Məhkəmə qərarları › İş №3(060)-1073/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1073/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1073/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə bakı şəhərində doğulmuş, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən 27 aprel 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, ümumilikdə 6 icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə tələbkarlara 51.579,00 manat borc yaranmış, lakin borclu icra sənədləri üzrə tələbləri icra etmədkən üzürsüz olaraq boyun qaçırmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokola əlavədə qeyd etmişdir ki, borclu Şəxs X5 21.998 manat, X7 3.781,00 manat, Zərərçəkmiş şəxs 6.000,00 manat, X4 4.900,00 manat, Zülfüqarov mübariz Məmmədyar oğluna 8.900,00 manat, X6 6.000,00 manat borcu qalmaqdadır. Yekun borc məbləği 51.579,00 manatdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 27 aprel 2022-ci il il saat 15:20-yə təyin edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ümumilikdə 6 icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə tələbkarlar X5 21.998 manat, X7 3.781,00 manat, Zərərçəkmiş şəxs 6.000,00 manat, X4 4.900,00 manat, Zülfüqarov mübariz Məmmədyar oğluna 8.900,00 manat, X6 6.000,00 manat borc pul tutulmuşdur. Yekun borc məbləği 51.579,00 manat təşkil edir və borclu qeyd olunan icra sənədlərini üzrüsüz səbəbdən icra etməmişdir. Hal-hazırda borclu Şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs borcundan 1.000,00 manat ödəniş etməyə maddi imkanının olduğunu bildirmişdir. Borclunun digər icra sənədləri üzrə müxtəlif vaxtlarda ödənişləri olmuşdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-763/2022 saylı, 23 fevral 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 9.000,00 manat məbləğində kredit borcu tutularaq ona ödənilməlidir. Qeyd olunan kredit borcundan 3.000,00 manatı ödənilmiş, lakin 6.000,00 manat borc ödənilməmişdir. Hal-hazıda qalıq kredit borcunundan borclu bu gün 1.000,00 manat ödəniş etmişdir. Borclu qalıq borcundan hər ay 1.000,00 manat ödəyəcəyinə söz vermişdir. Buna görə də yazılı ərizəsini məhkəməyə təqdim edərək borcluya qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, ümumilikdə 6 icra sənədi üzrə ondan icra sənədi üzrə tələbkarlar X5 21.998 manat, X7 3.781,00 manat, Zərərçəkmiş şəxs 6.000,00 manat, X4 4.900,00 manat, Zülfüqarov mübariz Məmmədyar oğluna 8.900,00 manat, X6 6.000,00 manat borc pul tutulmuşdur. O, müxtəlif vaxtlarda icra sənədləri üzrə borcundan ödənişlər etmişdir. Hal-hazırda digər icra sənədi üzrə Zərərçəkmiş şəxs qalıq kredit borcundan 1.000,00 manat ödəniş etmiş və qalıq borcundan da hər ay 1.000,00 manat ödəniş edəcəyini bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın və protokol tərtib etmiş icra məmurunun izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqındaiş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 1.000,00 manat ödəniş etmişdir. Ümumilikdə isə onun hər altı icra sənədləri ilə bağlı ödənişləri vardır. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi o icra sənədində göstərilən məbləğdən tələbkarlara ödənişlər etmişdir. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar