Məhkəmə qərarları › İş №3(060)-1087/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1087/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1087/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib edən şəxs 5-ci PB-nin polis sahə rəisləri, Rəşad Cəfərov, İdris Tahirovun Zərərçəkmiş şəxs Rafi qızının Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Stansiya, fərdi yaşayış evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində, xx.xx.2023-cü il tarixdə, saat 23:16 radələrində bacısı qızı Zərərçəkmiş şəxs təhqir etmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda adı çəkilən Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin polis sahə rəisləri, Rəşad Cəfərov və İdris Tahirov tərtib etdikləri protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, heç bir yerdə işləmir və müxtəlif vaxtlarda spirtli içki qəbul edir. Onun yaşamağa evi olmadığı üçün hər gün Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yaşayan bacısı X1 evinə gedir. Sərxoş vəziyyətdə olarkən bacısı qızı Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr yaranır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində o, sərxoş vəziyyətdə bacısı Naxışgildə olan zaman İlhamə ilə aralarında mübahisə yaranmış və nalayiq söyüşlərlə İlhaməni söymüşdür. O, İlhaməni yaşadıqları yerin yaxınlığından yerləşən məktəbin həyətində də təhqir etmişdir. İlhamə ondan DİN-in «102» Xidmətinə zəng vuraraq şikayət etmiş və həmin vaxt ünvana 5-ci polis bölməsinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları onu polis bölməsinə aparmaq istəyən zaman İlhamə ondan polisə şikayət etdiyi üçün o, yenə də İlhamənin ünvanına nalayiq söyüşlər söymüşdür. Sonra polis əməkdaşları onu xidməti avtomaşına əyləşdirmiş, həddindən artıq sərxoş olduğundan özündən asılı olmayaraq başını avtomaşının qapısına bir neçə dəfə vurmağa başlamış, onu nədən Polis bölməsini apardıqlarını soruşmuş, buna qəti surətdə imtina etmişdir. Paralel olaraq şikayəti bacısı qızı İlhamənin etdiyini düşünərək onun ünvanına yenidən söyüşlər söyməyə davam etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də sərxoş olduğundan onların sözlərinə əhəmiyyət verməyərək polis əməkdaşlarının da ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Spirtli içkinin təsiri altında olduğu üçün polis əməkdaşlarına qarşı etdiyi davranışlarından çox utanr. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun dayısıdır. Şəxs içkili halda onlara gələrək o və anası ilə mübahisə edir. 21 aprel 2023-cü il tarixdə yenə də Hilal onlara gələrək onunla mübahisə etmişdir. O, Hilalın bu hərəkətlərindən DİN-in “102” Xidmətinə zəng vuraraq məlumat vermiş, bunu eşidən Hilal oradan uzaqlaşmışdır. Biraz hərəkət etdikdən sonra Şəxs ictimai yerdə-məktəbin həyətində ucadan onu təhqir etmişdir. Onun həmin təhqiramiz sözlərini ətrafda olan bütün qonşular eşitmişdir. Bu halları təsdiq edəcək videoçəkiliş də vardır. Həmin videoçəkilişlərin bir qismini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs həbs edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 21 aprel 2023-cü il tarixli, A/581 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 21 aprel 2023-cü il, saat 21:40 radələrində aparılan yoxlama zamanı Şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:40-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 14:30-da azad edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə istintaqı zamanı tədqiq edilən 02 (iki) ədəd DVD-diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən Şəxs hüquqazidd hərəkətlərini dayandırmağı tələb edilmiş, lakin sonuncu öz hərəkətlərini davam etdirmiş və onlara qarşı nalayiq ifadələr işlətmiş, eyni zamanda heç bir əsas olmadan onu Polis bölməsinə aparan xidməti polis avtomobilinın qapısına bir neçə dəfə başı ilə zərbələr vurmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs ictimai qaydanı pozaraq ictimai yerdə Zərərçəkmiş şəxs təhqir etmiş, daha sonra polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir yəni o ictimai qaydanı pozaraq ictimai yer sayılan insanların çoxluq təşkil etdiyi küçədə bacısı qızı Zərərçəkmiş şəxs uca səslə söyərək təhqir etmiş, yoldan keçən şəxslər Şəxs özünün də təsdiq etdiyi kimi bu mübahisənin, dava dalaşın və söyüşlərin şahidi olmuşlar, bundan başqa bu əməllərlə bağlı müvafiq izahat alınması məqsədilə Polis bölməsinə gətirilərkən Polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, müxtəlif maneələr yaratmaqla başını xidməti avtomobilin qapısına vurmuş, bölməyə aparılmasına maneələr yaratmağa cəhd etmişdir. Bu səbəbdən təqsirləndirildiyi maddələrin sansksiya həddində inzibati tənbeh tətbiq edilməli, həmin tənbeh tədbirləri Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbeh tədbirləri toplanılmaq yolu ilə qəti tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin məcəllənin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və 33.1.7.-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 26 aprel 2023-cü il tarixdən, saat 15:00-dan hesablanmalıdır. . “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 07 (yeddi) gün müddətə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs 16 (on altı) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 aprel 2023-cü il, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar