Məhkəmə qərarları › İş №3(060)-1115/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1115/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1115/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də əməyin mühafizəsi üzrə mühəndis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə 17 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, "xxxx" MMC Sumqayıt şəhəri X13 fəaliyyət göstərir. Cəmiyyətini əsas sahibkarlıq fəaliyyəti keramik piltələrin istehsalı ilə məşğul olmaqdan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs "xxxx" MMC-də əməyin mühafizəsi üzrə mühəndis, zərərçəkmiş şəxs X6 isə həmin MMC-də fəhlə işləyir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatının” 2.11-ci bəndinə əsasən əməyin mühafizəsi üzrə mühəndis işə götürülənlərlə müvafiq təlimatlar aparmalı, işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırmalı, əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə kömək etməli, o cümlədən tabeliyində olan işçilərin vəzifələrinin icrasına nəzarət etməlidir. Lakin, Şəxs vəzifə təlimatının 2.11-ci bəndinin tələblərinə əməl etməyərək tabeliyində olan işçilərin vəzifələrinin icrasına nəzarət etmədiyi üçün xx.xx.2024-cü il tarixdə saat 10:40 radələrində Sumqayıt şəhəri, X13 yerləşən cəmiyyətə məxsus zavodda fəhlə Zərərçəkmiş şəxs çeşidlənmə sahəsinin 1-ci konveyer xətti üzərində istifadəyə yararsız keramik piltəni götürərkən sol ayağının baldır hissəsi konveyer xəttinin arasında sıxışıb qalması nəticəsində yüngül bədən xəsarəti almışdır. İş üzrə araşdırma zamanı Şəxs özünü təqsirli bilməsə də müəyyən edilmişdir ki, bədbəxt hadisə məhz onun nəzarətsizliyi səbəbindən baş vermişdir. Belə ki, fəhlə yarasız kafelləri konveyer lentinin üzərindən götürməli olduğu halda işarələnmiş hissəni keçərək konveyerin içəri hissəsindən götürmək istəmiş və həmin vaxt hadisə baş vermişdir. Qeyd etdiyi kimi fəhlənin iş şəraitinə lazimi nəzarət olsa idi bədbəxt hadisə baş verməzdi. Həmçinin bildirmişdir ki, iş üzrə araşdırma yalnız müfəttişlikdə olmuş, prokurorluqda hər hansı araşdırma aparılaraq qərar qəbul edilməmişdir. Sumqayıt şəhər prokurorluğu yalnız onların müraciəti üzrə tibbi-ekspertiza təyin edərək müvafiq rəy almış və rəyi onlara təqdim etmişdir. Eyni zamanda bildirmişdir ki, "xxxx" MMC-də anoloji hal bir neçə dəfə baş vermişdir. Başqa bir bədbəxt hadisə faktı ilə bağlı Şəxs Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş və həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Həmin qərarın da surətini məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o baş vermiş hadisəyə görə özünü təqsirli bilmir. Belə ki, o bütün işçilərlə əməyin mühafizəsi üzrə müvafiq təlimatlar aparmış, işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırmışdır və bu davamlı şəkildə həyata keçirilir. xx.xx.2024-cü il tarixdə səhər işə başlamış, yenə bütün işçiləri əməyin mühafizəsi qaydaları ilə bağlı təlimatlandırmış və ərazidə gəzmişdir. Təxminən saat 10:20 radələrində çeşidlənmə sahəsində bədbəxt hadisə olması barədə işçilər ona məlumat vermiş, hadisə yerinə gəldikdə fəhlə X1 ayağından xəsarət aldığını görümüşdür. X3 tibbi yardım göstərilərək xəstəxanaya çatdırılmışdır. O, digər işçilər kimi X4 da əməyin mühafizəsi üzrə təlimatlandırmış və ona əlavə hər hansı iş tapşırmamışdır. Hadisəyə səbəb X1 özünün ona verilmiş təlimatlara əməl etməyərək kafelləri konveyer lentinin üzərindən götürməli olduğu halda işarələnmiş hissəni keçərək konveyerin içəri hissəsindən götürmək istəməsi olmuşdur. Həmçinin bildirmişdir ki, "xxxx" MMC-nin çoxsaylı işçiləri var, o hər bir işçinin başının üzərində dayanaraq onlara nəzarət edə bilməz, nəzarət umumi formada həyata keçirilir, lakin qeyd etdiyi kimi bu hər bir işçiyə münasibətdə mümkün deyil. O, bütün bu işləri təkbaşına həyata keçirə bilməz. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. 04 iyun 2024-cü il tarixli məhkəmə prosesində iştirak edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, o, "xxxx" MMC-də fəhlə işləyir. "xxxx" MMC keramik piltələrin istehsalı ilə məşğul olan müəssisədir. Onun əmək funksiyası isə yarasız kafelləri konveyer lentinin üzərindən götürmək və daşımaqdan ibarətdir. xx.xx.2024-cü il tarixdə işə gəlmiş, SƏTƏM mühəndisi Şəxs əməyin təhlükəsizliyi ilə bağlı təlimat almış və işə başlamışdır. Saat 10:20 radələrində işarələnmiş kafeli götürmək üçün konveyerin hərəkət etdiyi sahəyə düşmüş və bu zaman sol ayağı relsin arasında qalaraq sıxışmışdır. Digər işçilərin köməyi ilə oradan çıxarılmış, ona tibbi yardım göstərilmiş və xəstəxanaya çatdırılmışdır. Hadisə nəticəsində yüngül bədən xəsarəti almışdır. Həmçinin bildirmişdir ki, konveyerin hərəkət etdiyi sahəyə özü düşmüş, bu barədə ona təlimat verilməmişdir. Təlimata əsasən o yarasız kafelləri kənardan götüməli idi. Hazırda heç bir şikayəti və tələbinin olmamasını və göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar evi, X15, "xxxx" MMC-nin əməyin mühafizəsi üzrə mühəndisi Şəxs tərəfindən “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın İİ vəzifə öhdəlikləri bölməsinin 2.11-ci bəndinin tələblərinin pozulması nticəsində xx.xx.2024-cü il tarixdə fəhlə Zərərçəkmiş şəxs yüngül zərərvurma xəsarəti almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs "xxxx" MMC-də əməyin mühafizəsi üzrə mühəndis işləyir. İş materiallarında olan "xxxx" MMC-nin Baş direktorunun 29 iyul 2023-cü il tarixli T- 18/23 saylı əmri ilə təsdiq edilmiş “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın “İİ Vəzifə öhdəlikləri”nin 2.11-ci bəndindən görünür ki, əməyin mühafizəsi üzrə mühəndis işə götürülənlərlə müvafiq təlimatlar aparır, işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırır, əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə kömək edir, o cümlədən tabeliyində olan işçilərin vəzifələrinin icrasına nəzarət edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-də xx.xx.2024-cü ildə olan bədbəxt hadisə üzrə X7 tərtib edilmiş təhqiqat aktından görünür ki, qeyd edilən bədbəxt hadisədə "xxxx" MMC-nin əməyin mühafizəsi üzrə mühəndisi Şəxs nəzarətsizliyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 309 saylı rəydən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol budun aşağı 1/3-nin iç səthinin, sol baldırın yuxarı 1/3-nün iç səthinin, sol baldırın yuxarı 1/3-nün bayır səthinin yaraları, sol budun və sol baldırın arxa səthinin bütünlüklə əhatə edən geniş ölçülü qançırı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə zərərçəkmişin göstərdiyi şəraitdə, yəni iki bərk küt əşyanın arasında qalma nətİcəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığın qısa müdətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin işçisi X5 xəsarət alması faktı üzrə X8 araşdırma aparılmış, həmin qurum tərəfindən R.Abdulayevin yalnız məhkəmə tibbi müayinəsindən keçirilməsi xahiş olunmuş, R.Abdulayevin xəsarət alması faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmamış və prosesual qərar qəbul olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X2 X9 Xidmətində verdiyi izahatının surətindən görünür ki, o, "xxxx" MMC-də fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində konver hərəkət edən sahəyə düşmüş, konveyerdə gələn işarələnmiş kafeli götürüb kənara qoymuş, bu zaman onun sol ayağı reyslərin arasında qalmışdır. O, qışqırmış, yaxınlıqda olan iş yoldaşı Taleh Əliyev gəlmiş, sahədən onu kənara çıxartmış və ona ilkin tibi yardım göstərmişdir. Daha sonra digər iş yoldaşları və Şəxs gəlmiş, xəsarətin ciddi olduğunu fikirləşib onu müəssisəyə məxsus avtomobillə xəstəxanaya aparmışlar. Onun adına xəstəlik vərəqəsi açılmış və ambluator müalicə alması üçün evə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər X13 fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus istehsal sahəsində xx.xx.2024-cü il tarixdə bədbəxt hadisə nəticəsində həmin MMC-də fəhlə işləyən X5 yüngül bədən xəsarəti alması əməyin mühafizəsi üzrə mühəndis Şəxs nəzarətsizliyi səbəbindən baş vermişdir. Belə ki, əməyin mühafizəsi üzrə mühəndis Şəxs işçilərə lazımi qaydada nəzarət etməmişdir. Onun vəzifə təlimatının 2.11-ci bəndinə əsasən o işçiləri təlimatlandırmaqla yanaşı, işçilərin vəzifələrinin icrasına nəzarət də etməlidir. İndiki halda Şəxs özünü təqsirli bilməsə də işçilərin sayının çox olması nəticəsində onların hər birinə nəzarət edə bilmədiyini qeyd etməklə təqsirini də dolayısı ilə etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iş sahəsinin geniş olması yaxud işçilərin sayının çoxluğu işçilərin vəzifələrinin icrasına nəzarət etməli olan şəxsi üzərinə düşən vəzifə öhdəliklərinin icrasından azad etmir və ya vəzifə öhdəliklərinin natamam icrasına əsas vermir. Beliləliklə də, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, vəzifə təlimatı, təhqiqat aktı, ekspert rəyi də digər iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. İş üzrə məsuliyyəti istisna edən yaxud iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar