Məhkəmə qərarları › İş №3(060)-109/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-109/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-109/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızının, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1969-cu ildə, Lerik rayonu, Zövnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5 tərəfindən 11 yanvar 2024-cü il tarixdə Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Fərmanova Arzu Xankişi qızı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-215/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızının barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dəfələrlə izahatı alınıb. 890 manat borclunun rekvizitinə ödənilmişdir. Arzu Fərmanova (Fərmanzadə) icra sənədində göstərilən borcu hissə-hissə icra etməyə razılaşsa da, tələbkar hissə-hissə ödənişə razı deyil. Borclu bildirir ki, 500 manat ödəniş edə bilər. Qeyd edilənlərə əsasən icra məmuru borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızı izahatında göstərdi ki, son bir il ərzində işləməyib. Belə ki, o əvvəllər müğənni kimi fəaliyyət göstərirdi. Lakin, son dövrlərdə xəstəliyi ilə əlaqədar işləyə bilmir. Onun boynunda problem var və əməliyyat olunmalıdır. Tələbkar onun qonşusu olub və 4000 ABŞ dollarını ona deyil, əslində anasına faizə verib. Həmin vaxt ABŞ dollarının məzənnəsinə əsasən həmin məbləğ 3000 manatdan bir qədər artıq idi. O, həmin məbləği tam ödəyib. Yaranmış məbləğ isə faiz borcudur. Hazırda ABŞ dollarının məzənnəsi dəyişib və həmin məbləği birdəfəyə ödəmək imkanında deyil. Bütün bunlara baxmayaraq borcunun ödənilməsindən yayınmır. O, borcunu hissə-hissə ödəməyə hazırdır. Lakin, tələbkar bununla razılaşmır. Qeyd edilənlərə əsasən Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızı ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmə iclasında bildirdi ki, göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs halhazırda da xəstədir. O, borcunu ödəməkdən imtina etmir. Qeyd olunanların nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızı qanunvericiliyin tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızı tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızı İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-in 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızının xəstəliyini və borcundan müəyyən məbləğdə ödəniş etməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran halları müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızının şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızına inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Fərmanova (Fərmanzadə) Arzu Xankişi qızına Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar