Məhkəmə qərarları › İş №3(060)-1091/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1091/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1091/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı (** CD ***) 2010-cu ildə Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən rəsmi qaydada verilmişdir. Həmin nömrə nişanı bu günə qədər dəyişdirilməmiş, zədələnməmiş və heç bir şəkildə təhrif edilməmişdir. xx.xx.2025-ci il tarixində Sumqayıt şəhərində yol hərəkəti qaydaları ilə bağlı ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və cərimə tətbiq olunmuşdur. Qərarda qeyd olunur ki, qeydiyyat nişanı mövcud standartlara uyğun deyil. Bildirmək istəyir ki, qeyd etdiyi nömrə nişanı rəsmi şəkildə 2010-cu ildə verildiyi üçün həmin dövrdə qüvvədə olan texniki tələblərə tam uyğundur. Qanunvericiliyin retroaktiv tətbiqi — yəni sonradan dəyişmiş standartların əvvəllər verilmiş rəsmi sənədə şamil olunması — hüquqi baxımdan yolverilməzdir və qanunla ziddiyyət təşkil edir. Eyni zamanda, dövlət qeydiyyat nişanı heç bir qeyri-qanuni dəyişikliklə dəyişdirilməmişdir və onun tərəfindən texniki tələblərə zidd hər hansı bir müdaxilə olunmamışdır. Bu baxımdan, ona qarşı tətbiq edilmiş cərimə əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, onun barəsində tərtib olunmuş inzibati protokolun və tətbiq olunmuş cərimənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, yol polisi əməkdaşı inzibati xəta hadisəsini izah edərkən onunla razılaşmamış, buna baxmayaraq barəsində birbaşa inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X4 mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikasının İXM-in 342.1.3-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X4 yol hərəkəti qaydasını pozması ilə bağlı tərtib olunmuş protokolla razılaşmamış, buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X1 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X4 barəsində Azərbaycan Respublikası İXM-nin 342.1.3-ci maddəsi ilə protokol tərtib edilən gün, yəni xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 40 (qırx) manat məbləğində inzibati cərimə etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkillərdə ** CD *** nömrəli dövlət qeydiyyat nişanının “defis” hissəsi rənginin olmadığı, qeydiyyət şəhadətnaməsinə əsasən həmin nömrənin 2010-cu ildə verilməsi müəyyən edilmişdir. Şikayətçi dövlət qeydiyyat nişanına hər hansı müdaxilə olunmadığını, təqdim edildiyi şəkildə istifadə etdiyini bildirmişdir. Bu səbəbdən qeyd olunan hallar da hərtərəfli, tam və obyektiv araşdırılmalı, 2010cu il tarixində “defis” olmadan dövlət qeydiyyat nişanı verilib-verilməməsi, sürücü tərəfində müdaxilənin olub-olmaması məsələləri aydınlaşdırılmalı, “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları, tipləri və əsasən ölçülərinə dair texniki tələblərin (AZS 599-2015) 2015-ci ildə qəbul olunması, İXM-in 342.1.3-cü maddəsinə mövcud inzibati məsuliyyət isə 2023-cü il tarixindən müəyyən edilməsi halları nəzərə alınmalıdır. Bununla da, orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti qismən təmin olunmalı, Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar