Məhkəmə qərarları › İş №3(060)-1072/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1072/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1072/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC barəsində 25 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sərvər Bədəlbəyli küçəsində yerləşən "xxxx" yaşayış kompleksində tullantıların vaxtında daşınmamasına görə İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus Sumqayıt Təmizlik Departamentinin idarəyə məktubla müraciət edərək bildirmişlər ki, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 9-cu mikrorayon ərazisində "xxxx"-a məxsus ərazidə tullantıların qalaqlanması faktı vardır. Faktla bağlı nümayəndə ilə birlikdə araşdırma aparılmış, daha sonra müəyyən edilmişdir ki, "xxxx" həmin ərazini Sumqayıt-3 MMC-yə təhvil vermişdir. MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, ərazidə formalaşan tullantıların daşınması üçün Şəxs ASC ilə müqavilə bağlamışlar, lakin ASC öhdəliyini yerinə yetirməmiş, 28 yanvar 2025-ci il tarixdə həmin ərazidə tullantıların daşınmasını həyata keçirməmişdir. Bunun nəticəsində də İXM-nin 266.4-1-ci maddəsinin tərkibi yarandığından protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, hadisə yerinin fotoşəkilləri və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Təmizlik Departamenti MMC tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən Kristal Abşerona məxsus yaşayış kompleksində məişət tullantılarını özlərinə məxsus xüsusi təyinatlı texnikalar vasitəsilə daşınması səbəbindən "xxxx" MMC ilə müqavilə bağlamaqdan imtina etmişdirlər və hal hazırda həmin ərazidə məişət tullantılarının yaratdığı vəziyyəti qoşma olaraq foto şəkillərlə göndərilir. "xxxx" MMC-nin mövcud vəziyyətlə bağlı heç bir təsir qüvvəsi olmadığından yaranmış vəziyyətlə bağlı müvafiq tədbirlər görülməsini xahiş edirlər. İş materiallarından görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sərvər Bədəlbəyli küçəsində yerləşən Kristal Abşeron yaşayış kompleksində aparılmış monitorinq zamanı 89647 nömrəli, xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarından görünür ki, icraçı adlanan Diadem QSC ilə sifarişçi adlanan Sumqayıt 3 MMC arasında məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair 070/21 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Beləliklə, qeyd olunanlara əsasən hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinin İİ hissəsinə əsasən müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Həmin Qanunun 47-ci maddəsinə əsasən tullantıların toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən Tullantıların emalı zamanı tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zəərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi təmin edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 266.4-1-ci maddəsinə əsasən məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə – vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. - 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. - 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 3 ünvanında yerləşən Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.4-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 2000 (iki min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar