Məhkəmə qərarları › İş №3(060)-112/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-112/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-112/2024 12.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Cəbrayıl rayonu, Hovuslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-318/2023 saylı icra sənədinə əsasən borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, bununla da, o, AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Ramil Babayev izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 12050 (on iki min əlli) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxsya verilməlidir. Lakin Şəxs üzrsüz səbəbdən məhkəmə qərarını qanunla müəyyən edilmiş vaxtda icra etməmişdir. Bu günki tarixdə tələbkar və borclu öz aralarında borclarının əvəzləşdirilməsi barədə razılığa gəlmişlər. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixədək yığılmış 6324 manat aliment borcunu, həmçinin övladlarının yetkinlik yaşına çatanadək saxnaılmaları üçün ataları tərəfindən hər ay ödənilməli olan 300 (üç yüz) manat məbləğində alimentdən 2025-ci ilin avqust ayının 1-dək imtina etdiyini bildirmiş, tələbkar isə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ona ödənilməli olan 12050 manat pul məbləğindən imtina etdiyini, bir daha tələb etməyəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən tələbkarın mövqeyini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və məhkəməyə təqdim etmiş olduğu ərizəsində qeyd etmişdir ki, onun Şirvan Apellyasiya Məhkəməsinin müvafiq icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs 12050 (on iki min əlli) manat məbləğində borcu vardır. Lakin, Zərərçəkmiş şəxs da ona xx.xx.2023-cü ilədək 6324 manat aliment borcu vardır. Bundan başqa uşaqlar yetkinlik yaşına çatanadək Zərərçəkmiş şəxs ona hər ay 300 (üç yüz) manat aliment ödəməlidir. O, tələbkar ilə borclarının əvəzləşdirilməsi barədə razılığa gəlmişlər. Belə ki, tələbkar ondan 12050 manat borcu, o isə tələbkara sonuncunun digər iş üzrə borclu keçdiyi 6324 manat aliment borcunu tələb etmir. Həmçinin o, Zərərçəkmiş şəxs 2025-ci ilin avqust ayının 1-dək aliment tələb etməyəcəyinə söz verir və ərizəsində qeyd etdikləri öz əksini tapmışdır. O, bu barədə İcra darəsinə ərizə də verəcək, həmçinin xx.xx.2005-ci il tarixədək əmək haqqından tutulmanın dayandırılmasını xahiş edəcəkdir. Hazırkı iş üzrə tələbkar ilə razılığa gəldiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında və məhkəməyə təqdim etmiş olduğu ərizəsində qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 12050 (on iki min əlli) manat pul tutularaq ona verilməlidir. O, borclu ilə borclarının əvəzləşdirilməsi barədə razılığa gəlmişlər. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixədək yığılmış və onun tərəfindən ödənilməmiş 6324 manat aliment borcunu, həmçinin uşaqlar yetkinlik yaşına çatanadək hər ay ödənilməli olan 300 (üç yüz) manat məbləğində puldan 2025-ci ilin avqust ayınadək imtina etdiyini bildirmişdir. O da öz növbəsində Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ona ödənilməli olan 12050 manat pul məbləğindən imtina edir, bir daha tələb etməyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını və məhkəmənin icraatında olan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs qərarın könüllü icrası barədə bildiriş və qərar şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, həm borclu Şəxs həm də tələbkar Zərərçəkmiş şəxs izahatları ilə eyniməzmunlu ərizə ilə məhkəməyə müraciət etmişlər. Şabran Rayon İcra və Probasiya Şöbəsinin 29 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Şabran rayon Məhkəməsinin 2(031)-451/2022 saylı, xx.xx.2022-ci il tarixli və Şabran rayon Məhkəməsinin 2(031)-450/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu Zərərçəkmiş şəxs aliment tələbi üzrə 6324 manat və əmlak tələbi üzrə 1610 manat, ümumilikdə 7934 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin məhkəmə baxışı zamanı həm tələbkar həm də borclu ərizə ilə məhkəməyə müraciət edərək borclarının əvəzləşdirilməsi barədə razılığa gəldiklərini bildirmişlər. Tələbkar Zərərçəkmiş şəxs borclunun ərizəsini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ona ödənilməli olan 12050 manat pul məbləğindən imtina etdiyini, bir daha tələb etməyəcəyini bildirmişdir. Odur ki, məhkəmə İXM-nin 528-ci maddəsinin “Qeyd” hissəsinə rəhbər tutaraq hesab edir ki, hazırkı vəziyətdə Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar