Məhkəmə qərarları › İş №3(060)-106/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-106/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-106/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 9-cu mkr, Kristal ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Elvin İmanov tərəfindən Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:10 radalərində Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində səs-küy salıb, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamış, nəticədə sonuncu tərəfindən AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda Sumqayıt Şəhər Pİ 1-ci PB-nin polis sahə rəisi polis kapitanı Elvin İmanov Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:10 radalərində Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində səs-küy salaraq ictimai qayda və ictimai asayişi pozaraq xırda xuliqanlıq etmiş, nəticədə sonuncu tərəfindən AR İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR İXM-nin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2024-cü il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Pİ 1-ci PB-nin nümayəndəsi polis sahə rəisi, polis kapitanı Elvin İmanov tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokollarla özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə götürdüyü müştərini Sumqayıt şəhər 17 mkr, İsmət Qayıbov ərazisində məhəllə daxilində düşürtmüş, daha sonra müştəri düşüb getdikdən sonra o, hərəkətə başlamışdır. Mülkiyyət hüququ ilə ona məxsus olan “Toyota Corolla" markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol ayrıcını keçən zaman Honda markalı avtomaşının sürücüsü onun avtomobilinin qabaq bamperini toxunmuşdur. Həmin sürücü avtomaşından yerə düşərək günahın onda olduğunu bildirdiyi üçün o, avtomaşından yerə düşərək təqsirin əksinə həmin sürücüdə olduğunu izah etmiş, sonuncu təqsirin özündə olduğunu anlamış, bundan sonra gələcəkdə sığorta məsələlərində problem olmaması üçün AR DİN 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə YPX əməkdaşı gəlmiş və onlardan hadisənin necə baş verdiyini soruşmuşdur. Bundan sonra yol polis inspektoru təqsirin onda olduğunu bildirmiş, o, yol polis əməkdaşına günahın onda olmadığını, belə olduğu təqdirdə qərarsız protokol tərtib etməsini və protokoldan məhkəməyə şikayət edəcəyini bildirmişdir. Yol polisi inspektoru ona hər iki nəqliyyat vasitəsinin duracağa, sürücülərin isə polis bölməsinə getməli olduğunu bildirərək xidməti avtomaşınına tərəf getmişdir. O, cavab olaraq nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin heç bir hüquqi əsasının olmadığını bildirmişdir. Yol polisi əməkdaşı hadisənin baş vermə sxemini tərtib etdikdən sonra hadisə yerinə post patrul xidməti əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları onu polis bölməsinə aparmaq üçün avto-patrula dəvət etmiş, o da heç bir etiraz etməyərək özü könüllü olaraq avto patrula əyləşmişdir. Hadisə zamanı ətrafda heç kəs olmamış, yalnız digər sürücü və yol polis inspektoru olmuşdur. O, səs-küy salıb söyüş söyməmiş, polis əməkdaşının qanuni tələbinə tabe olmuşdur. Sadəcə olaraq hüquqlarını tələb etmişdir. Onun polis əməkdaşlarına qarşı hörmətsizlik etmək kimi niyəti olmamış, əgər onun davranışları elə qarşılanmışdırsa polis əməkdaşından üzr istəyir. Qeyd olunanların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ-nin YNH inspektoru, polis kapitanı X1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Sumqayıt şəhər 17 mkr, İsmət Qayıbov ərazisində baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması məqsədi ilə oraya yaxınlaşmış, sürücülərə özünü təqdim etmiş, bu zaman ona məlum olmuşdur ki, “Toyota Corolla” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Honda” markalı avtomaşın arasında yol nəqliyyat hadisəsi baş vermişdir. O, sürücülərdən hadisənin baş vermə vəziyətini soruşduqdan sonra günahın “Toyota Corolla” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsündə olduğunu bildirmiş, bu zaman həmin avtomobilin sürücüsü Şəxs öz etirazının kobudca bildirmişdir. Bu zaman ətrafa insanlar yığışaraq onlara baxmışlar. O, həmin gün havanın soyuq olması səbəbi ilə sürücülərin iştirakı ilə yolnəqliyyat hadisəsinin sxemini tərtib etmək üçün onları avto-patrula dəvət etmiş, lakin sürücü Şəxs yenidən etiraz edərək avto-patrula əyləşməyəciyini bildirmişdir. O, sadəcə hava soyuq olduğu üçün onları avtopatrula dəvət etmişdir. O, hadisədə Şəxs günahkar olduğunu izah etsə də, sonuncu qulaq asmamış, öz etirazını davam etdirmişdir. Bundan sonra efir vasitəsi ilə hadisə yerinə post patrul xidməti əməkdaşlarını çağırmış, onlar da hadisə yerinə gələrək Şəxs avto-patrula əyləşdirmək üçün dəvət etmiş, sonuncu isə heç bir müqavimət göstərmədən avtopatrula əyləşmişdir. Hadisə zamanı ətrafda bir neçə insan olmuş və onlara baxmışlar. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ DYPŞ-nin YNH inspektoru, polis kapitanı Əhməd İsmayılov baş vermiş hadisə ilə bağlı 1-ci PB-ə raportla müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:05-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 11:00-da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, sonuncu barəsində AR İXM-nin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, İXM-nin 67.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar. Məhkəmə ittiham tərəfindən şahid qismində məhkəmə iclasında izahat verməsi üçün dəvət edilmiş Əhməd İsmayılovun izahatını sübut kimi qəbul etməklə, şəxsin məsuliyyətə cəlb edilməsi əsası kimi qəbul etmir. Belə ki, Əhməd İsmayılovun işin nəticəsində bilavasitə maraqlı şəxs olduğunu nəzərə alaraq bu nəticəyə gəlir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasına əmin olmağa əsas vermir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabesizlik göstərməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Eyni zamanda məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin YNH inspektoru Əhməd İsmayılov da öz izahatında Şəxs həm ona həm də hadisə yerinə gəlmiş polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyini, qanuni tələbinə tabe olaraq post patrul xidməti avtomobilinə əyləşərək PB-nə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatlara inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar