Məhkəmə qərarları › İş №3(060)-1056/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1056/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1056/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru X4, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 511.1.3-cü maddələri ilə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* №li inzibati xəta haqqında tərtib olunmuş protokolda Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, həmçinin nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolda isə xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Dədə Qorqud restoranın yanında YPX əməkdaşları tərəfindən saxlanılıb, avtomobili duracağa yerləşdirilməli olduğunu bildiriləndə YPX əməkdaşlarından qaçaraq qanuni tələblərə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi və Sumqayıt şəhər DYP Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-1056/2025 saylı qərardadı ilə Şəxs İXM-nin 334-1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1056/2025 və 3(060)-1057/2025 №-li işlər bir icraatda 3(060)-1056/2025 nömrəsində birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X5 izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 13 radələrində sürücü işıqforun qadağanedici işığında hərərkət etdiyi üçün yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüdən sənədləri tələb edilmiş, lakin sənədlərini təqdim edə bilməmişdir. Sonuncuya avtomobilin avtomobilin duracağa yerləşdiriləcəyi bildirilmiş və sürücü avtomobillə ərazidən uzaqlışmışdır. 15-20 dəqiqə davam edən qovalamadana sonra süni tıxac yaradılaraq Şəxs saxlanılmışdır. Protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru X8 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə sürücü yol hərəkət qaydalarını pozduğuna görə tərəflərindən saxlanılmış, sonuncudan ad, soyadı soruşulan zaman onlara müxtəlif adlar səsləndirilmişdir. Tərəflərindən müəyyən edilmişdir ki, sürücü avtomobili etibarnamə olmadan idarə etmişdir. Daha sonra sürücü onların yanından avtomobillə uzaqlaşmış, dəfələrlə ona saxla əmri verilmiş, sürücü onların qanuni tələblərinə riayət etməyərək hərəkətinə davam etmiş, əks istiqamətli hərəkət yoluna çıxaraq digər sürücülərə təhlükə yaratmış, sonunda suni tıxac yaradılaraq avtomobil saxlanılmışdır. Sürücü avtomobildən enməkdən imtina etmişdir. Bu səbəbdən post partul əməkdaşları çağırılaraq sürücü polis bölməsinə gətirilmişdir. Sürücü tibbi müayinədən keçirildikdən sonra narkotik vasitədən istifadə faktı aşkar edilmişdir. Sürücü avtomobillə hərəkətdə olduğu zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmış və yolun səthində çoxsaylı təkər izlərini buraxmışdır. Protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü İXM-nin 535.1-ci maddəsi tərtib edilmiş protokol üzrə təqsirli bilsə də, digər epizodları etmədiyini bildirmişdir. O, əvvəllər tiryək adlanan narkotik vasitədən istifadə etdiyini, lakin müayinə zamanı aşkar olunan narkotik vasitəni istifadə etmədiyini qeyd edir. Həmçinin sürücülük vəsiqəsi olmadan yüksək sürətlə avtomobil idarə etsə də, təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmamışdır. Polisin bildirdiyi formada piyadalara təhlükə yaradan hərəkət etməmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, sürücü yol hərəkət qaydalarını pozduğuna görə tərəflərindən ona saxla əmri verilərək dayandırılmışdır. İnspektor sürücüyə yaxınlaşıb özünü təqdim edərək sürücüdən özünü təqdim etməsini istəmiş, lakin sonuncu özünü müxtəlif adlı şəxslər kimi təqdim etmişdir. Daha sonra onların yanından sürətlə uzaqlaşmış, sükan arxasında cəmiyyətə qarşı hər cür hörmətsiz hərəkətlərinə yol vermişdir. Sürücü saxlanıldıqdan sonra müayinəyə aparılmış və narkotik vasitədən istifadə faktı aşkar edilmişdir. Sürücü həmçinin hərəkətləri ilə piyadaların həyatı üçün belə təhlükə yaratmışdır. Sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmış və yolun səthində çoxsaylı təkər izlərini buraxmışdır. Məhkəmə iclasında müdafiəçi X7 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin 2 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 511.1.3, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi şahid ifadələri və işdə olan digər sənədlərlə sübuta yetirilir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” xx.xx.2025-ci il tarixli, 2578 saylı aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19.00 radələrində müayinə olunmuş, marixuana və metamfetamin qəbul etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:20-də İXM-nin 535.1-ci maddəsi ilə tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 15:00-da azad edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı və işdə olan digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində yol polis əməkdaşlarına tabesizlik göstərərək qanunsuz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Dədə Qorqud restoranın yaxınlığında idarə etdiyi Renault markalı ** RL *** d.q.n-lı avtomobildə hərəkətdə olan zaman YPX əməkdaşları ona saxla işarəsi verərək saxladılar. Polis əməkdaşlarından saxlanma səbəbini soruşduqda onlar işıqforun qadağan edici siqnalında hərəkət etdiyini bildirmiş, sənədlərini istəmiş, etibarnaməsinin olmadığını bildirmiş, nəqliyyat vasitəsinin duracağa yerləşdiriləcəyini bildikdə oradan avtomobili sürərək qaçmışdır. Onlar arxasıyca saxla əmri versələr də onların qanuni tələbinə məhəl qoymayaraq maşını saxlamamışdır. Daha sonra süni tıxac yaradaraq onu saxlamış və PByə gətirmişlər. İş materiallarına əlavə edilmiş 2 ədəd CD diskdəki görüntülərdən məlum olur ki, Renault markalı ** RL *** d.q.n-lı avtomobil davamlı olaraq kəskin manevrlər edir, qəflətən avtomobili yerindən sürətləndirir, sürücü tərəfindən ictimai qayda və əhalinin dincliyi nümayişkaranə şəkildə pozulur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 511.1.3-cü maddələri ilə birgə həmin Məcəllənin 327.1, 327.3, 332.1, və 332.2-ci maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3, 332.1, və 332.2-ci maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.1, 327.3, 332.1, və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İnzibati Xətalar Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinin sanksiyasında bir il müddətinə məhdudlaşdırma tənbehi nəzərdə tutulmasına baxmayaraq hazırda Pərvin Mahmudova həmin əlavə tənbehin tətbiq edilməsi mümkün deyil. Çünki həmin Məcəllənin 27-ci maddəsində fiziki şəxsə verilmiş hüququn məhdudlaşdırılması tənbehi, fiziki şəxsə verilmiş xüsusi hüquq mövcud olmalıdır. Şəxs isə nəqliyyat vasitəsini idarə etmək hüququ mövcud olmadığından, həmin hüquq məhdudlaşdırıla bilməz. Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək inzibati qaydada tutulduğu üçün təyin edilmiş inzibati həbs müddətindən çıxılmalı, inzibati həbsetmənin əvvəli xx.xx.2025-ci tarixində saat 13.20-dən hesablanmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Həmçinin Vəkil X7 tərəfindən göstərilmiş olduğu 03 (üç) saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar