Məhkəmə qərarları › İş №3(060)-1087/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1087/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1087/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.2000-ci ildə Ağdam rayonu, Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 28 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li, 28 aprel 2022-ci il tarixli MN seriyalı 142366 №-li və 28 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, X7 26.04.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları ünvan 1 ünvanında X3 məxsus 250,00 manat dəyərində “X16 8” markalı telefonu oğurlamışdır. Şəxs 26.04.2022-cci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Sumqayıt ŞPİnin 1-ci PB-də səs-küy salaraq bölmənin iş rejimini pozmuşdur. Şəxs 26.04.2022-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Sumqayıt ŞPİnin 1-ci PB-də səs-küy salaraq bölmənin iş rejimini pozmuş, polisin qanuni tələblərinə tabe olmamışdır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 28 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)- 1089/2022, 3(060)-1088/2022 və 3(060)-1087/2022 №li işlər bir icraatda 3(060)- 1087/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X8 bildirdi ki, X7 26.04.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları ünvan 1 ünvanında X3 məxsus 1250,00 manat dəyərində “X16 8” markalı telefonu oğurlamışdır. Şəxs 26.04.2022-cci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-də səs-küy salaraq bölmənin iş rejimini pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları onu intizama dəvət etsə də, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Odur ki, Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü qismən təqsirli bilərək göstərdi ki, o, Sumqayıt Dövlət Universitetində təhsil alır və tələbə yoldaşı X7 ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. 24.04.2022-ci il tarixdə otaq yoldaşı X3 məxsus “X16 8” markalı mobil telefonun digər otaqda enerji yığdığını görmüş və pula ehtiyacı olduğu üçün telefonu götürərək elə həin tarixdə Sumqayıt şəhərində yerləşən “Cavid” Ticarət Mərkəzinin yaxınlığında yerləşən telefon mağazasında tanımadığı şəxsə 100 manata satmışdır və aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda isə hadisə il bağlı X7 ilə barışıq əldə etmişdir. Polis Bölməsində isə heç kimə qarşı nalayiq ifadələr işlətməmişdir, çox əsəbi olduğu üçün özü-özünə söymüşdür. Bu zaman polis əməkdaşları onu intizama dəvət etmiş, lakin o əsəbi olduğundan sakitləşə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, 24.04.2022-ci il tarixdə saat təxminə 05:00 radələrində ona məxsus olan, dəyəri 250,00 manat olan “X16 8” markalı mobil telefonu digər otaqda, otaq yoldaşları Rəşad və Camalın yatdığı otaqda enerji yığmağa qoymuşdur. Həmin gün saat 09:00-da telefonunu götürməyə getdikdə isə telefonunun orada olmadığını görmüşdür. Rəşaddan telefonunun harada olmağını soruşduqda isə özünü şübhəli apararaq harada olduğunu bilmədiyini bildirmişdir. Lakin o telefonunu tapacağını fikirləşdiyindən, həmçinin də Rəşaddan şübhələndiyi üçün ilk öncə polisə müraciət etməmişdir, Rəşada da əgər telefonu götürübsə geri verməyini bildirmişdir. Lakin Rəşad ona telefonu barədə məlumatı olmadığını bildirdiyi üçün məcbur qalıb polisə müraciət etməli olmuşdur. Hal-hazırda isə Şəxs ilə barışmışdır. Məhkəmədən qeyd etdiyi xüsuusatları nəzərə alaraq, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi, zərəçəkmiş şəxsi, müdafiəçini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməli, İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməli və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş 28 aprel 2022-ci il tarixli ərizədən görünür ki, o barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X9 ilə barışmışdır və onun barəsində inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Belə ki iş materiallarında olan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X9 tərəfindn Məhkəməyə təqdim edilmiş 28 aprel 2022-ci il tarixli ərizədən görünür ki, o zərərçəkmiş şəxs X7 ilə barışmışdır və onun barəsində inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirənhallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarından görünür ki, vətəndaş Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Şəxs hərəkətlərində İXM-nin 535.1-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İş materiallarında ola 26.04.2022-ci il tarixli “inzibati qaydada tutma” haqqında protokollardan görünür ki, Şəxs 26.04.2022-ci il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuş, 28.04.2022-ci il tarixində saat 18:20-də isə buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Eyni zamanda Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilərkən onun 26.04.2022-ci il tarixdən 28.04.2022-ci il tarixədək inzibati qaydada tutulması nəzərə alınmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. X5 göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50,00 (əlli) manat məbləğində cərimə olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar