Məhkəmə qərarları › İş №3(060)-1096/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1096/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1096/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 30 aprel 2025-ci il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən El-Plastik MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən tərtib edilmiş 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/001247 nömrəli raporta əsasən Şəxs (VÖEN:**********) xx.xx.2024-cü il tarixdə 1 ədəd 500 kq çəkidə “plastmas qapaqların istehsalında istifadə olunan qapaq kəsmə maşını” adlı malı Sumqayıt Gömrük İdarəsində **********2572 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında təmir məqsədilə bəyan edərək rəsmiləşdirmişdir. Qeyd olunan prosedur şərtlərinə əsasən sözügedən bəyannamə üzrə mallar xaricdə emal xüsusi gömrük prosedurunda təmirdən sonra xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmalı və təkrar idxal gömrük prosedurunda rəsmiləşdirilməli idi. Lakin gömrük bəyannaməsində göstərilən xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayarag, həmin mal bugünədək xaricdə emal xüsusi gömrük proseduru altında təmirdə galmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC 1 ədəd 500 kg çəkidə “plastmas qapaqların istehsalında istifadə olunan qapaq kəsmə maşını” adlı malı Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********2572 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında xx.xx.2025-ci il tarixədək geri qaytarma barədə öhdəlik götürməklə xaricdə emal olunmaq üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Mehmet X1 Besleyiciler ve X2” şirkətinə göndərmiş, lakin bugünədək təkrar idxal etməmişdir. Faktla əlaqədar olaraq müəyyən edilmişdir ki, Şəxs MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “Mehmet X1 Besleyiciler ve X2” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli ELP-TKM-32/2024 nömrəli müqavilə əsasında Şəxs MMC tərəfindən 1 ədəd 500 kg çəkidə “plastmas qapaqların istehsalında istifadə olunan qapaq kəsmə maşını” adlı malı xx.xx.2024-cü il tarixli **********2572 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir, "EL-Plastik” MMC xx.xx.2024-cü il tarixli ərizəsi ilə öhdəlik götürmüş və həmin öhdəliyə əsasən Sumqayıt Gömrük İdarəsi tərəfindən 12 ayadək 1 ədəd 500 kg çəkidə "plastmas qapaqların istehsalında istifadə olunan qapaq kəsmə maşını” adlı malın qaytarılmasına icazə verilmişdir. Şəxs MMC-nin öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir, lakin gömrük dəyəri 5950 AZN təşkil edən mal xaricdə emaldan sonra bugünədək təkrar idxal olunmamışdır, yaxud digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, El-Plastik MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də El-Plastik MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********2572 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, El-Plastik MMC-nin ünvanına Türkiyədən göndərilmiş 1 ədəd 500 kg çəkidə “plastmas qapaqların istehsalında istifadə olunan qapaq kəsmə maşını” adlı yük daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 200.4-cü maddəsinə əsasən Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 169-cu maddəsinin, Nazirlər Kabinetinin 2014-cü il 06 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.7-ci bəndinə əsasən icazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 497-ci maddəsinə görə malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. - 18.5-ci maddəsinə əsasən, həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş El-Plastik MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan El-Plastik MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların 30 (otuz) faizi məbləğində, yəni 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar