Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1077/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs Şükürov Samir Çingiz oğlunun, Zərəçəkmiş şəxs X2, Qərarından şikayət verilmiş şəxs Sumqayıt şəhər DYPŞ polis kapitanı X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Şükürov Samir Çingiz oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şükürov Samir Çingiz oğlu Sumqayıt şəhər DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şükürov Samir Çingiz oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində ona məxsus 77RE489 dövlət qeydiyyat nişanlı, “KİA SPORTAGE” markalı avtomobillə Sumqayıt şəhərində Üzeyir Hacıbəyov küçəsi və Koroğlu prospektlərinin kəsişməsində yolun sol zolağı ilə hərəkətdə olarkən sola dönmə işığını yandırıb sola dönmək istəyərkən onunla eyni istiqamətdə olan və arxasınca hərəkət edən **-SP-*** dövlət qeydiyyat nişanlı, “KİA SOUL” markalı avtomobil onu sol tərəfdən keçərək hərəkətinə maneə yaratmış, o isə həmin an əyləcə basaraq dayanmış, lakin, buna baxmayaraq həmin avtomobil onun avtomobilinin sol qabaq buferi ilə toqquşmuşdur. Həmin avtomobilin sürücüsü sola dönmürdü və dönmə işığı yanmırdı. Qeyd etdi ki, o, prospekti düz keçirdi. Hadisə olduğu zaman o, adiyyəti üzrə müraciət etmişdir. Hadisə yerinə YPX-nin yol nəqliyyat hadisəsi üzrə inspektoru onlara yaxınlaşmışdır. Həmin an YPX əməkdaşı olan polis kapitanı Həsənov Niyaməddin ona yerində hadisənin necə baş verdiyini soruşmadan onun səhv olduğunu bildirmişdir. Həmin an qarşı tərəfin sürücüsü öz yaxını olan şəxsi hadisə yerinə çağırmışdır. O, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri YPİ-yə çağırılmış və həmin an orada öz izahatını yazmışdır. X8 Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi bildirilmiş və ona İXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. O isə şikayət edəcəyini bildirmiş və bütün bu qeyd etdiklərini 102 xidmətinə zəng edərək məlumat vermişdir, 102 xidmətindən ona xx.xx.2025-ci il tarixədək cavab gəlmədikdə o, bu məsələni aydınlaşdırmaq qərarına gəlmiş və ona məlum olmuşdur ki, qarşı tərəfin çağırdığı polis serjantı Eminov Cümşüd adlı şəxsdir və o, Sumqayıt şəhər Polis idarəsinin əməkdaşıdır və ona yerində inspektorun qayda pozduğunu bildirməsi məhz bu şəxslə əlaqəli olduğu onda böyük şübhə yaradır. Məhkəmə iclasında şikayət verən şəxs Şükürov Samir Çingiz oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. O, yolun sol zolağı ilə hərəkətdə olarkən sola dönmə işığını yandırıb sola dönmək istəyərkən onunla eyni istiqamətdə olan və arxasınca hərəkət edən **-SP-*** dövlət qeydiyyat nişanlı, “KİA SOUL” markalı avtomobil onu sol tərəfdən keçərək hərəkətinə maneə yaratmış, o isə həmin an əyləcə basaraq dayanmışdır. Əyləcə basıb saxlasa da, toqquşma hadisəsi baş vermişdir. Hadisə ilə bağlı 102 xidmətinə müraciət etsə də, araşdırma aparılmamışdır. O, hadisə yerində heç bir sənədə, yol nəqliyyat hadisəsinin sxeminə imza atmamışdır. O, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmamasını nəzərə alaraq şikayətin təmin edilməsini, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X3 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Şükürov Samir Çingiz oğlu xx.xx.2025-ci il tarixdə ona zəng edərək Sumqayıt şəhərində Üzeyir Hacıbəyov küçəsi və Koroğlu prospektlərinin kəsişməsində yolun sol zolağı ilə hərəkətdə olarkən sola dönmə işığını yandırıb sola dönmək istəyərkən onunla eyni istiqamətdə olan və arxasınca hərəkət edən **-SP-*** dövlət qeydiyyat nişanlı, “KİA SOUL” markalı avtomobil onu sol tərəfdən keçərək hərəkətinə maneə yaratdığını bildirmişdir. Nəticədə toqquşma hadisəsi baş vermişdir. O, elə zəng zamanı Şükürov Samir Çingiz oğluna təqsirin onda olduğunu bildirmişdir. Araşdırma zamanı da müəyyən edilmişdir ki, Samir Şükürov dönməzdən qabaq dönmə zolağını tutmamış, dönmə işığından istifadə etməmişdir. Sürücü orta zolaqla sola dönərkən sol tərəfdən keçən digər maşını buraxmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmuşdur. Eyni zamanda, sürücü Yol Hərəkəti haqqında Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, dönməzdən əvvəl müvafiq dönmə zolağına keçməmiş, işıq siqnalını yandırmamışdır. Sürücü dönmə siqnalını yandırsa belə soldan və ya sağdan nəqliyyat vasitəsi gəlib gəlməməsini yoxlamalı, əgər gəlirsə həmin nəqliyyat vasitəsini gözləməlidir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 11:30 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyli küçəsi ilə Koroğlu küçəsində sol zolaqla düzünə hərəkət edərkən sağ tərəfində “KİA Sportage minik” markalı avtomobil sola manevr etmiş və onun maşınının sağ arxa yan tərəfilə toqquşmuşdur. Şükürov Samir Çingiz oğlu avtomobilin sola dönmə işığını yandırmamış və o, Samir Şükürova məxsus avtomobilin yanından keçərkən Samir Şükürov sürətini artırıb onu vurmuşdur. Göstərilən halları nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şükürov Samir Çingiz oğlu xx.xx.2025-ci il tarixdə, saat 11:30-da “KİA SPORTAGE MİNİK” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Koroğlu və Ü.Hacıbəyov küçəsi kəsişməsində nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şükürov Samir Çingiz oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 11:30-da “KİA SPORTAGE MİNİK” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və zərərçəkmiş şəxs X4 və hal şahidləri tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Koroğlu Ü.Hacıbəyov küçəsi kəsişməsində “KİA SPORTAGE MİNİK” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil orta zolaqla hərəkət edərkən, ondan bir neçə saniyə sonra **-SP-*** dövlət qeydiyyat nişanlı “KİA SOUL” markalı avtomobil “KİA SPORTAGE MİNİK” markalı, **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobilin solu ilə düzünə hərəkət edən zaman “KİA SPORTAGE MİNİK” markalı avtomobil sola dönmə manevri etmiş və bu zaman **-SP-*** dövlət qeydiyyat nişanlı, “KİA SOUL” markalı avtomobilin arxa sağ yan tərəfi ilə toqquşmuşdur. Həmçinin, görüntülərdə “KİA SPORTAGE MİNİK” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə manevri edərkən dönmə işıq siqnalının yandırması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şükürov Samir Çingiz oğlu xx.xx.2025-ci il tarixdə, saat 11:30-da Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində “KİA SPORTAGE MİNİK” markalı, **-RE-*** dövlət nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə özündən solda hərəkətdə olan “KİA SOUL” markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsinə çırpılmışdır. “KİA SPORTAGE MİNİK” markalı, **-RE-*** dövlət nişanlı avtomobilin sürücüsü dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyindən istifadə etməmiş, dönmə manevrini həyata keçirərkən soldan gələn nəqliyyat vasitəsini gözləmədən hərəkət etmiş və nəticədə digər avtomobil ilə toqquşmuşdur. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X5 Çingiz oğlu hazırda şikayətinin dəlili kimi digər nəqliyyat vasitəsinin sürücüsünün birdən birə onun avtomobilinin sol tərəfinə keçərək ona maneə yaratmasını bildirmişdir. Lakin, məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən də müəyyən edilmişdir ki, hər iki avtomobil bir neçə saniyə fərqlə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsində hərəkətdə olmuşlar, “KİA SOUL” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin şikayət verən şəxsin avtomobilinin soluna keçərək qəza şəraiti yaratması, şikayət verən şəxsin dönmə işıq siqnalını yandırması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 43-cü maddəsinin 6-cı bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Şükürov Samir Çingiz oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şükürov Samir Çingiz oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1077/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1077/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver