Məhkəmə qərarları › İş №3(060)-1060/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1060/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1060/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübaruz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisləri Cəlil Qəhrəmanovun, Rüstəm Zahidovun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı vəkil Burosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xətalar haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs tanışı Şəhriyar adlı şəxslə birlikdə xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, Abşeron bağları ərazisində Aynurə Şahsuvarovaya məxsus həyətdən 6 ədəd toyuq oğurlamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə 49-cu məhəllə ərazisində həyət evindən tanışı Şəhriyar Əliyevlə birlikdə 01 ədəd samovarı oğurlamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixə keçən gecə saat 02:00 radələrində tanışı Şəhriyar adlı şəxslə birlikdə Səlim Abbasova məxsus fərdi evin həyətində olan hindən 6 ədəd toyuq oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1058/2023 və 3(060)-1059/2023 №-li işlər bir icraatda 3(060)-1060/2023 nömrə ilə birləşdirilməsi, 3(060)-1058/2023, 3(060)-1059/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Protokolları tərtib etmiş şəxslər Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisləri Cəlil Qəhrəmanov və Rüstəm Zahidov tərtib edilən protokollara uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, maddi vəziyyəti çətin olduğu üçün bu oğurluqları etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixə keçən gecə saat təxminən 02:00 radələrində tanıdığı Şəhriyar ilə birlikdə Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində olarkən orada olan həyət evlərindən birinin həyətinə daxil olmuş və həyətdə olan toyuq hinindən 6 ədəd toyuğu oğurlayıb çıxmışlar. Daha sonra həmin gecə həmin evin yaxınlığında olan digər həyət evinin həyətinə hasardan daxil olub həyətdə olan hindən yenə 6 ədəd toyuğu oğurlamışlar. Həmin toyuqları 2 ədəd ayrı-ayrı kisələrə (meşoq) yığıb oradan uzaqlaşmışlar. Səhər açılanda həmin toyuqları Sumqayıt şəhərində 18-ci mkr tərəfdə olan yarmarkada tanımadıqları şəxslərə ümumilikdə 70 manata satmışlar. Bundan başqa həmin gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında saat təxminən 22:00 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsində, döngədə yerləşən evlərin birinin həyətinə hasardan keçərək həyətdən bir ədəd 7 litrlik samovarı götürmüşlər. Həmin samovarı Saray qəsəbəsi ərazisində 25 manata tanımadıqları yoldan keçən adamlardan birinə satmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Hər 03 zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, onlara dəymiş ziyanın ödənilmədiyini, Şəxs şikayətçi olduqlarını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə hər üç epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 23 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30-da tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi üç inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər Şəhər 1 Saylı vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, hər bir inzibati xətaya görə ayrılıqda 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 28 (iyirmi səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin Həbsdə saxlama müddətinin əvvəli 25 aprel 2023-cü il, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakı̇ m Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar