Məhkəmə qərarları › İş №3(060)-1107/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1107/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1107/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ14873574 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ14873574 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixli, EQ 14873574 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nın 328.1-ci maddəsinə əsasən 10 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən İXM-nin qeyd olunan maddələrinin tələbləri onun tərəfindən pozulmamışdır. Belə ki, onun şəxsi mülkiyyətində olan VAZ-21061 markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomaşını xx.xx.2022-ci il tarixdə 8889 reyestr nömrəli, 686204 blank nömrəli etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X5, sonuncu isə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daxilində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1953-cü il təvəllüdlü X6ma xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. Etibarnamə üzrə ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Göründüyü kimi, o,barəsində tərtib edilmiş qərarlarda qeyd olunan yol hərəkəti qaydalarını pozmamışdır. Yəni həmin vaxtdan onun adına olan minik avtomobilini idarə etməmişdir. Sadəcə olaraq minik avtomobili onun adına olduğuna görə, maşının kim tərəfindən idarə olunması müəyyən edilmədən, yəni zəruri ilkin araşdırma aparılmadan barəmdə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. İnzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarlar ona məlum olan kimi o, DİN-nin BDYP-yə şikayət etmişdir. Onun şikayətinə Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı Rasim Məmmədov tərəfindən baxılmış və 15 mart 2024-cü il tarixdə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. O, hal-hazırda qeydiyyatda olduğu Sumqayıt şəhəri, 12-ci mikr, ev 12B, mənzil 52 yaşayır, birinci Qarabağ müharibəsi veteranı olmaqla 2-ci qrup əlildir. Göstərilən səbəbdən də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ14873574 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ14873574 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ14873574 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 həmin tarixdə VAZ-21061 markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan etibarnamələrin suərtlərindən, həmçinin elektron notariat sistemindən çıxarışdan görünür ki, “VAZ-21061” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X8 həmin avtomobilə görə xx.xx.2021-ci ildə X7, xx.xx.2022-ci ildə X10 etibarnamələr vermişdir. xx.xx.2022-ci il tarixdə isə X5, sonuncu isə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daxilində X3 xx.xx.2023-cü il tarixədək olan müddətdə etibarnamə vermişdir. Beləliklə də müəyyən edilmişdir ki, “VAZ-21061” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobil X2 mülkiyyətində olsa da, həmin avtomobili faktiki olaraq satmış və müxtəlif şəxslərin adına etibarnamə vermişdir. Verilmiş etibarnamələrin vaxtı bitdikdən sonra avtomobil faktiki olaraq X1 olmadığı və onun tərəfindən idarə edilmədiyi halda həmin avtomobilin idarə edilməsi nəticəsində yol verilmiş inzibati xətalara görə inzibati cərimlər X4 barəsində tətbiq edilmişdir. X8 bununla bağlı daxili işlər orqanlarına müraciət edərək barəsində olan qərarların ləğv edilməsini xahiş etsə də müraciəti bu günə kimi təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ14873574 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ14873574 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar