Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1120/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 389-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMC dövlət qeydiyyatına xx.xx.2022-ci il tarixdə alınsa da xx.xx.2024-cü il tarixiə qədər heç bir rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcıda təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi X3 bildirdi ki, İnter Rezonans” MMC dövlət qeydiyyatına xx.xx.2022-ci il tarixdə alınmış, lakin xx.xx.2024-cü il tarixə qədər heç bir rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcıda təqdim etməmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Buna baxmayaraq qeyd edir ki, 12 iyun 2024-cü il tarixdə Şəxs MMC-nin nümayəndəsi İdarəyə gələrək “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi haqqında” Sumqayıt şəhər Statistika İdarəsi ilə müqavilə bağlamışdır. Hazırda Şəxs MMC-nin Sumqayıt şəhər Statistika İdarəsi arasında müvafiq müqavilənin bağladığını, MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi əsasılarının aradan qalxdığını nəzərə alaraq həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeyd edir ki, Sumqayıt şəhər Statistika İdarəsindən onlara göndərilən məktubdan heç bir məlumatları olmamış, bu barədə onlara zəng edilməmişdir. Belə ki, MMC ünvan 1 ünvanda deyil, ünvan 2əailiyyət göstərir. Əlavə olaraq bildirir ki, bu barədə məlumat alan kimi dərhal MMC-nin direktoru ilə Sumqayıt şəhər Statistika İdarəsi arasında “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi haqqında” 12 iyun 2024-cü il tarixdə müqavilə imzalanmışdır. Sumqayıt Şəhər Statistika İdarəsi ilə Şəxs MMC arasında rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı razılığa gəlmələrini, o cümlədən müqavilə bağladıqlarını nəzərə alaraq hesab edir ki, MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Şəxs MMC xx.xx.2022-ci il tarixdə 2 saylı Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. 13 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindın Şəxs MMC-nin rəhbərliyinə rəsmi statikstia hesabatlarının təqdim edilməsi ilə bağlı məktub göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 997 saylı “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi haqqında” müqavilədən görünür ki, Sumqayıt Şəhər Statistika İdarəsi ilə Şəxs MMC arasında rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi Elnur Məmmədovu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Fərhad Əliyevi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin qəsdi rəsmi statistika hesabatlarını elektron və ya kağız daşıyıcıda təqdim etməmək olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs MMC-nin İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinməsi üçün yetərli deyildir. İXM-nin 75.0.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardan biri də inzibati xəta törətməkdə şəxsin təqsiri məsələsidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin təqsiri sübuta yetirilmir, onlara müqavilə bağlanılması barədə İnzibati orqan tərəfindən məlumat verilməmiş, əksinə məlumat verilən gündə MMC-nin təşəbbüsü ilə rəsmi statikstia hesabatlarının təqdim edilməsi ilə bağlı tələb edilən müqavilə imzalanmışdır. İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətlərində qəsdən və ya hətta ehtiyatsızlıqdan törədilmiş hər hansı bir inzibati xəta tərkibinin əlamətləri yoxdur. Bundan başqa Protokol tərtib etmiş Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi Elnur Məmmədov tərəfindən də hazırda MMC-nin göstərilənlərə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün əsasların aradan qalxdığı qeyd edilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, “Şəxs MMC-nin əməlində İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1120/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1120/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver