Məhkəmə qərarları › İş №3(060)-108/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-108/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-108/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, evli, 3-cü qrup əlil, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 12 yanvar 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən hər ay 120,00 manat və 31.08.2021-ci il tarixli qətnaməsinə əsasən hər ay 200,00 manat aliment pulu Şəxs tutularaq X5 verilməlidir. Lakin borclu yığılmış 1.340,00 manat alimenti ödəməkdən üzürsüz olaraq boyun qaçırır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5572/2020 saylı, 26.10.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 2 uşağın saxlanması üçün 14.09.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment icra sənədi üzrə tələbkar X3 xeyrinə tutulmalıdır. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı, 31.08.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5572/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək 2 uşağın saxlanması üçün borclu Şəxs hər ay, hər uşağa görə 100,00 manat olmaqla, ümumilikdə 200,00 manat sabit pul məbləğində aliment icra sənədi üzrə tələbkar X3 xeyrinə tutulmalıdır. Borclu müxtəlif vaxtlarda aliment ödənişləri etmiş, bu günə kimi təxminən 900 manat aliment ödəmişdir. Sonuncu dəfə 50 manat 11.01.2022-ci ildə ödəmişdir. Borclu çağırışlara gəlməkdən boyun qaçırmır, o 3-cü qrup əlildir, 110 manat sosial pensiya alır, lakin alimentin tutulmasını onun sosial pensiyasına yönəltmək olmur. Tələbkar icra şöbəsinə gəlib ərizə yazıb və bildirib ki, Xaçmaz rayonunda yaşadığına görə məhkəməyə gələ bilməyəcək. Hal-hazırda aliment borcu 1.340,00 manat təşkil edir. Buna görə də borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin icra sənədinə əsasən ondan 2 uşağın saxlanması üçün 14.09.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 60,00 manat olmaqla, cəmi 120,00 manat sabit pul məbləğində aliment icra sənədi üzrə tələbkar X3 xeyrinə tutulmalıdır. Sonradan Sumqayıt Şəhər Məhkəməsinin icra sənədinə əsasən alimentin miqdarı 200 manata qaldırılmışdır. O alimenti ödəməkdən boyun qaçırmır. Bu günə kimi 900 manat ödəniş edibdir. Bundan başqa uşaqlarına da, hazırda kəbini pozulmamış yoldaşına da baxır. Yoldaşı və uşaqları ilə bayram günlərində bir yerdə yaşayıblar. Yoldaşına kurtka, uşaqlarına da paltar alıbdır. O yoldaşı ilə barışacaq, lakin qaynanasının diktəsinə görə yoldaşı ondan icra şöbəsinə şikayət edib. O əqli cəhətdən 3-cü qrup əlildir. Dayanacaqlarda durub çörək pulu qazanır, əlində imkan olan kimi uşaqlarına kömək edir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən və izahatlardan müəyyən olunur ki, Şəxs təxminən 900 manat aliment ödənişi etmiş, sonuncu ödənişləri 24.12.2021-ci il və 11.01.2022-ci il tarixdə olmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi o icra sənədində göstərilən məbləğdən tələbkarın bank hesabına ödənişlər etmişdir. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar