Məhkəmə qərarları › İş №3(060)-107/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-107/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-107/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Suqmayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 8ci mik., ev 1/21, mənzil 36-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixli MN1746399 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6879/2022 saylı icra sənədləri üzrsüz səbəbdən yerinə yetirilmir. İcra sənədi üzrə borclunun 2000 manat aliment borcu mövcuddur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6879/2022 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pulməbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməlidir. Şəxs ödənişləri etməmiş, nəticədə borc yaranmışdır. Məhkəmə qərarını qərəzli şəkildə icra etmədiyi üçün Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs indiyədən olan ümumi aliment borcu üzrə 3000 manat təşkil edir, bundan hissə-hissə olmaqla ümumilikdə 1000 manat ödəniş edilmiş, 2000 manat isə ödənilməmişdir. Həmçinin bildirmişdir ki, Şəxs sonuncu dəfə 2023-cü ilin iyul ayında icra idarəsində izahat yazaraq söz vermişdir ki, hər ay 300 manat ödəniş edəcək ki, keçmiş borcları da silinsin. Lakin, bundan sonra icraya gəlməkdən yayınmış və axtarış qərarı ilə icraya gətirilməsi təmin edilmişdir. Borclu həmin vaxtdan indiyə kimi cəmi 220 manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, işsiz olduğu üçün alimenti ödəyə bilməmiş, bu zaman onun atası ödənişlər etmişdir. Bu ay 220 manat ödəniş etmişdir. Həmçinin 2023-cü ilin noyabr və dekabr ayları üzrə də atası tərəfindən tələbkara kart vasitəsi ilə ödənişlər olmuşdur. Hazırda 2000 manata yaxın aliment borcunun olmasını etiraf edir və ödəniş edəcəyinə söz verir. Uzun müddət işsiz olmuş və indi yeni işə düzəlmişdir. Hazırda ödəniş edə bilmir, lakin yaxın vaxtlardan başlayaraq hər ay 300 manat ödəniş edəcək. Ona görə də iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hər ay 200 manat aylıq aliment və 100 manat isə yaranmış börcdan cəmi 300 manat ödəyə bilər. İcraya gəlməkdən yayınmamışdır. Sadəcə mobil nömrəsi olmadığı üçün icra məmurunun çağırışından xəbərsiz olmuşdur. B gün də polis əməkdaşının xəbəri ilə özü icraya gəlmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu qərəzli olaraq alimenti ödəmir. Borclunun valideynləri arada ödəniş edib və uşağa paltar alıblar. Bu xərcləri o aliment borcundan sildirib. Borclu hər dəfə icra şöbəsinə gəlib izahat yazaraq ödəniş edəcəyini bildirmiş, iki dəfə borcluya güzəşt edərək vaxt vermişdir, lakin borclu vədinə əməl etməmişdir. Ona görə də borclu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs maddi imkanı yol verdiyi həddə ödənişlər edir və yayınmır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-6879/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pulməbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməlidir. İş materiallarında olan izahatların surətlərindən görünür ki, Şəxs müxtəlif tarixlərdə daha öncə iki dəfə icra idarəsində izahat yazaraq alimneti ödəyəcəyini, hər ay azı 300 manat ödəniş edəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini qərəzli olaraq icra etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Belə ki, işin hallarından da göründüyü kimi Şəxs bir ildən artıq müddətdə yığılmış aliment borcuna münasibətdə az ödəniş etmiş, ümumi aliment borcunun yarısından da az ödəniş həyata keçirmiş, həmçinin icra məmurunun çağırışlarına gəlməmiş, axtarış qərarı əsasında onun icraya gətirilməsi mümkün olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 11 yanvar 2024-cü il tarixdən, saat 14:50-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar