Məhkəmə qərarları › İş №3(060)-1068/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1068/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1068/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərarın əsasında yazılmış 2500 manat məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 Azərbaycan Respublikası qanunvericiliyi əsasında (VÖEN:**********) fəaliyyət göstərən fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən onun adına MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Protokolda qeyd olunub ki, “Bəyaz" şadlıq sarayında aparılan monitorinq zamanı sarayın mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Protokolda qeyd olunanlar tamamilə yalan və əsassızdır. Çünki mətbəxin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmayıb. Cavabdeh orqan qərəzli şəkildə barəsində protokol tərtib edib və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla o, İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə olunmuşdur. O, ona istinad olunan inzibati xətanı törətməmişdir. İXM-nin 233.1-ci maddəsinin tələbini pozmamışdır. Qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC-nin direktoru Ramin Şıxverdiyev ilə aralarında bağlanmış 29 oktyabr 2018-ci il tarixli müqavilədən görünür ki, “Bəyaz” şadlıq evində hava təmizləyici hidrofilterlər və aksesuarların quraşdırılması razılıq əldə edilmiş və işlək halda sifarişçiyə təhvil verilməsi xidmətinə 1 il müddətinə zəmanət verilmişdir. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə onu protokolda göstərməyiblər. Həmçinin onun iştirakını təmin etməyiblər. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Həmçinin protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri kobud şəkildə pozularaq onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Həmçinin hal-hazırki dövrədək şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət edir. Həmçinin qeyd edir ki, cavabdeh orqan 2021-ci ildə də onun barəsində eyni qərar qəbul etmişdir və o, həmin qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdi və məhkəmənin qərarı ilə həmin qərar ləğv olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərarın əsasında yazılmış 2500 manat məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2023-cü ilin mart ayı ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təmiz hava aylığı tədbirlər planı hazırlanmışdır və bunun əsasında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən bütün ictimai iaşə obyektlərində monitorinqlər keçirilmişdir ki, bu zaman 5 şadlıq evi və digər ictimai iaşə obyektləri barəsində protokol tərtib edilmişdir. “Bəyaz Saray” şadlıq evində keçirilən monitorinq zamanı 18 mart 2023-cü il tarixində 000448 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, monitorinq zamanı məlum oldu ki, şadlıq sarayında qaz-toz tutucu qurğu quraşdırılmış, lakin qurğudakı filtrlərin vaxtlıvaxtında təmizlənmə işləri aparılmamışdır. Həmin qazın miqdarını müəyyən etmək məqsədi ilə şadlıq sarayının arxa tərəfində qurğunun yaxınlığında təxminən 3 metr məsafədə ölçmə işləri aparılmışdır. Ölçmə cihazının kalibrlənmə müddəti xx.xx.2023-cü il tarixdədir, bu da cihazın həmin müddətədək işlək vəziyyətdə olmasını müəyyən edir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər hansı qərarı ləğv edilməmiş, 2022-ci ilin dekabr ayında tərtib edilmiş protokol isə məhz prosessual əsaslara görə ləğv edilmişdir. İnzibati xətanın törədildiyi yerdə fotoşəkillər də çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Fotoşəkildə görünən İsmayilov Abış adlı şəxs də X1 etibarnamə üzrə nümayəndəsidir. O, akt tərtibində iştirak etsə də aktı imzalamaqdan imtina etmişdir. “Bəyaz Saray” şadlıq sarayının sahibi X5 inzibati araşdırma müddətində inzibati orqana dəvət olunmuş, lakin inzibati araşdırmada iştirak etməmiş, aktla, inzibati protokolla tanış olmamışdır, filtr olduğu halda onun sertifikatı, quraşdırılması, müqaviləsi, təmizlik aktı, hansı müddətlərdə təmizlənməsi barədə hər hansı bir sənədləşmə təqdim etməmişdir. Odur ki, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini xahiş edir. Qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsində yazılanları təsdiq edərək bildirdi ki, iş materiallarında olan sənədlərlə tanış olmuşdur. Hesab edir ki, inzibati orqan tərəfindən ölçmə cihazının sertifikasiyadan keçməsi barədə sübut təqdim edilməmişdir. Abış İsmayilov şəxsən tanıdığı üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının çəkdikləri fotoşəkilləşdə onun olmasına hər hansı şübhə yoxdur, lakin fotoşəkillərin məhz həmin tarixdə, həmin ərazidə çəkilməsi də müəyyən deyildir. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. İş materiallarından görünür ki, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmiş və 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 79147 saylı, 05 aprel 2023-cü il tarixli aktdan görünür ki, 05 aprel 2023-cü il tarixdə 4 saylı Regional ETS İdarəsinin məsləhətçi müfəttişi S.Məmmədovun, b/məsləhətçi müfəttiş A.Abdullayevin və “Bəyaz” şadlıq evinin sahibi Kəmalə Əsədovanın iştirakları ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən “Bəyaz” şadlıq evində yoxlama aparılaraq akt tərtib olunmuş, Kəmalə Əsədova akta imza etməkdən və bir nüsxəsini almaqdan imtina etmişdir. Yoxlama zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X1 adına Sumqayıt şəhəri, 10-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, “Bəyaz” şadlıq evinə inzibati araşdırma aparılması ilə bağlı bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə bildiriş Abış İsmayılov tərəfindən qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 aprel 2023cü il tarixli, MN ******* saylı qərar icra olunmaq üçün xx.xx.2023-cü il tarixdə X1 adına Sumqayıt şəhəri, 10-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, “Bəyaz” şadlıq evinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Sirac adlı işçi tərəfindən qəbul edilmişdir. İş materiallarından görünür ki, X5 tərəfindən 7E-9173 reyestrli, xx.xx.2019-cu il tarixli etibarnamə ilə özünə məxsus VÖEN-dən istifadə etmək, “Bəyaz Saray” şadlıq evinin bütün sənədləşmə işlərini müvafiq orqanlarda aparmaq və digər səlahiyyətlər X3 verilmişdir. İş materiallarında olan kalibrləmə sertifikatının surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsinin sifarişi ilə Ankat-64M3-03 tipli qaz analizatorunun xx.xx.2022-ci il tarixdə kalibrləməsi aparılmış və növbəti kalibrləmə tarixi xx.xx.2023 qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Həmin Qanunun 42-ci maddəsinə əsasən sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin istismarı və meliorasiya işlərində ətraf mühitin çirklənməsini qarşısını alan təmizləyici qurğular və sanitariya-mühafizə zonaları, ekoloji əsaslandırılmış texnologiyalar və müəyyən edilmiş ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Onlar tullantıların və maddələrin qalıqlarının tullantılarının təmizlənməsi, zərərsizləşdiriləsi və istifadə edilməsi üçün səmərəli vasitələrlə təchiz edilməli, təhlükəsiz yanacaq növlərini tətbiq etməli, təbii resursları qənaətlə və səmərəli istifadə etməli və ekoloji təhlükəsizlik üzrə tədbirlər görülməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Beləliklə, iş materiallarını araşdıraraq qərardan şikayət vermiş şəxsin və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyərək məhkəmə belə nəticəyə gəlir ki, X1 barəsində qəbul olunmuş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Şikayət verən şəxs tərəfindən şikayətin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, X5 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 14 aprel 2023cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə qəbul olunmuş 14 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar