Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1078/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mətin Kazımlının, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, xırda ticarətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mətin Kazımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9444/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda 10236 manat ödənilməyən borc qalmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mətin Kazımlı bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2018-ci il tarixdən başlayaraq, 25 07.2014-cü il təvəllüdlü X4 və 06.02 2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə tələbkar 2025-ci il tarixədək icra idarəsinə aliment borcu ilə bağlı müraciət etməmiş, lakin bu il müraciət edərək aliment borcundan heç bir ödəniş edilmədiyini bildirmişdir. Bu müddət ərzində ödəniş etməməsinə səbəb kimi borclu ilə birlikdə yaşaması ilə bağlı müraciət edə biləcəyindən məlumatsız olmasını bildirmişdir. Borclu icra idarəsinə dəvət edilərək izahatı alınmış, bildiriş təqdim edilmişdir. Borclu sözügedən borc məbləği ilə razı olmadığını bildirmiş, tələbkarın müraciətindən sonrakı dövrlərdə isə aliment ödənişlərini mütəmadi etmişdir. Həmçinin, borclu icra məmurunun çağırışlarından yayınmamışdır. Tələbkar borcludan şikayətçidir və onun barəsində protokol tərtib edilməsini tələb etmişdir. Qeyd edir ki, protokolda qeyd edilən borc məbləği tələbkarın xx.xx.2020-ci il tarixli müraciətindən sonra olan müddət ərzində toplanmış aliment məbləğidir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 2025-ci ilin fevral ayınadək tələbkarla birlikdə yaşamışlar. Daha sonra tələbkar evi tərk edib getmiş, övladlarını onun öhdəliyinə buraxmışdır. Fevralın 20-də gələrək uşaqları götürmüş və növbəti gündən aliment borcunu tələb etmişdir. Fevral ayından bu tarixədək aliment ödənişlərini vaxtı-vaxtında etmişdir. Tələbkar heç bir zaman işləməmiş, ailəsinə özü baxmış və bu müddət ərzində birlikdə yaşamışlar. Bu dövr ərzində övladlarına baxmış və ehtiyaclarını qarşılamışdır. Müdafiəçisinin çıxışı ilə razı olduğunu və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu 2025-ci ilin fevral ayında onunla yaşamaq istəmədiyini bildirirək onu evdən çıxarmışdır. Hazırda 2 otaqlı evdə qardaşı, bacısı və övladları ilə birlikdə kirayədə yaşayır. Bu müddət ərzində sosial yardım üçün müraciət etmiş və ümumillikdə 3 il sosial yardım almışdır. Bu aliment miqdarı ilə övladlarına baxa bilmədiyini, 3-cü övladı üçün aliment almaq məqsədi ilə yenidən məhkəməyə müraciət etmişdir. Borclunun həbs edilməsini istəmir, lakin aliment borcunu tələb etdiyini qeyd etmişdir. 2025-ci ilin fevral ayının 02-dək birlikdə normal ailə münasibətləri olmuş, hətta üçüncü övladı da dünyaya gəlmişdir. Həmin dövrdə övladlarının baxılmasına Emil də kömək etmişdir. Onun müraciətindən sonra Emil 2 dəfə 308 və 310 manat miqdarında olmaqla aliment ödəniş etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq aliment borcunun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib edilən protokolla razı deyil. Belə ki, borclu ilə tələbkar bu müddət ərzində birlikdə yaşamış, bu hissəni tələbkarda etiraf etmiş, hətta onların bir övladı da doğulmuşdur. Deməli onların normal ailə münasibətləri olmuşdur. Tələbkarın xeyrinə aliment ödənilməsi barədə qətnamə formal xarakter daşımış, sosial yardımın alınması ilə bağlı olmuşdur. Borclunun əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2018-ci il tarixdən başlayaraq, 25 07.2014-cü il təvəllüdlü X4 və 06.02 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, işə baxılaraq 2 (060)-9444/2018 saylı qətnamə qət olunmuşdur. Hər uşağa 154 manat olmaqla, cəmi 308 manat məbləğində aliment müəyyən olunmuşdur. Cavabdeh onu aldatmışdır ki, uşaqlara özü baxacaq, bu səbəbdən aliment tələbindən imtina etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı qətnaməsinin icraya yönəldilməsini təmir edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9444/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “tələbin könüllü ödənilməsi haqqında bildirişdən” görünür ki, borclu Şəxs xx.xx.2022-ci il tarixdə bildirişlə tanış edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs həmin dövrə qədər tələbkarla bir ailə kimi birlikdə yaşadığını, sonuncunun ondan heç bir aliment tələbi olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdən başlayaraq aliment borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs 10472 manat aliment borcunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Hazırkı inzibati xəta haqqında protokola baxılarkən Şəxs tələbkara 10236 manat ödənilməyən aliment borcunun olması görsənir. Lakin, məhkəmə işə baxarkən borclunun hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsinin hallarının mövcudluğunu yoxlayıb, əmələ hüquqi qiymət verməlidir. Belə ki, icra məmurunun, tələbkarın, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə tələbkar və borclu eyni evdə yaşamış, normal ailə münasibətləri olmuş, hətta həmin dövrdə üçüncü övladları da dünyaya gəlmişdir. Qeyd edilən xüsusatlar cari ilin fevral ayınadək borclu və tələbkar arasında faktiki ailə münasibətlərinin mövcud olduğunu göstərir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi valideynlərin uşaqları saxlaması üçün aliment öhdəliyini müəyyən etmişdir ki, həmin öhdəlik valideynin uşağı saxlamaq vəzifəsində irəli gəlir. Cari ilin fevral ayınadək borclu, tələbkar və uşaqları ilə eyni mənzildə yaşamış, uşaqların zəruri xərclərini qarşılamış, bununla da uşaqlarını saxlamaq vəzifəsini həyata keçirmişdir. Qeyd olunan səbəblərdən borclu 10236 manat aliment borcunun ödənilməməsi əsası ilə məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa borclu tələbkarla cari ilin fevral ayından ayrı yaşamağa başlamış, həmin dövrdən də aliment ödənişləri həyata keçirmişdir. Qeyd edilən hallar bir daha borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən X2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1078/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1078/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver