Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-111/2023 12.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, sürücü işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li və ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhərinin girişində “Azpetrol”un yaxınlığında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 12 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X5 izahatında bildirdi ki, Şəxs barəsində raport tərtib edilmişdir. Şəxs saxlanılan zaman polisin qanuni tələblərinə tabe olmamış və nalayiq ifadələr işlətmişdir. Hadisə dövlət əhəmiyyətli tədbir zamanı baş vermişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Bakı şəhərindən sərnişin götürüb Sumqayıt şəhərinə gələn zaman şəhərin girəcəyində olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında bütün avtomobillərin dayandığını görərək dayanmışdır. Həmin vaxt yol patrul xidməti əməkdaşı yaxınlaşaraq ona yolun boşaldılmasını və Bakı istiqamətinə sürməsini tələb etmiş, o da yol bağlı olduğu üçün artıq bir dəfə Bakı istiqamətinə yönəldildiyindən və qarşıdan keçid edərək yenidən qaytdığından, Sumqayıta girməli olduğunu bildirmiş, polis əməkdaşı heç nə deməmiş və avtomobillərin hərəkətini tənzim etməyə getmişdir. Onun avtomobilinin sağ, sol, ön və arxa tərəflərində avtomobillər dayanmışdır. Daha sonra mülki geyimli, əlində ratsiya olan bir nəfər şəxs yaxınlaşmış, o da həmin şəxsdən “Azpetrol”a məxsus ayaq yoluna getmək üçün ondan icazə almışdır. O da maşını söndürərək getmişdir. Gəldikdə ona avtomobilinin cərimə meydançasına gedəcəyini bildirmişlər. Səbəbini soruşduqda ona dövlət tədbirini pozduğunu bildirmişlər. Etiraz etsə də, sonra heç bir şey demədən maşını sürmüşdür. Polis əməkdaşı da onun yanında əyləşmişdir. Avtomobildə əyləşən xanım sərnişinlə polis əməkdaşının mübahisəsi olmuşdur. Onu da heç bir əsas olmadan bölməyə gətirmişlər. Himayəsində 3 uşağı vardır. Həyat yoldaşı yeni əməliyyat olmuşdur. Qeyd olunanların Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, tərtib edilmiş protokol əsassızdır. Şəxsin təqsirli olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin şəxs tərəfindən hər hansı nalayiq ifadə işlədilməmişdir. İnzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı X6 bildirdi ki, dövlət əhəmiyyətli tədbir keçirilən zaman Azpetrol dairəsində hərəkət istiqamətini tənzimləyərək xidmət aparmışdır. Bu zaman Şəxs Sumqayıt şəhərinə daxil olmaq istəmiş, o da sürücüyə yalnız Bakı istiqamətinə hərəkət etməli olduğunu bildirmişdir. Lakin sürücü onun qanuni tələbinə tabe olmamış, Sumqayıt şəhərinə getmək istədiyini bildirmişdir. O sürücüyə avtomobili saxlamaqla digər hərəkət iştirakçılarının hərəkətinə mane olduğunu, nəqliyyat axınının dayanmasına səbəb olduğunu bildirmişdir. Daha sonra avtomobilə yaxınlaşdıqda sürücünün avtomobildə olmadığını görmüşdür. Bir neçə dəqiqədən sonra sürücü avtomobilə yaxınlaşan zaman ona yenə avtomobilini oradan uzaqlaşdırmalı olduğunu bildirmiş, lakin sürücü yenə onun qanuni tələbinə tabe olmamışdır. Bununla da o, onun xidməti fəaliyyətini pozmuşdur. Bundan əlavə qeyd etdi ki, Şəxs tərəfindən hər hansı nalayiq ifadə istifadə edilməmiş, o, sadəcə narazılığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməli və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, vətəndaş Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, tərtib edilmiş protokollardan və məhkəmə iclasında verilmiş izahatlardan aydın olur ki, Şəxs xuliqanlıq hərəkətləri edərək nalayiq ifadələr işlətməmiş, cəmiyyətə açıqca hörmətsizlik etməmiş, sadəcə polis əməkdaşlarına narazılığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin İİİ bəndinə əsasən yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün iştirakçıları üçün məcburidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, şəxsə yolun bağlı olması ilə əlaqədar avtomobillərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hərəkət istiqamətinin dəyişdirilməsinə dair xəbərdarlıq edilmiş, o bir dəfə yolunu dəyişərək getmiş, yenidən qayıdaraq həmin yerdə gəlib dayanmışdır. Daha sonra YPX əməkdaşları tərəfindən avtomobilin digər istiqamətə dəyişməsi barədə bir neçə dəfə xəbərdar edilsə də buna məhəl qoymamış, digər hərəkət iştirakçılarına mane olaraq nəqliyyat axınının dayanmasına səbəb olmuşdur. İnzibati həbsin əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X3rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-111/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-111/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver