Məhkəmə qərarları › İş №3(060)-1097/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1097/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1097/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə tərtib edilmişdir və həmin maddənin sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. İndiki halda inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) nə qədər olması barədə materiallara hər hansı sənəd əlavə edilməmişdir. Nəzərə almaq lazımdır ki, iş baxışa təyin edildiyi və gələcəkdə iddia edilən inzibati xətanın törədilməsi öz təsdiqini tapdığı halda xətanı törətmiş şəxsə tətbiq ediləcək tənbehin miqdarı vurulmuş ziyanın (əldə edilmiş gəlirin) məbləğindən asılı olaraq müəyyən edilir. İndiki halda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) məbləğinin müəyyən edilməsi inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan haldır, bu hal müəyyən edilmədən iş məhkəməyə göndərildiyi üçün materiallar natamam hesab edilməlidir. Əlavə edilmiş materiallarda olan izahatlarda yalnız aşkar edilmiş pirotexniki məmulatların alış qiyməti göstərilmişdir. Lakin, materiala əlavə edilmiş sənədlərdə iddia edilən inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı barədə hər hansı məlumat mövcud deyil. Digər tərəfdən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət edilməmiş, protokolla tanış edilməmiş, protokolu imzalamasına və ona dair mülahizələrini təqdim etməsinə şərait yaradılmamışdır. Materiallara müvafiq izahatlar əlavə edilsə də, müəyyən edilmişdir ki, həmin izahatlar Sumqayıt ŞPİ-də alınmış izahatlardır. Protokol tərtib etmiş orqan, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət edilərək protokolla tanış edilməmiş, protokolu imzalamasına və ona dair mülahizələrini təqdim etməsinə şərait yaradılmamışdır. Hazırki materiallar daha öncə də məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2025-ci il tarixli 3(060)-939/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardadda da yuxarıda qeyd edilə natamamlıqlar göstərilmişdir. Lakin, mövcud natamamlıqlar aradan qaldırılmadan, yalnız Sumqayıt ŞPİ-də aparılan araşdırma zamanı toplanmış bəzi sənədlərin surətləri əlavə edilməklə materaillar təkrar məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin Təhlükəsiz görülməsi və X1 Agentliyindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar