Məhkəmə qərarları › İş №3(060)-1074/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1074/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1074/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, şikayətçi X2 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27513541 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27513541 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 12:16 radələrində “Mercedes Benz C220 CDİ minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev prospektində hərəkət edərkən İXM-in 364.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Həmin vaxt texniki avadanlıqda texniki nasazlıq olması ehtiamlı ilə video çəkiliş olmuşdur. Protokolla razı deyil. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, o ərazidə saxlayıb gözləməmiş, yalnız sərnişin düşümüşdür. Həmin ərazidə isə avtomobil saxlamaq üçün yolun birinci zolağında yer yoxdur. Belə ki, şəkillərdən də göründüyü kimi birinci zolaqda digər nəqliyyat vasitələri dayanmışdır. Ona görə də məcbur ikinci zolaqda saxlayaraq sərnişini düşürmüş və oradan getmişdir. Hesab edir ki, bu halda dayanma və durma qaydalarının pozulmasına görə onun barəsində cərimə tətbiq edilməsi qanusuzdur. Ona görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ27513541 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Mercedes Benz C220 CDİ minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildə saat 12:16-da Sumqayıt şəhəri, H.Əliyev prospektində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə sürücü X3 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mercedes Benz C220 CDİ minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 “Mercedes Benz C220 CDİ minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2025ci ildə saat 12:16-da Sumqayıt şəhəri, H.Əliyev prospektində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Buna görə də xx.xx.2025-ci il tarixli EQ27513541 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarla İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. X1 şikayətlə məhkəməyə müraciət edərək idarə etdiyi nəqliyyat vasitəsini orada uzun müddət saxlamadığını, yalnız sərnişini düşürmək məqsədi ilə saxladığınıl bildirmiş və buna görə də barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin qeyd edilən dəlililə münasibətdə qeyd edir ki, İXM-in 346.4-cü maddəsində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Maddənin dispozitiv şərtlərindən də göründüyü kimi yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə yalnız, durma deyil, həm də dayanamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən nzamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Qanunvericliyiliyin yuxarıda qeyd edilən normalarının təhlilindən də göründüyü kimi adamların minməsi və ya düşməsi üçün də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgəsində zəruri olan vaxt ərzində hərəkətsiz vəziyyətə gətirilməsi, yəni dayanması qadağandır. Göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27513541 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27513541 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27513541 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar