət etmişdir. Şikayəti ilə bağlı Sumqayıt Dövlət Yol Polisi İdarəsinə dəvət olunmuş və qərarın kağız daşıyıcısı ilə təmin olunmuşdur. Şikayətlə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Göstərilən hallar nəzərə alınmaqla, BDYP tərəfindən qəbul edilmiş EQ 27043699 nömrəli inzibati tənbeh vermə haqqında qərarın hüquqi əsaslardan kənar olması və heç bir əsaslı sübut olmaması səbəbindən ləğv olunmasını xahiş edir. Hüquqlarının pozulmasının qarşısının alınması və ədalətin bərpa olunması məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və barəsində çıxarılan qərardan şikayət vermiş şəxs Mahir Hacıvəliyev məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Fotoşəkillərdən görünür ki, “MİTSUBİSHİ AİRTREK” minik markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobil hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda park edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə Mahir Hacıvəliyevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə Mahir Hacıvəliyevin ərizəsində qeyd edilənlərə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə məhkəməyə ərizə ilə müraciət etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkildən “MİTSUBİSHİ AİRTREK” minik markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobilin həqiqətən də hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda park edildiyi müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin 4-cü bəndinə əsasən ) 1.1— 1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin dayanması və ya durması qadağandır. Həmin Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə görə Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Məhkəmə qeyd edir ki, həmin vaxt Mahir Hacıvəliyevin avtomobilinin yolun hərəkət hissəsində məcburi dayanması üçün qanunda göstərilən hər hansı əsas olmamış, bu barədə təsdiqləyici sübut məhkəməyə təqdim edilməmiş, fotoşəkildən bu hal müşahidə edilməmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Mahir Hacıvəliyevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 27043699 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qayda pozuntusunun əks olunduğu fotoşəkil iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar