Məhkəmə qərarları › İş №3(060)-1098/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1098/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1098/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, xx.xx.2024-cü il tarixdə xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların, yəni pirotexniki məmulatların dövriyyəsi ilə məşğul olması ilə Şəxs İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, daxil olmuş material natamamdır. xx.xx.2025-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsi 3(060)-941/2025 nömrəli qərar qəbul edərək protokolu və ona əlavə edilmiş materialları geri qaytarmış, lakin həmin qərarda göstərilən xüsusatlar aradan qaldırılmadan protokol yenidən məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında protokolda törədilən hadisənin nəticəsində əldə edilmiş gəlirin və ya dəymiş ziyanın miqdarı göstərilməmişdir. Bu səbəbdən protokolun icraata götürələrək, Şəxs əməlində təqsirinin müəyyən edildiyi təqdirdə barəsində cərimə tətbiq edilməsi mümkünsüzdür. Məhkəmə bir daha, həmçinin əlavə olaraq da izah edir ki, mövcud iş materialları natamamdır. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs iş üzrə izahatlar almaqla, icraatda mütəxəssizin iştirakını təmin etməklə, ekspertiza təyin etməklə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarını müəyyən edə bilər. Məhkəməyədək araşdırma müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, icraatda iştirak etmək hüququnun təmin olunmasını özündə əks etdirən hər hansı sübut iş materiallarına əlavə etməmişdir. Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və polis orqanında verdiyi izahatla kifayətlənərək inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa protokolda inzibati xəta haqqında iş üzrə maddi sübut kimi tanınmalı olan pirotexniki məmulatlar haqqında ümumiyyətlə hər hansı məlumat və ya fotoşəkil mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi Sənayedə X1 və X2 Agentliyindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Sədrlik edən: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar