Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-11/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Şəxs MMC-yə məxsus metal əritmə zavodunda atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən, protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 öz izahatında bildirmişdir ki, idarə tərəfindən tərtib olunmuş protokola və protokola əlavə edilmiş sənədlərə əsasən qeyd etmək istəyir ki, "xxxx" ASCnin prezidenti Baba Rzayev tərəfindən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə xx.xx.2024-cü il tarixli məktub ünvanlamışdır. Həmin məktubda Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus “Metaləritmə” zavodu "xxxx" MMC-nin yaxınlığında yerləşir. Zavodun fəaliyyətə başladığı gündən texnoloji proseslər zamanı ayrılan tüstü qazları ilə zərərli maddələr və tozlar birbaşa atmosferə atılır. "xxxx" MMC hazırkı barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə məxsus istehsalat sahəsindən şikayətçidir. Belə ki, orada atılan iy, qoxu və zərərli maddələr orada fəaliyyət göstərən işçilərə və ətraf mühitə mənfi təsir göstərir. Həmin məktub əsasında İdarə tərəfindən inzibati araşdırma başlanılmışdır. xx.xx.2024-cü il tarixdə X3 əməkdaşları ilə birlikdə havada ölçmə “Ankat” cihazı vasitəsilə ərazidə ölçmə işləri aparılmışdır. Həmin müəssisədə atmosferə atılan dəm qazının miqdarı yol verilə bilən norma həddindən artıq olduğu müəyyən edilmişdir. Yol verilən norma həddi 5.0 mq/m3 təşkil etsə də, ərazidəki faktiki vəziyyətdə dəm qazının miqdarı 9.8 mq/m3 olmuşdur. Araşdırma zamanı "xxxx" MMC "xxxx" MMC-yə məxsus “Metaləritmə” zavodundan şikayət etmişdir, ancaq "xxxx" MMC İdarəyə məktub ünvanlayaraq həmin “Metaləritmə” zavodunu müəyyən bir tarixdən sonra Şəxs MMC-yə icarəyə vermələrini, onun balansında olduğunu və onlar tərəfindən istismar olunduğunu qeyd etmişlər. Aparılmış inzibati araşdırmanın nəticəsində Şəxs MMC-yə inzibati araşdırmada iştiraklarının təmin olunması məqsədi ilə bildiriş göndərilmiş, lakin inzibati araşdırmada iştirak edən olmamışdır. Bununla da, xx.xx.2024-cü il tarixdə müvafiq protokol tərtib olunmuşdur. Həmçinin, iş materiallarına əlavə olunmuş şəkillərdən də görünür ki, “Metaləritmə” zavodunun nəinki tüstü bacasından, hətta metal konstruksiyanın arasından da qara tüstü ətraf mühitə atılır. Hansı ki, bunlar təmizləyici qurğudan keçməklə boru vasitəsi ilə “Atmosfer havasına zərərli maddələrin atılmasına” dair Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq bir hündürlükdə nəzərdə tutulmuş boru vasitəsilə xüsusi icazə sənədi alındıqdan sonra atmosfer havasına atılması mümkündür. Beləliklə, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi "xxxx" ASC tərəfindən məktubla müraciət edildiyini göstərdi. Həmin məktubda göstərilir ki, "xxxx" MMC-nin mülkiyyətində olan zavoddan artıq uzun müddətdir tüstü qazları ilə zərərli maddələrlə bağlı "xxxx" ASC-nin şikayəti vardır. İnzibati Xətalar Məcəlləsi göstərir ki, protokolun tərtib edilmə və inzibati xətanın aşkarlanması əsaslarından biri 3-cü şəxslər tərəfindən verilmiş məlumatlardır. Bu halda həmin məktuba əsasən şikayət edilən "xxxx" MMC – faktiki olaraq barəsində protokol tərtib edilən Şəxs MMC deyil, tamamilə başqa qurum barəsində daxil olmuşdur. Həmin qurumun məktubundan da göründüyü kimi Şəxs MMCdən əvvəl fəaliyyət göstərdiyi dövrdə təbiətə atılan tullantılar və çirklənmələrlə bağlı xüsusi qeydlər nəzərdə tutulmuşdur. Bu məktub zavodun fəaliyyət dövrünü əhatə etmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlmişlər və müəyyən ölçmə aparmışlar. Ölçü aparılan cihazın göstəriciləri, onun məlumatları sənəddə qeyd olunsa da, ölçünü harada və hansı məsafədən aparılması qeyd edilməmişdir. Ölçü sənədlərindən də göründüyü kimi "xxxx" ASC-nin İdarəsinin daxilindən aparılmışdır. Həmin "xxxx" ASC-nin İdarəsinin daxilində atmosferə tullantıların atılması faktının mövcud durumunu, yəni başqa sənaye müəssisəsinin daxilində dayanaraq qonşuluqda olan sənaye müəssisəsindən tullantıların dərəcəsini ölçmüşlər. Protokolda həmin müəssisələr arasında nə qədər fərq olduğu göstərilməmişdir. Kifayət qədər təsir ola bilər ki, bu təsirlər Nazirliyin əməkdaşları tərəfindən araşdırılmamışdır. Ölçü zavodun daxilində aparılmamış, digər müəssisənin ərazisində ölçü aparılaraq nəticələr müəyənləşdirilmişdir. Bütün bunlar dolayı faktiki suallardır. İnzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixli 002571 nömrəli akta əsaslanır. Həmin aktda ölçünün aparıldığı, ölçünün nəticələri və rəsmiləşdirilməsi göstərilmiş, lakin havaya atılan tullantıların miqdarını müəyyən edən qanunvericilik aktları və həmin aktın dövlət reyestrində təsdiqlənən formasını təqdim edilməmiş, ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin təqdim etdiyi sənədlərə münasibətdə bildirdi ki, kimya müəssisələrinə ümumi verilmiş icazə sənədidir. Orada tonlarla hesablanır, o sənədlərlə ölçü cihazının miqdarı düz gəlmir. Təqdim olunan xüsusi icazə sənədi ekoloji pasport və 2TQ hesabatla uyğunlaşdırılan bir sənəddir ki, il ərzində tonla atmosferə atılan tullantıları göstərir. Ancaq “Ankat” ölçü cihazının birdəfəlik ölçmə cihazıdır və mq/m3-la götürülür. Burada inzibati xətanın əsas mahiyyəti sanitar mühafizə zonasında ölçünün aparılması və ya mühafizə zonasından kənarda aparılmasıdır. Kimya sənayesində sanitar mühafizə zolağının içərisində 20 mq/m3-a kimi icazə verilir. Ancaq ətrafda və yaşayış məntəqəsində 5.0 mq/m3-a kimi icazə verilir. "xxxx" ASC şikayət edir ki, metalurgiya müəssisəsindən çıxan qara tüstü avadanlıqların üzərinə hopur və avadanlıqlar müddətindən əvvəl sıradan çıxır. Həmçinin, işçilər üçün də baş ağrısı və sairə müəyyən hallar kimi mənfi təsir göstərir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 təqdim etdiyi sənədlərə münasibət bildirərək bildirdi ki, təqdim olunan sənədlərin içərisində olan izahat bundan əvvəlki iclas zamanı bildirdiyi normaların müəyyənləşdirilməsinə dair hissədədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi ötən iclasda çıxış edərək konkret olaraq bildirməsə də, SSRİ dövründə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən qəbul edilmiş normativ hüquqi aktın bu normaları müəyyənləşdirdiyini bildirdi. Ona görə təqdim etdiyi izahat birbaşa həmin sənədlə bağlıdır. Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı 18 oktyabr 1990-cı il tarixdə qəbul olunmuşdur. Həmin aktın 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş Sovet Sosialist Respublikaları İttifaqı qanunvericiliyi qüvvədə qalmış hesab olunur və buna dair Milli Məclisin qərar qəbul etməsi nəzərdə tutulur. Ondan sonra 28 oktyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası ərazisinin hüquqi qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş SSRİ qanunları və onların tətbiqi haqqında Qanun qəbul etmişdir. 1992-ci il SSRİ-nin qüvvədə olan qanunları göstərən Azərbaycan Respublikası Qanununda müfəssəl siyahı göstərilmişdir. Atmosferə və ekologiyaya aid həmin qanunların içərisində yalnız bir qanun var, o da 25 iyun 1980-cı il tarixli “Atmosfer havasının mühafizəsi” haqqında qanundur. Lakin, 1992-ci ildə Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsini müvəqqəti saxlayan qanunlar Sovet Sosialist Respublikaları İttifaqı qanunların tətbiqi haqqında qanun göstərir ki, Azərbaycan Respublikası tərəfindən bu qanunda göstərilən məsələləri tənzimləyən qanun qəbul edilənədək bu qanun qüvvədə qalır. “Atmosfer havasının mühafizəsi” haqqında qanun isə 27 mart 2001-ci il tarixdə qəbul edilmişdir. Bu da onu göstərir ki, SSRİ dövründən qalan normativlər və ya 1980-cı il tarixdə qəbul edilmiş qanunlar heç biri Azərbaycan Respublikasında tətbiq edilmir. 1980-cı il tarixli “Atmosfer havasının mühafizəsi” haqqında qanun özündə də atmosfer havasına atılan zərərli maddələrin necə ölçülməsi müəyyən olunmamışdır. Qanun özü göstərir ki, Nazirlər Kabineti tərəfindən normativ müəyyənləşdiriləcəkdir. Nazirlər Kabinetinin 1981-1982-ci il tarixli Sovet Sosialist Respublikaları İttifaqları qərarında da Azərbaycan Respublikasının qüvvədə olan qanunlar siyahısında da yoxdur, 5.0 mq/m3 hardan götürüldüyü aydın deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Şəxsndə istehsalat direktoru vəzifəsində çalışır. O, həmin zavodda uzun müddətdir, yəni 10 ildir işləyir. Özü metallurgiya mütəxəssisidir. 2010-cu il tarixdən zavod metaləritmə fəaliyyəti ilə məşğuldur. Müəyyən müddətdən sonra şirkətin adı dəyişmişdir, belə ki, özəl olaraq biznes vahidləri kimi ayrılıb “STP”-nin tərkibindən ayrılmışdır. Bu ilin iyun ayından etibarən Şəxs MMC olaraq fəaliyyət göstərir. Metaləritmə sahəsində 6 ədəd 10 tonluq induksiya tipli polad əritmə zavodu fəaliyyət göstərir. Bunlardan 3 soba Çin istehsalı induksiya tipli ocaqlardır, 3 ədədini isə 2022-ci ildə Hindistanın “Elektrotexnik” firmasından gətirilib quraşdırılan sobalardır. Bu sobaların toz toplama sistemləri, soyutma sistemləri komplekt şəkildə quraşdırılmışdır. Azərbaycan Respublikasında 30-a yaxın irilixırdalı metal əritmə müəssisələri mövcuddur. Bunların toz toplama sistemi bir “X7” MMC və bir də Şəxs MMC-də fəaliyyət göstərir. Bu sistemlə tozun 90 %-ni tutmaq mümkündür. Çin tipli ocaqları 2018-ci ildə qurmuşlar. Müəssisə 2 il fəaliyyətini dayandırmışdır. 2024cü ilin iyun ayından istehsalata başlamışlar. Çin tipli ocaqlarda toz və duman olmaması üçün Türkiyədən yeni 1600 ədəd qiyməti 17000 ABŞ dollarından artıq filtr alınmışdır. COP ərəfəsində hamısı dəyişdirilmişdir. Hazırda metal əritmə zamanı tozun 90 %-ni çəkib özündə saxlayır. Quraşdırma işləri aparıldıqdan sonra müəyyən təşkilat çağırılaraq yoxlama aparılmış və hər şey qaydasında olmuşdur. Lakin sobanın – metalın süzüm anları vardır. Həmin zaman toz toplama sistemləri kənara çəkilir, çünki bunlar hidravlik qalxıb-enmə ilə süzüldüyünə görə sistem üzərində saxlamaq olmur. Elə zamanlar tüstü bir az artıq ola bilir, o da 2 dəqiqə çəkir. Yəqin ki, yoxlama həmin zamana düşmüşdür. Süzülmə zamanı toz-duman qalxa bilir, lakin başqa zamanlarda tüstünün 90 %-ni toz toplama sistemi çəkir. Zavod tüstü bacaları ilə təmin edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-9/2- 33xx/xx/2024 saylı məktubdan görünür ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “STP AH" MMC-yə məxsus “Metaləritmə" zavodu “Sumqayıt Elektrik Stansiyası" MMC-nin yaxınlığında yerləşir. Zavod fəaliyyətə başladığı gündən texnoloji proseslər zamanı ayrılan tüstü qazları ilə zərərli maddələr və tozlar birbaşa atmosferə atılır. Ətraf mühitə yayılan zərərli maddələr Sumqayıt Elektrik Stansiyasının işçilərinin sağlamlığına və stansiyanın avadanlıqlarına, xüsusən də Qaz turbinlərinin kompressorlarının hava süzgəclərinin vaxtından əvvəl tutulmasına, eyni zamanda yanğın-tüstü dedektorlarının çirklənərək səhvən işə düşməsinə, digər avadanlıq və qurğuların dayanıqlı istismarına mənfi təsir göstərir. Son illərdə fasiləsiz işləyən zavoddan istehsal prosesi nəticəsində ətraf mühitə atılan tüstü qazlarının həcmi artdığından vəziyyət kritik həddə çatmışdır. Qeyd olunan məsələ ilə bağlı "xxxx" MMC tərəfindən “STP AH" MMC-yə rəsmi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. 11+xx.xx.2024cü il tarixlərində Bakı şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə X1 Konfransının 29-cu sessiyasının (COP-29) keçirilməsi ilə əlaqədar enerji sistemin dayanıqlı və fasiləsiz işinin təmin edilməsi məqsədilə Sumqayıt Elektrik Stansiyasının qüsursuz fəaliyyətini nəzərə alaraq, qeyd olunan məsələ ilə bağlı müvafiq tədbir görülməsini Sizdən xahiş edirik. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 06 dekabr 2024cü il tarixli 002571 №li aktın surətindən görünür ki, Azərbaycan Respublikası "xxxx" ASCdən daxil olmuş xx.xx.2024-cüil tarixli, 3-14/1-3966-D/2024 nömrəli məktubun icrası ilə əlaqədar Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən Şəxs MMC-nin (əvvəlki adı "xxxx" MMC) ətraf ərazisində XKEMİ-nin əməkdaşları tərəfindən monitorinq aparılmış, monitorinq ölçmə işləri zamanı Sumqayıt İEŞ-in yaxınlığında yerləşən əsas fəaliyyət növü metaləritmə olan Şəxs MMC-nin fəaliyyəti zamanı tüstü bacasından kəskin qaz tüstüsünün atmosfer havasına atılması müşahidə olunmuşdur. Buna görə də, sabit hava şəraitində saat 13.00-dan 14.30-dək müəssisənin ətraf ərazisində “Ankat 64 M3-04” səyyar cihaz vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Ölçmənin nəticəsində qaz CO (dəm qazı) – 9.8 mq/m3 (norma 5.0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 06 dekabr 2024-cü il tarixli 88741 №li aktdan görünür ki, İdarənin 0176 saylı, xx.xx.2024-cü il tarixli sərəncamına əsasən "xxxx" ASC-nin prezidenti Baba Rzayev tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına Sumqayıt şəhərində "xxxx"nın yaxınlığında yerləşən metaləritmə zavodundan ayrılan tüstü, toz, zərərli maddələrin işçilərin səhhətinə, stansiyanın avadanlıqlarına və qurğuların dayanıqlı istismarına təsir göstərməsi barədə daxil omuş xx.xx.2024-cü il tarixli, 13-9/2- 33xx/xx/2024 saylı müraciətlə əlaqədar araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC-yə bitişik vəziyyətdə fəaliyyət göstərən metaləritmə zavodu "xxxx" MMC-nin istifadəsindən 2024-cü ilin iyun ayından eyni avadanlıq və texnologiya ilə Şəxs MMC-nin idarə etməsi altında fəaliyyət göstərir. Bu barədə Şəxs MMC tərəfindən İdarəyə 0178 saylı xx.xx.2024-cü il tarixli məktub daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə ETSN-nin X6 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-yə məxsus metal əritmə zavodunun ətraf ərazisində “Ankat 64 M3-04” markalı səyyar qazanalizator cihazı vasitəsilə monitorinq – ölçmə aparılmış və ölçmənin nəticəsinə görə atmosfer havasında CO (dəm qazı) – 9.8 mq/m3 (norma 5.0 mq/m3) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Şəxs MMC-yə məxsus metal əritmə zavodunda atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. İş materiallarında olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 061224 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq idarəsi tərəfindən tərtib edilən №002228 Akta əsasən, Şəxs MMC-nin fəaliyyəti zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarlarının müəyyən edilməsi məqsədilə monitorinq keçirilmiş və nəticə olaraq, zavodun fəaliyyəti zamanı atmosferə atılan zərərli qazların miqdarının yol verilən hədd daxilində olduğu qərarına gəlinmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən edilən şikayətdə nəzərdə tutulan məsələlərin həlli məqsədilə "xxxx" MMC və Şəxs MMC-nin rəhbərləri arasında görüş keçirilmiş, bu məktubun sizə göndərildiyi tarixə Məktubda bildirilən bütün problemlərin həllinə dair razılığa gəlinmiş və qeyd edilən problemlər aradan qaldırılmışdır. İş materiallarında olan OMS K 08666 nömrəli sertifkatdan görünür ki, “Ankat 64 M3-04” markalı qazanalizator cihazı sertifikasiyadan keçmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı vəsatətdən görünür ki, 06 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda, ASPM MMC-nin İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə göstərilmiş inzibati xətanın tərədilməsi faktı, idarənin xx.xx.2024-cü il tarixli 88741 saylı aktı ilə təsdiq edilmişdir. Həmin aktda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Monitorinq İdarəsi tərəfindən ASPM MMC-nin ətraf ərazisində aparılan ölçmə analiz işləri nəticəsində CO2 (dəm qazı) konsentrasiyasının 9,8 mg/m3 təşkil etdiyi qeyd edilmişdir. Aktda, hədd normanının 5,0 mg/m3 olduğu göstərilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, qeyd edilən aktda, ətraf mühit üçün hədd normanının 5,0 mg/m3 olduğunu təyin edən normativ hüquqi sənəd göstərilməmişdir. Tərəflərindən aparılan araşdırma nəticəsində belə bir sənədin mövcudluğuna elektron informasiya ehtiyatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ədliyyə Nazirliyinin internet resurslarında rast gəlinməmişdir. Ona görə də, ətraf mühit üçün CO2 (dəm qazı) konsentrasiyası üçün hədd normanının 5,0 mg/m3 olaraq təyin edildiyi normativ hüquqi sənəd müəyyənləşdirilsini, həmin normativ hüquqi sənədin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhkəməyə təqdim edilməsi təmin edilməsini və həmin normativ hüquqi sənədin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini təsdiqləyən sənəd Azərbaycan Respublikaları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhkəməyə təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-yə məxsus metal əritmə zavodunda atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur, bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması iş materialında olan akt, protokol və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol, MMC-yə məxsus metaləritmə zavodunun atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması əsası ilə tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin təqim etdiyi cədvəldə məlum olur ki, Azərbaycan Respublikası ETSN X4 Agentliyi tərəfindən atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə bir il üçün nəzərdə tutulmuşdur. Lakin, yoxlama zamanı metaləritmə zavodunun yaxınlığında “Ankat” 64M3-04 səyyar cihazı vasitəsi ilə CO (dəm qazının) 9,8 mq/m3 (norma 5,0 mq/m3) olması aşkar olunmuşdur. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 10.3-cü maddəsində atmosfer havasına atılan zərərli maddələrin yol verilən həddinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi, həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli fərmanına görə həmin orqanının Ekologiya və Təbii Sərvətlər Nazirliyi olması qeyd edilmiş, lakin hazırkı dövrədək ETSN tərəfindən hər hansı normativ hüquqi akt qəbul edilməmişdir. Buna baxmayaraq xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 198 nömrəli qərarında qeyd edilmişdir ki, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimat ilə, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respulikasının ETSN müəyyən etdiyi texniki normativlərdən istifadə edilir. Hazırda tətbiq edilən 5,0 mq/m3 həddi isə SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.1984-cü il tarixli, N 3086-84 saylı “Atmosfer havasında çirkləndiricilərin yol verilən qatılılıq hədlərinin norması”nda öz əksini tapmışdır. SSRİ Səhiyyə Nazirliyinin qəbul etdiyi akt isə öz qüvvəsini itirməmişdir. Belə ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, dövlət quruluşunun dəyişdirilməsinə yönəldilməmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır. 2001-ci il ildə “Atmosfer havasının mühafizəsi” haqqında Azərbaycan Respublikasının qanunun qəbul edilməsi 1980-ci il tarixli eyni adlı qanunun qüvvədən düşməsinə səbəb olsa da, havaya atılan zərərli maddələrin yol verilən həddini müəyyən edən SSRİ Səhiyyə Nazirliyinin qəbul etdiyi aktın qüvvədən düşməsi üçün əsas deyildir. Azərbaycan Respublikası ETSN tərəfindən normativ hüquqi aktın qəbul edilməməsi qanunvericilikdə boşluq olaraq qiymətləndirilməməlidir. Çünki, mərkəzi icra hakimiyyəti orqanı olan ETSN-nin normativ hüquqi aktından daha üstün qüvvəyə malik Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı həmin normativlərin tənzimlənmə qaydasını müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş şəkillərdən və məhkəmə iclaslarında iştirak edən tərəflərin izahatlarından aydın olur ki, “Ankat” səyyar cihazı Şəxs MMC-yə məxsus metaləritmə zavodundan müəyyən qədər aralı məsafədə istifadə edilmiş, həmin ərazi isə "xxxx" QSC-yə məxsus tikilinin yaxınlığıdır. Məhkəmə hesab edir ki, ölçmənin həmin ərazidə aparılması məqsədəuyğundur. Çünki, müvafiq yoxlamaların keçirilməsinə əsas "xxxx" ASC-nin prezidenti tərəfindən Azərbaycan Respublikası ETSN-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu olmuş, həmin məktubda "xxxx" MMC-nin fəaliyyəti nəticəsində "xxxx" ASC-in işçilərinin sağlamlığına zərər vurulması, avadanlıqlarının və qurğularının dayanıqlı istismarına təsir göstərməsi qeyd olunmuşdur. İş materiallarından məlum olur, "xxxx" MMC istifadəsində olan metaləritmə zavodu 2024-cü il iyun ayından etibarən eyni avadanlıq və texnologiya iləŞəxs MMC-nin idarəetməsi altında fəaliyyət göstərir. Həmçinin, Şəxs MMC-nin nümayəndəsinin ölçmənin metaləritmə zavodunun ərazisindən kənarda, "xxxx" ASC-yə məxsus tikilinin yanında aparılması səbəbi ilə zərərli maddələrin atmosferə MMC tərəfindən atılmaması, "xxxx" ASC tərəfindən atıla bilmə ehtimalı barədə bildirdiklərinə gəldikdə məhkəmə hesab edir ki, izahat özünümüdafiə xarakterlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Şəxs MMC-nin direktorun Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı məktubdan da aydın olur ki, atmosferə zərərli maddələrin atılması ilə bağlı mübahisələrin "xxxx" ASC fəaliyyəti ilə deyil, Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 4cü maddəsinə əsasən Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilməmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır; həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən edir. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10.500 (on min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-11/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-11/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver