Məhkəmə qərarları › İş №3(060)-1071/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1071/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1071/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Aqil Quliyevin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 18 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 2-ci məhəllə, Səməd Vurğun küçəsi, ev 102-nin 1-ci mərtəbəsində yerləşən Şəxs ASC-nin Sumqayıt filialında keçirilən planlı YTM zamanı YTQ № 01-2001, bənd 4.1-4.17 tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞnin inspektoru Aqil Quliyev tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Aqil Quliyev məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, 11 aprel 2023-cü il tarixdə tərəfindən "xxxx" ASC-də yoxlama aparılan zaman binanın pəncərəsində dəmir barmaqcıqların quraşdırılması və ərazinin səliqəsiz saxlanılması faktı aşkar edilmişdir. Banklar tərəfindən quraşdırılmış dəmir barmaqcıqlar isə açılıb-bağlanan şəkildə olmalıdır. Lakin Şəxs ASC-də olan həmin dəmir barmaqcıqlar qeyd olunan formada olmamışdır. Onlar Ədliyyə Nazirliyi tərəfindən verilmiş çıxarış və tərəflərindən qəbul edilmiş “Yanğın-Texniki müayinənin aparılması haqqında” qərar əsasında Şəxs ASC-də yoxlama aparmışlar. Həmin çıxarış və qərar qanunvericiliyin tələblərinə əsasən beş iş günü ərzində yoxlama aparılan hüquqi şəxsə təqdim olunsa da, onlardan asılı olmayan səbəblərdən Ədliyyə Nazirliyindən çıxarış 10 aprel 2023-cü il tarixdə onlara təqdim olunmuş, yoxlamanın müddəti 11 aprel-18 aprel 2023-cü il tarixləri əhatə etdiyindən sözügüdən qərar yalnız yoxlama aparılan gün təqdim olunmuşdur. Həmin qərar "xxxx" ASC-nin nümayəndəsinə təqdim edilsə də, bu proses şifahi qaydada həyata keçirildiyindən bu faktı təsdiq edəcək sənəd mövcud deyildir. Yoxlama aparılan zaman nöqsanlar 11 aprel 2023-cü il tarixdə aşkar edilmiş, 18 aprel 2023-cü ilədək Şəxs ASC-nə vaxt verilsə də qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Pozuntunun aradan qaldırılması üçün müddət həmçinin aparılmış araşdırılmanın nəticəsini özündə əks etdirən “X1 baxılmasının nəticələri üzrə” qərar mövcud olsa da, iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASCnin Sumqayıt filialı barəsində İXM-nin 518.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Şəxs ASC-nin Sumqayıt filialı 2006-cı ildən eyni ünvanda fəaliyyət göstərir və qeyd olunan dəmir barmaqcıqlar da həmin tarixdən orada yerləşdirilmişdir. Tərtib edilmiş protokolda aşkar edilmiş pozuntular dəqiq qeyd olunmamışdır. Həmçinin pozuntu halları 11 aprel 2023-cü il tarixdə aşkar edilmiş, protokol isə 18 aprel 2023-cü il tarixdə tərtib edilmişdir. Bu isə AR İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinin tələblərinin pozuntusudur. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq da bildirir ki, hər hansı normaya əsaslanmadan tərtib edilmiş protokolla razılaşmasalar da, Şəxs ASC olaraq Bankın Sumqayıt filialında dəmir barmaqcıqlar FHN əməkdaşları tərəfindən tələb olunan formaya salınmış yəni qıfılı olan, açılıb-bağlanan barmaqcıqlıqlar quraşdırılmışdır. Bu halı təsdiq edən fotonu məhkəməyə təqdim edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında 2 iyul 2013-cü il qanunun 17.3-cü maddəsinə əsasən Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Aqil Quliyev özü də bildirdi ki, həmin qərar yalnız yoxlama aparılan gün - yəni 11 aprel 2023-cü il tarixdə təqdim edilmişdir. Həmin Qanunun 31-ci maddəsində yoxlamanın nəticələri “Yoxlama aktı”-nn tərtib edilməsi yolu rəsmiləşdirildiyi göstərilmişdir. İş materialları araşdırılarkən “X4”-nın 18 aprel 2023-cü il tarixdə tərtib edildiyi və həmin aktda aşkar edilmiş pozuntuların qeyd olunduğu müəyyən edilmişdir. Lakin inspektor Aqil Quliyev öz izahatında həmin pozuntuların 11 aprel 2023-cü il tarixdə obyektdə olarkən aşkar ediklərini bildirmiş, lakin pozuntuları özündə əks etdirən həmin tarixli akt tərtib edilməmiş, həmin pozuntuların aradan qaldırılması üçün müddətin verilməsi, metodiki köməkliyini edilib-edilməməsi ilə bağlı bildiriş Şəxs ASC-nə təqdim edilməmiş, və ya göndərilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Həmin Qanunun 33-cü maddəsinə əsasən Yoxlama materiallarına baxılmasının nəticələri üzrə bu Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən qərar çıxarılır. Lakin iş materiallarından və protokolu tərtib etmiş şəxs Aqil Quliyevin izahatından o, da məlum olur ki, “X1 baxılmasının nəticələri üzrə” qərar ya qəbul edilməmiş ya da iş materiallarına əlavə edilməmişdir. Həmin qanunun 33.4-cü maddəsinə əsasən tərtib edilmiş qərarda aşkar olunmuş pozuntunun aradan qaldırılması üçün görülməli olan tədbirlər (33.4.4), həmçinin pozuntunun aradan qaldırılması üçün müddəti (33.4.5) göstərilməlidr. Lakin protokolu tərtib etmiş şəxs Aqil Quliyevin bütün bu qeyd olunan halların şifahi şəkildə həyata keçirildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi qaydaları”-nın 4.1-4.17 bəndlərinin tələblərinin pozulması qeyd olunsa da xx.xx.2023-cü il tarixli “X4nda yalnız iki pozuntunun olması qeyd edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruriz hesdab edir ki, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi qaydaları”-nın 4.8-ci bəndinin 10-cu abzasında müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncələrdə bütov barmaqcıqlı qəfəslər quraşdırmasına icazə verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında FHN-nin yoxlamanı həyata keçirən inspektoru bu istisnaların nədən ibarət olması barədə hər hansı izah verə bilməyərək, hər hansı dəlil gətirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs ASC-nin Sumqayıt filialı barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi kimi hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs ASC-nin Sumqayıt filialı tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar