Məhkəmə qərarları › İş №3(060)-1099/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1099/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1099/2025 05.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1991-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9-cu məhəllə, yataqxana 42/11, otaq 60 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanı yaxınlığında aralarında olan mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməsi ilə əlaqədar Şəxs barəsində İXM 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 1-ci PBnin sahə rəisi, polis kapitanı Tural Kazımov tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, şahid qismində Şahid və Aminə Dadşovanın izahatları alınmış, lakin sonuncu məhkəmə iclasında iştirak etməyə etiraz etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 5 ilə yaxın müddətdir ki, o ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində müvəqqəti olaraq yaşayır. Sonuncu dəfə 4 ay bundan öncə hazırda yaşadıqları ünvana köçmüşlər. Həmin mənzildə yaşamağa başladıqları vaxtdan qonşuluqda yaşayan Zülfiyyə adlı qadın daimi olaraq onunla və həyat yoldaşı Ülkərlə sözlü mübahisələr etmişdir. Aralarında mübahisəsinin yaranmasına səbəb Zülfiyyənin evinin qarşından keçməyi ilə bağlı ona irad bildirməsi olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 17:00 radələrində o, yaşadıqları ünvanda olduğu zaman həyat yoldaşı Ülkərin ev sahibəsi Aminə adlı qadınla söhbət etdiyi, bu zaman qonşusu Zülfiyyənin onlara yaxınlaşıb mübahisə etməyə başladığını eşitmişdir. Bu səbəbdən səsini eşitdikdən sonra məcburən küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra yaşadığı ünvanın qarşısında durub onlara yaxın getmədən Zülfiyyənin həyat yoldaşı ilə mübahisə etməsinə baxmışdır. Bundan sonra isə evə qayıdıb dərhal DİN-in 102 xidmətinə müraciət etmişdir. Zülfiyyənin həyat yoldaşı ilə mübahisəsi zamanı ona nə o, nə də həyat yoldaşı xəsarət yetirməmiş, zərbə endirməmişlər. Zülfiyyənin onun haqqında dedikləri yalnız böhtandan ibarətdir. Evlidir, himayəsində 3 azyaşlı uşağı var, əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 17:00 radələrində yaşadığı ünvanın həyət qapısını açaraq işdən gələn həyat yoldaşı Həbib-zadə Mütəllim Nəbi oğlunu qarşılamaq üçün çölə çıxmışdır. Həmin zaman onlarla yan qonşuluqda kirayədə yaşayan Ülkər adlı qadının yaşadıqları evin sahibi Aminə adlı qadınla ayaqüstə söhbət etdiyini görmüşdür. O, ərinin gəlib-gəlmədiyinə baxmaq üçün evlərinin qarşısından keçən avtomobil yoluna nəzər yetirmiş, bu zaman Ülkərin əri Asim həyətdən çıxaraq ona yaxınlaşmışdır. Asim yaxınlaşaraq ona irad bildirmiş, ona qarşı təhqiredici ifadələr işlətmişdir. O, buna görə əsəbləşib Asimə kəskin iradını bildirdiyi zaman Asim ona yaxınlaşıb sinə və sağ qol nahiyəmə əli ilə zərbə endirmişlər. Daha sonra Asimin həyat yoldaşı Ülkər Asimi oradan uzaqlaşdırmışdır. Hadisədən sonra Asimin onun sinəsinə zərbə vurdğu hissədə qançır yaranmış, həmin nahiyyə göyərmişdir. Hadisəni Şahid adlı qadın da görmüşdür. O, Şəxs şikayətçidir, onunla barışmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Diləfruz Həbib-Zadə izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı ünvanda olan zaman küçədən səs-küy gəldiyini eşidib, dərhal küçəyə çıxmışdır. Küçəyə çıxdıqda onunla qonşuluqda yaşayan Zülfiyyə, Aminə və Aminənin evində kirayədə yaşayan Asim və onun həyat yoldaşı Ülkərin bir yerdə dayanıb mübahisə etdiklərini görmüşdür. Daha sonra o, onlara yaxılaşmış mübahisənin predmetinin nə olması barədə soruşduğu zaman Asimin mübahisə gedişatında Zülfiyyəyə yaxınlaşıb onun sinə nahiyyəsindən zərbə endirdiyini görmüşdür. Həmin vaxt o, Zülfiyyə və Asimi bir-birindən ayırıb qırağa çəkmiş, hadisədən sonra Zülfiyyə öz evinə qayıtmışdır. Sonradan Zülfiyyənin sinəsində Asimin zərbəsindən sonra qançır yarandğını görmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin səmimi peşmançılığını, İİ qrup əlil olmasını və himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 1-ci PB-nin təhqiqatçısı, polis leytenantı Nicat İmranlı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə tədbir görülməsi üçün 1-ci PB-nə göndərilmişdir. MTE və PA X5 Şəxsdən daxil olmuş 488 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol döş vəzisinin qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 7-9 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs evlidir, xx.xx.2015-ci il təvəllüdlü Məhəmməd Ədilov, xx.xx.2017-ci il təvəllüdlü Yusif Ədilov və xx.xx.2023-cü il təvəllüdlü Zeyn Ədilov adlı üç övladı var. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs ümumi xəstəlik diaqnozu ilə -İİ qrup əlilliyinə görə 220 manat məbləğində pensiya alır. Məhkəmə iclas zalında təqdim edilmiş 01 ədəd diskə baxış keçirilən zaman görüntülərin kifayət qədər keyfiyyətsiz olması səbədindən məhkəmə hər hansı hadisənin baş verdiyini müəyyən edə bilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində protokol tərtib edilmiş şəxsi, zərəçəkmiş şəxsi, şahidi və iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs təqsirliliyi tam sübuta yetirilir. İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurmaması ilə bağlı verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir, belə ki, verdiyi izahat özünü müdafiə xarakterli izahat kimi qəbul edilməlidir. Təqim edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış sol döş vəzisinin qançırı xəsarətinin onun özü-özü tərəfindən yerinə yetirilməsi inkar edilmişdir. Sonuncunun məhz Şəxs tərəfindən yumruqla vurulmasını şahid Diləfruz Həbib-Zadə də təsdiq etmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs şikayətçi olduğunu, onunla barışmayacağını bildirmişdir. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını, İİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, himayəsində üç azyaşlı övladının olmasını, əməlindən peşman olmasını, İİ qrup əlil olmasını, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar