Məhkəmə qərarları › İş №3(060)-1071/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1071/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1071/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27505454 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27505454 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-cİ il tarixli, EQ 27505454 saylı qərara əsasən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə və 4 cərimə balı tətbiq edilmişdir. O, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmır. O, Azərbaycan Respublikası İXM-in 327.4-ci maddəsində göstərilən inzibati xətaya yol verməmişdir. O, öz zolağında bütün nəqliyyat vasitələrini gözləyən zaman, konkret olaraq 1.1 nişanlanma xəttinin tələblərini pozaraq əks yola çıxaraq axına qarşı əks istiqamətdə hərəkət etsəydi onda bu maddə ilə razılaşardı. Lakin o, 1.1 nişanlanma xətti başlamadan öncə ötmə əməliyyatı icra etmiş, daha sonra 1.1 nişanlanma xəttinin başladığını görmüş və dərhal öz zolağına qayıtmışdır. Həmin istiqamətdə 3.20, yəni ötmək qadağandır nişanı da yoxdur və zolaqlar sükan arxasından aydın görünmür. Bu isə o deməkdir ki, yol nişanları tərəfindən sürücüyə bu barədə tam dəqiq məlumat verilmir. Sadəcə o, ötmə əməliyyatını yekunlaşdıran zaman artıq 1.1 üfüqi nişanlama xəttinin təsir sahəsində olduğunu görmüş və xəttin nisbətən pozulmuş hissəsindən dərhal öz hərəkət zolağına qayıtmışdır. Protokolda təqdim etdiyi şəkillərə nəzər yetirilsə görmək olar ki, hətta öz hərəkət zolağına qayıtdığı hissədə 1.1 üfüqi nişanlanma xətti müəyyən qədər pozulmuş və həmin xətt qırıq-qırıq xətt kimi görünür. Yəni nişanlama xətləri tam aydın formada bəlli deyil. Əgər o hərəkət istiqamətində ötmək qadağandır nişanını və 1.1, yəni üfüqi xətt hər ikisi eyni zamanda tətbiq olunsaydı və o zaman ötmə əməliyyatı etdiyi halda belə, ona 100 manat və 3 cərimə balı tətbiq edilməli idi. Amma bu hərəkət istiqamətində 3.20 nişanı da yoxdur və zolaqlar standarta cavab vermir. Buna görə də qanuna uyğun olaraq ona cərimə tətbiq edilməli deyildi. Çünki, 1.1 və 1.11 üfüqi nişanlanma xətləri başımazdan əvvəl 1.6 (Əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlanma xətlərinə yaxınlaşmaq haqqında xəbərdar edici nişan) xətləri olmalı idi. Bu nişanlanma xətləri də standarta uyğun tətbiq edilməmişdir. Əlavə olaraq protokolda video qeyd də əlavə olunmamışdır. Göstərilənləri nəzərə alaraq xx.xx.2025-cİ il tarixli və EQ 27505454 saylı qərarın ləğv edilərək 150 manat cərimə və 4 cərimə balın silinməsini və barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ27505454 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “BMW 520D minik” markalı **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildə saat 19:59-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaarq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsinə görə sürücü X2 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “BMW 520D minik” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq əks istiqamətli nəqliyyat axının qarşı hərəkət etmişdir. Məhkəmə tərəfindən şikayətçinin iştirakı ilə inzibati xətanın qeydə alındığı yerə baxış keçirilmiş və baxış zamanı müyyən edilmişdir ki, inzibati xətanın qeydə alındığı yerdə 1.1 üfüqi nişanlanma xətti mövcuddur. 1.1 üfüqi nişanlanma xətti başlamamışdan öncə isə, həmin nişanlama xəttinin başlanacağı ilə bağlı məlumat verən 1.6 nişanlanma xətti mövcuddur. Bundan əlavə müəyyən edilmişdir ki, yolda olan müvfiq nişanlanma xətləri bir qədər solğunlaşmış olsa da, bütün hərəkət iştirakçıları üçün aydın və rahat görünə biləcək vəziyyətdədir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X2 əks hərəkət istiqamətinə çıxdığını özü də etiraf etmişdir. Yalnız, bu halın onun təqsiri səbəbindən deyil, yol nişanlarının və yolun nişanlanma xətlərinin aydın və rahat görünməməsi səbəbindən baş verməsini bildirmişdir. Lakin, iş materiallarına əlavə edilmiş hadisənin qeydə alındığı vaxt çəkilmiş fotoşəkillər və məhkəmə tərəfindən hadisənin qeydə alındığı yerə baxış zamanı yolun nişanlanma xətlərinin bütün hərəkət iştirakçıları üçün aydın və müvafiq məsafədən rahat görünə biləcək vəziyyətdə olması müəyyən edilmişdir. Beləliklə də şikayətçi X1 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27505454 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 üfüqi nişanlanma xətti - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 6-cı bəndinə əsasən 1.6 üfüqi nişanlanma xətti - əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər). Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27505454 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27505454 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar