Məhkəmə qərarları › İş №3(060)-1083/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1083/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1083/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Bağırov Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan Bağırov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bağırov Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:16-da “Mercedes C180 minik” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Əsədov küçəsində hərəkətdə olan zaman saxlanılmış, avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi aşkar olunmuşdur. Bununla da, Bağırov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bağırov Şəxs bildirdi ki, narkotik vasitəni həmin gün qəbul etməmiş, məclisdə qəbul etmişdir, aliment ödəyir. Qərb şadlıq sarayında nəzarətçi işləyir, boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmədən nəzərə alaraq barəsində cərimə tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Bağırov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan, 2182 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Bağırov Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 2182 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Bağırov Şəxs marixuana qəbulu faktı aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Bağırov Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, yüksək təhlükə mənbəyi hesab edilən avtomobilin narkotik sərxoşluğu altında idarə edilməsi digər yol hərəkəti iştirakçılarına ziyan (həyat, sağlamlıq və ya maddi ziyan) vurması ehtimalını artırır. Başqa sözlə, şəxsin narkotik vasitədən istifadə etməsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə özlüyündə inzibati xətanın tərkibini yaradır, narkotik təsiri altında eyni zamanda avtomobilin idarə edilməsi artıq ikili obyektə qəsdi nəzərdə tutur. Ona görə də, Bağırov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bağırov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar