Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1114/2024 22.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, yataqxana 3 SKZ ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746563 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9572/2018 saylı, xx.xx.2018-ci il tarixli, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8i-5376 saylı, xx.xx.2020-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2708/2021 saylı, xx.xx.2021ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6876/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbi yerinə yetirməmiş və 5076 manat məbləğində pul vəsaitini üzrsüz səbəbdən ödəməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9572/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 410 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8i-5376 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 3600 manat məbləğində pul X4 xeyrinə, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2708/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1226 manat pul tələbkar X3 xeyrinə tutulmalıdır. Borclu icra sənədinin icrasından qərəzli şəkildə yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)-2855/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, bundan sonra da borclu icra sənədini icra etməmiş və borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. borclunun 6 ədəd icra işi var. xx.xx.2024-cü il tarixli qərarla Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2024-cü il tarixdə barəsində axtarış qərarı elan olunmuşdur. Borclunun adına hər hansı əmlak müəyyən olunmamış və gəliri yoxdur. Borclu axtarış qərarı əsasında bir gün öncə saxlanılmışdır. Gecəni Polis Bölməsində qalmış və bu gün onu icra idarəsinə təhvil vermişlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, bir dəfə icra idarəsinə gəlmiş, lakin icra məmuru məhkəmədə olduğu üçün görüşə bilməmişdir. Daha sonra qabırğası sındığı üçün icra məmurunun çağırışlarına gələ bilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən icra idarəsinə gətirilmişdir. Hal-hazırda ödəniş etməyə maddi imkanı yoxdur. Maddi imkanının zəif olmasının nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa borclu ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, taksi fəlaiyyəti ilə məşğul olur, hal-hazırda nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. O, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9572/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin xeyrinə 160 manat ödəniş etmiş, lakin qəbzi icra məmuruna təqdim etməmişdir. O, bir gün öncə saat 18:00-da saxlanılaraq Polis Bölməsində qalmışdır. Bu gün isə İcra İdarəsinə, oradan isə məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır, heç bir ödəniş etmir. Hər dəfə yalan vədlər verir, yayınır və ödəniş etməyəcəyini bildirir. Ona görə də borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müafiəçi X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borcunu etiraf edir və qərəzli olaraq ödənişdən boyun qaçırmır. Sadəcə maddi vəziyyətinə görə ödəniş edə bilməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9572/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 410 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8i-5376 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 3600 manat məbləğində pul E.Ə.Məmmədovun xeyrinə, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2708/2021 saylı, xx.xx.2021-ci il tarixli 1226 manat pul tələbkar X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)- 2855/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan icra sənədləri üzrə ödənişlər etməmiş, icra məmurunun çağırışlarından yayınmış və yalnız axtarış qərarı ilə onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)- 2855/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə edilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 21 may 2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Şəxs axtarış qərarı əsasında icra idarəsinə bu gün gətirilsə də, 21 may 2024-cü il tarixdən saat 18:00-dan polis tərəfindən saxlanılmış və azad edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 21 may 2024-cü il tarixdən saat 18:00dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1114/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1114/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver