Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1092/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Yusif Həsənovun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-ci ildə Naxçıvan MR, Şərur ray, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Naxçıvan MR-nın Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 5-ci məhəllə, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li və 29.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xətalar haqqında protokollar tərtib olunmuşdur. 29.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 24.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində küçədə dayanmış vətəndaş X1 məxsus “Mercedes” markalı, **-XB-*** dövlət nömrə nişanlı mikroavtobusdan maqnitafon, səs gücləndirici və gərginlik gücləndirici oğurlamışdır. 29.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 10.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində küçədə dayanmış vətəndaş Zərərçəkmiş şəxs məxsus «VAZ-2106» markalı 40-B-131 dövlət nömrə nişanlı maşından maqnitafon və səs gücləndirici oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Yusif Həsənov tərtib edilən protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs 24.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində küçədə dayanmış vətəndaş X1 məxsus “Mercedes” markalı, **-XB-*** dövlət nömrə nişanlı mikroavtobusdan maqnitafon, səs gücləndirici və gərginlik gücləndirici oğurlamışdır. Bundan başqa Şəxs 10.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində küçədə dayanmış vətəndaş Zərərçəkmiş şəxs məxsus «VAZ-2106» markalı, 40-B-131 dövlət nömrə nişanlı maşından maqnitafon və səs gücləndirici oğurlamışdır. Sumqayıt Şəhər Pİnin 5-ci PB-nin təhqiqatçıları tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 20.03.2022-ci il və 08.04.2022-ci il tarixli qərarlar qəbul edilmiş və həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 5ci PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, pula ehtiyyacı olduğu üçün 10.03.2022-ci il tarixinə keçən gecə, təxminən saat 03:00 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşayan Xəyal adlı şəxsin küçədə dayanmış «VAZ-2106» markalı avtomaşınından maqintafon və səsgücləndiricilər oğurlamışdır. Bundan başqa 24.03.2022-ci il tarixə keçən gecə, saat təxminən 02:00 radələrində Yaşıl dərə bağları ərazisində “Mercedes” markalı mikroavtobusdan maqnitafon, səsgücləndirici və gərginlik gücləndiricini oğurlayıb Saray qəsəbəsində adını bilmədiyi şəxsə ümumilikdə 38 manata satmışdır. Etdiyi əməllərdən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 10.03.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində küçədə saxladığı «VAZ-2106» markalı, 40- B-131 dövlət nömrə nişanlı maşınından maqnitafon və səs gücləndirici oğurlanmışdır. O, xəta törətmiş şəxsdən şikayətçidir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Digər zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, 24.03.2022-ci il tarixdə ona məxsus “Mercedes” markalı, **-XB-*** dövlət nişanlı avtomobilindən 90 manat dəyərində əmlakı oğurlanmışdır. Lakin səhhəti ilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak edə bilmir. Baş vermiş hadisə ilə bağlı şikayətçidir. Ərizəsinin nəzərə alınaraq işə onun iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20.03.2022-ci il və 08.04.2022-ci il tarixli qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun hərəkətindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi iki inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 29.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li və 29.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokollar üzrə hər bir inzibati xətaya görə ayrılıqda 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 aprel 2022-ci il, saat 13:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12(on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı, hesabAZ03TURA********************, VÖEN **********). Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1092/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1092/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver