Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1100/2025 05.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1991-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Seydimli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 4-cü PB-nin sahə rəisi Cəlil Rəhimli tərəfindən İXM-nin 206-cı maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, RND ekspress test üsulu ilə müayinə edilmiş, müayinə zamanı AMP, MET qəbulu faktı aşkarlanmış, bu səbəbdən barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş 4-cü PB-nin sahə rəisi Cəlil Rəhimli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam radələrində Şəxs şübhəli olduğu üçün 4-cü PB-nin əməliyyat müvəkilləri tərəfindən saxlanılmış, özü haqqında məlumat vermədiyi üçün PB-ə dəvət edilmişdir. PB-də onun narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmiş, barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Protokolu müdafiə edir, inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunamüvafiq tənbeh növünün tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə rəfiqəsinin yeni doğulmuş uşağını görmək üçün Sumqayıt şəhərinə qonaq gəlmişdir. Lakin rəfiqəsi evdə olmadığı üçün onu gözləmək məqsədilə Sumqayıt şəhəri, Stadion deyilən ərazidə axşam radələrində gəzişən zaman polis əməkdaşları ona yaxınlaşmış, şübhəli olduğu üçün PB-ə aparmışlar. PB-də müayinəyə göndərilmiş, onda narkotik vasitə istifadə etməsi aşkarlanmışdır. Bildirir ki, “patı” adlanan narkotik vasitədən yalnız Bakı şəhərinə gələndə məclislərdə çəkməklə istifadə edir. Narkotik vasitəni təxminən qış aylarından istifadə etmişdir. Hazırda 2 xəstə övladı anasının himayəsindədir. Əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində cərimə inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs qadın olmasını, himayəsində olmasa belə, iki xəstə uşağına nəzarət etməli olmasını, əməlindən peşman olmasını və Tərtər rayonunda yaşamasının nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə uyğun olaraq aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 2586 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəində dispanser qeydiyyata alınması məsləhət görülür. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə” aparılan tibbi müayinə barədə 03 may 2025-ci il tarixli aktdan görünür ki, Şəxs metamfetamin qəbul edilməsi faktı aşkar edilmişdir. Elektron məhkəmə informasiya sistemindən müəyyən edilir ki, Şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Fərəməz Soltanov və xx.xx.2009-cu il təvəllüdlü Aytac Soltanova adlı iki övladı vardır. “İnzibati qaydada tutulma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:30-da azad edilmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsi, eyni zamanda protokol tərtib etmiş sahə rəisini dinləyib, iş materialllarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Bu səbəbdən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alır. Odur ki, məhkəmə Şəxs əməlindən peşman olmasını, iki övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalı, barəsində narkomaniyadan məcburi mülicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası NK-nin 2001-ci il qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 02 (iki) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1100/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1100/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver