Məhkəmə qərarları › İş №3(060)-1054/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1054/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1054/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib edən orqanın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, “X7” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X12 və Təbii Sərvətlər idarəsi tərəfindən “X7” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən “X7” QSC tərəfindən Sumqayıt şəhəri ərazisində ətraf mühitə atılmış zərərli maddələrin miqdarı yol veriləbilən normadan artıq olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X12 və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə idarəyə vətəndaş müraciəti daxil olmuşdur. Həmin müraciətə səbəb Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində qara tüstünün yaranması və iy-qoxunun narahat etməsi olmuşdur. xx.xx.2025-ci il tarixdə bu müraciət əsasında X14 Monitorinq İdarəsinə müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixdə X14 Monitorinq İdarəsi tərəfindən İdarənin mütəxəssisinin iştirakı ilə ölçmə işləri aparılmışdır. Həmin araşdırma nəticəsində atmosfer havasına atılan zərərli qaz qarışıqlarını müəyyən etmək məqsədi ilə analiz-ölçmə işləri aparılmış, nəticələrə əsasən qaz qarışıqlarının ətraf mühit üçün yol verilən normadan artıq olduğu müəyyən edilmişdir. Qeyd olunan qanun pozuntusu ilə bağlı idarədə inzibati araşdırma başlanması ilə bağlı hüquqi şəxsin hüquqi ünvanına rəsmi qaydada bildiriş də göndərilmişdir. Bildirişin ünvana çatmasına baxmayaraq, lakin qarşı tərəfin nümayəndəsi iştirak etməmişdir. Daha sonra qarşı tərəfin iştirakı olmadan xx.xx.2025-ci il tarixdə “X7” Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilən halları nəzərə alaraq “X7” QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qeyd edilən ərazidə ölçmə işləri bir dəfə aparılmış, hüquqi şəxsə icazə verilən illik normanın həddinin ölçmə işi aparılan zaman göstərilən norma ilə müqayisəsinin necə aparılması barədə məlumatının olmadığını, hüquqi şəxsin fəaliyyət göstərdiyi ərazidə dəm qazının 5 mq-dan artıq olduğunu, ölçmə cihazı 5 mq-dan artıq göstərirsə pozuntu olduğunu bildirmişdir. Bundan başqa, barəsində icraat aparılan hüquqi şəxsin istifadəsində təmizləyici qurğunun olması barədə idarədə məlumat olmadığını, ölçmə işlərini apararkən çəkilmiş fotoşəklin daha aydın surətinin olmadığını, aparılan monitorinqin səyyar və ya stasionar qaydada aparılması ilə bağlı məlumatı olmadığını, monitorinqin bir dəfə ölçmə aparılmaqla keçirildiyini, hüquqi şəxsin ünvanında təmizləyici qurğulara baxış keçirilməsi ilə bağlı yerli baxışa getməyə ehtiyac olmadığını qeyd etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, qanun pozuntusu ilə bağlı idarədə inzibati araşdırma başlanması ilə bağlı rəsmi qaydada bildiriş ünvana gəlib çatmamışdır. Yoxlamadan məlumatları olmamışdır. Onun nümayəndəsi olduğu hüquqi şəxsə 2023-cü ilin ekoloji yoxlamaları nəticələrinə əsasən mükafat təqdim edilmişdir. Sözügedən ərazidə çoxlu təkərlər yığılıb qalmışdır, hüquqi şəxs də təkərlərin utilizasiyanı həyata keçirir. Müəssisədə reaktorun içərisində 200 dərəcədən çox istilik olduqda təkərlər yanır, oradan neft, qaz, metal və kömür alınır. Həmin ərazi istehsalat sahəsi, zavodların və müəssisələrin yerləşdiyi ərazidir. Oradan onsuzda üfunət iyi gəlir. Bütün zərərli faktorların ölçməsi aparılır, sonuncu dəfə ölçmə 2023-cü ildə aparılmışdır. Bundan başqa, monitoriq aparılarkən ölçmə müəssisənin yanında qapısı açıq olan ərazidə aparılmışdır. Lakin, monitoriq 100 metrdən aralı məsafədə keçirilməli idi. Belə ki, hüquqi şəxs 4-cü kateqoriyalı ekoloji təhlükəlilik sinfinə aiddir. Bu cür müəssisələr üçün isə sanitar mühafisə zonası 100 metrdir. Sanitar mühafizə zonası 100 metrdirsə, norma da ona uyğundur. Müəssisədə su tərkibli xüsusi təmizləyici qurğu var. Yanar qaz onun içərisində soyudulur, həmin qurğudan yalnız su buxar halına çevrilərək havaya buraxılır. Qeyd edilən təmizləyici qurğunun sayı 5 ədəddir. Həmin qurğu vasitəsilə ətrafa tullantıların normadan artıq atılmasının qarşısı alınır. Dövlət tərəfindən hüquqi şəxsə ekoloji pasport verilmiş və həmin pasportda havaya atılan zərərli maddələrin həcminə dair limit müəyyən edilmişdir. Qeyd edilən tullantılara görə hüquqi şəxs rüsum ödəyir. Bundan başqa, “X7” QSC-nin ətrafında bir sıra başqa müəssisələr də mövcuddur, zibil yığını olan ərazi də vardır ki, həmin ərazidə zibillər demək olar hər gün yandırılır. Qeyd edilən xüsusatlar nəzərə alınmadan müəssisənin sanitar mühafizə zonasında ölçmə işləri aparılmaqla, nümayəndəsi olduğu hüquqi şəxsin barəsində protokolun tərtib edilməsi qanunamüvafiq deyildir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. İdarəyə vətəndaş müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında sözügedən əraziyə baxış keçirilmiş, vətəndaşın izahatı alınmışdır. İzahat alınandan sonra prosedur qaydasına uyğun olaraq X14 Monitorinq İdarəsinə müraciət olunmuşdur, hansı ki, ölçmələr həmin idarə tərəfindən aparılır. “X7” QSC –nin nümayəndələri də ölçmə işləri aparılan zaman iştirak etmişlər. Direktor kimi təqdim edilən Çingiz müəllim də iştirak etmişdir. Qeyd olunan qanun pozuntusu ilə bağlı idarədə inzibati araşdırma başlanması ilə bağlı hüquqi şəxsin hüquqi ünvanına rəsmi qaydada bildiriş də göndərilmiş, daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. “X7” QSC-də təmizləyici qurğunun olub-olmaması barədə məlumatları yoxdur. Orada “X7” QSC-dən başqa da müəssisə yəqin ki, vardır. Lakin, onlar sırf “X7” QSC-dən şikayətlə bağlı olaraq sözügedən əraziyə getmişdilər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə olan vətəndaş şikayətinin məzmunu iy-qoxunun narahat etməsi ilə bağlı idi. Vətəndaşlarla yerində də görüşəndə evlərində paltarlarının hissə bulanmasını da bildirmişlər. Orada ölçmə əməliyyatı “X14 Monitorinq İdarəsi” tərəfindən aparılmış, həmin ölçmə əməliyyatı aparılan zaman o, da orada iştirak etmişdir. Ölçmə əməliyyatı müəssisədən təxminən 20-25 metr aralı məsafədə aparılmış, ölçmə əməliyyatı onun iştirakı ilə bir dəfə aparılmışdır. Ölçmə əməliyyatı nəticəsində dəm qazı 10 m/qm3 olduğu aşkar edilmişdir, halbuki, bu norma 5 m/qm3-dır. Həmçinin, vətəndaş şikayəti varsa, təmizləyici qurğunun olub-olmamasından asılı olmayaraq ölçmə əməliyyatı aparıldığını, təmizləyici qurğunun olub-olmaması barədə maraqlanmadıqlarını bildirmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X7” QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “X7” QSC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli İnzibati xətalar haqqında işlər üzrə bildirişə əsasən X14 Monitorinq idarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmış, araşdıma müddətində atmosfer havasına atılan zərərli qaz qarışıqlarını müəyyən etmək məqsədi ilə analiz-ölçmə işləri aparılmış, nəticələrə əsasən qaz qarışıqlarının ətraf mühit üçün yol verilən normadan artıq olduğu müəyyən edilmişdir. Qeyd olunan qanun pozuntusu ilə bağlı İdarədə inzibati araşdırma başlanmışdır. Xəbərnaməyə əsasən “X7” QSC-nin hüquqi ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli İnzibati xətalar haqqında işlər üzrə bildiriş “İsmayılova” soyadlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli qərardada əsasən 4 saylı RETSİ-nin rəisi Asif Məcidov tərəfindən araşdırma müddətində “X7” QSC-nin Sumqayıt şəhərində istehsalat sahəsində atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu üçün və inzibati xəta hüquqi şəxs tərəfindən törədildiyindən iş üzrə icraatın başlanılması qərara alınmışdır. 4 X12 və Təbii Sərvətlər İdarəsinin rəisi cənab Asif Məcidova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Sumqayıt şəhər sakini Seyidverdi Seyidverdiyevin “yaşadığı ərazidə yerləşən “X7” QSC adlı müəssisənin fəaliyyəti nəticəsində qara tüstünün yaranması və iy-qoxunun narahat etməsi” ilə bağlı müraciət məktubuna əsasən müəssisənin nümayəndəsi Miryasim Seyidovun iştirakı və 4 X12 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə monitorinq keçirilmişdir. X1 ilə telefon əlaqəsi saxlanılaraq monitorinq araşdırmasında iştirak etməsi üçün dəvət olunmuş, lakin şikayətçi iştirak etməkdən imtina etmişdir. Monitorinq zamanı müəssisənin əsas fəaliyyət növünün istifadəyə yararsız təkərlərin utilizasiyası olduğu müəyyən edilmişdir. Tərəflərindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarını təyin etmək məqsədilə müəssisə fəaliyyətdə olan zaman ətraf ərazilərində ANKAT 64M3-04 səyyar cihazı vasitəsilə ölçməanaliz işləri aparılmış, nəticələrə əsasən CO (dəm qazı)-10.3 mq/m3 (norma: 5 mq/m3), SO2 (kükürd qazı)-0,7 mq/m3 (norma: 0,5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən ekoloji pozuntunun aradan qaldırılması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 Monitorinq İdarəsinin əməkdaşı və 4 X12 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 002967 №li aktda qeyd edilmişdir ki, baxış zamanı müəyyən edilmişdir ki, zavod istifadəyə yararsız təkərlərin utilizasiyası üzrə fəaliyyət östərir. Zavodun fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək üçün ANKAT 64M3-04 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticələrə əsasən CO (dəm qazı)-10.3 mq/m3 (norma: 5 mq/m3), SO2 (kükürd qazı)-0,7 mq/m3 (norma: 0,5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Bu da ətraf-mühit üçün yol verilən həddən artıqdır. Ərazidə iy-qoxu müşahidə olunmuşdur. İş materialına əlavə edilmiş müraciətə əsasən Seyidverdi Seyidverdiyev tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə şikayət daxil olmuşdur. 4 X12 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 89724 nömrəli aktından görünür ki, vətəndaş Seyidverdi Seyidverdiyev tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə daxil olmuş şikayət araşdırılmış, sözügedən “X7” QSC-nin Sumqayıt şəhəri, Sumqayıtçay stansiya ərazisinə baxış keçirilmiş, qeyd edilən hüquqi şəxsin təkrar emal (avtomobil şinləri) müəssisəsinin fəaliyyət göstərdiyi müəyyən edilmiş, ərazidən gələn iy-qoxunun və tüstünün miqdarının vizual yolla müəyyən etmək mümkün olmadığı üçün, ETSN X14 Monitorinq İdarəsinə müraciət ünvanlanmış və XKEMİ tərəfindən xx.xx.2025-ci il tarixdə ərazidə ölçmə işləri aparılmış, müəssisənin ətraf ərazilərində zərərli qazların ətraf mühit üçün yol verilən normadan artıq olduğu müəyyən edilmiş, inzibati işin baxılmasında iştirak etməsi ilə bağlı hüquqi şəxsin hüquqi ünvanı olan ünvan 3vanına xx.xx.2025-ci il tarixdə bildirş məktubu göndərilmiş, lakin, bildiriş məktubu qəbul edilsə də, işin baxılmasında heç bir nümayəndə iştirak etməmişdir. Bununla da, müəssisə tərəfindən “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 13 və 25-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında 4 X12 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş ölçmə vasitələrinin yoxlanması haqqında 171675 nömrəli şəhadətnamədən görünür ki, ölçmə vasitəsinin adı qazanalizator, ölçmə vasitəsinin tipi AHKAM-64M3-04, yoxlama tarixi xx.xx.2024-cü il, növbəti yoxlama tarixi xx.xx.2025-ci ildir. Həmin şəhadətnaməyə əlavə edilmiş OMS K 14552 nömrəli Kalibirləmə sertifikatında kalibrləmə ölçmə vasitəsinin adı qazanalizator, tipi ANKAT-64M3-04 kimi qeyd edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X10 X11 sədri ilə razılaşdırılmış təsdiq edilmiş 2024-cü il tarixli ekoloji pasportun 7-ci səhifəsində göstərilmişdir ki, “X7” QSC 4-cü ekoloji təhlükəlilik sinfinə aiddir. Bu cür müəssisələr üçün sanitar-mühafizə zonasının ölçüsü 100 metrdir. 13-cü səhifədə atmosferə atılan zərərli maddələrin xarakteristikasında hüquqi şəxsə icazə verilən hədd karbon oksidi üzrə il ərzində 24,2 ton, kükürd anhidridi üzrə il ərzində 0,08 ton müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Agentliyinin xx.xx.2025-ci il tarixli Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazəyə dair sənəddən görünür ki, “X7” QSC-yə icazə verilən tullatının miqdarı karbon oksidi (CO) üçün 24,200 ton/il, kükürd anhidridi üçün 0,80 ton/il, his (qurum) 0,040 ton/il, karbohidrogenlər 16,900 ton/il, azot oksidi 0,240 ton/il müəyyən edilmişdir. 4 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş atmosfer havasına atılan zərərli maddələrə dair rəsmi hesabatdan görünür ki, 2024-cü il üçün təmizlənmədən atılmış karbod oksidinin (CO) miqdarı 8,20 ton, kükürd anhidridi (SO2) miqdarı 0,04 ton olmuşdur. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X15.LTD “X7” QSC-ni tullantıların piroliz qurğusunu təchiz etməyi, sonuncu isə həmin avadanlığın əvəzinə 228.146 (iki yüz iyirmi səkkiz min yüz qırx altı) ABŞ dolları məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərdən görünür ki, tullantıların pirolizi qurğuları “X7” QSC-nin Sumqayıt şəhəri, Sumqayıtçay stansiyası ərazisində yerləşən müəssisəsində quraşdırılmışdır. Protokola əlavə edilmiş fotoşəkildə ölçmə cihazının və ölçmə əməliyyatının görüntüsü aydın olmadığından, cihazın tipini müəyyən etmək mümkün olmamış, yalnız qismən CO – 10, yazısını müəyyən etmək mümkün olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs in zibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 81-ci maddəsinin tələblərinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. 100-cü maddəsinin tələblərinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 10.8-ci maddəsinə əsasən Ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istismarı qadağandır. “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə əsasən, ətraf mühitin monitorinqi- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir: stasionar müşahidə məntəqələri sistematik və uzun müddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur; səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur; məşəlaltı postlar tüstü və qaz məşəlləri altında birdəfəlik müşahidələr aparmaq üçün nəzərdə tutulur. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla aşağıdakı qaydada təşkil olunur: - əhalinin sayı - 50 minə qədər olduqda, 1 məntəqə - 50-100 min olduqda, 2 məntəqə - 100-200 min olduqda, 2-3 məntəqə - 200-500 min olduqda, 3-5 məntəqə - 0,5-1,0 mln. olduqda, 5-10 məntəqə - 1,0-2,0 mln. olduqda, 10-15 məntəqə - 2,0 mln. və çox olduqda, 15-20 məntəqə Sumqayıt şəhərində əhalinin sayının 500-dən çox olduğunu, müşahidə aparılan ərazinin Sumqayıt şəhərində Kimya Sənayesi ərazisi olduğunu nəzərə alsaq, sözügedən məntəqələrin sayı 5-10 arasında olmalıdır. Göründüyü kimi əməkdaşlar qanununun bu tələbini pozaraq ərazinin müqayisəli monitorinqini təmin etməmişdirlər. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün mütləq şəkildə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması halı sübut ediməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, həmin inzibati xətanın baş verməsini təsdiq edən, sübut edən bu mühüm halı yalnız xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilə bilər. Lakin, inzibati orqan tərəfindən monitorinq aparılarkən istifadə olunan ölçmə vasitəsinin məhkəməyə təqdim edilmiş fotoşəklində həmin ölçmə vasitəsinin adı və ölçmə zamanı cihazın ekranında qeydə alınmış normaların görüntüsü aydın olmadığından məhkəmə tərəfindən həmin normaların pozulmasının hansı cihazla ölçülməsi və ölçmə nəticəsində qeydə alınan norma hədləri dəqiq müəyyən edilməmişdir. Məhkəmə tərəfindən protokol tərtib etmiş orqan 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsindən daha aydın fotoşəklin məhkəməyə təqdim edilməsi barədə müraciət edilsə də, aydın görüntü olan fotoşəkil olmadığı bildirilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, həmin ölçmə əməliyyatı aparılarkən video çəkiliş də qeydə alınmamışdır. Bundan başqa, tədqiq edilmiş iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X12 və Təbii Sərvətlər İdarəsi tərəfindən “X7” Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-nin 233.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, “X7” QSC-yə Sumqayıt şəhəri ərazisində ətraf mühitə atılmış zərərli maddələrin miqdarı yol veriləbilən normadan artıq olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, “X7” QSC tərəfindən pozulması iddia olunan İXM-nin müvafiq normasında ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Amma, sözügedən normanın dispoziyasında qeyd olunanları, yəni “X7” QSC tərəfindən ətraf mühitə hər hansı zərərli maddələrin atılmasını müəyyən etmək üçün aparılan monitorinq müəssisənin sanitar mühafizə zonasında olmaqla -yəni, şahidin bildirdiyinə görə 20-25 metr məsafədə aparılmış, həmçinin, hüquqi şəxs üçün “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə”yə dair sənəddə ona icazə verilən tullantıların həddi nəzərə alınmamış, monitorinq 1 məntəqədə olmaqla “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq aparılmamışdır. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir. İnzibati iş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Agentliyinin xx.xx.2025-ci il tarixli Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazəyə dair sənəddən görünür ki, “X7” QSC-yə icazə verilən tullatının miqdarı karbon oksidi (CO) üçün 24,200 ton/il, kükürd anhidridi üçün 0,80 ton/il, his (qurum) 0,040 ton/il, karbohidrogenlər 16,900 ton/il, azot oksidi 0,240 ton/il müəyyən edilmişdir. Göründüyü kimi barəsində protokol tərtib edilmiş hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş icazə sənədi də mövcud olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı «X7” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X12 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektində yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin qanunun 13.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin qanunun 13.4-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin qanunun 13.5-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın və ya monitorinqin gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların və monitorinqlərin hüquqi nəticəsi yoxdur. Məhkəmə hesab edir ki, həmin yoxlama zamanı toplanmış materiallar “X7” QSC -nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında işolan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsiri sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə “X7” Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X7” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar