Məhkəmə qərarları › İş №3(060)-1121/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1121/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1121/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2İN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2070/2024 nömrəli icra sənədinə əsasən Şəxs 5078 manat məbləğində vurulmuş maddi zərər tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş etmişdir. Qalıq borc 4578 manat təşkil edir. Qarşı tərəf zərərin əvəzinin ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən icra məmuru protokolun təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, qeyd edilən xətanın törədilməsində özünü təqsirli bilmir. O, hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxslə borcun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişdilər. Bununla bağlı olaraq borc müqaviləsi bağlanmalı idi. Bundan əlavə, o, müharibə iştirakçısı olduğuna görə aylıq 80 manat təqaüd alır. Həmin təqaüd icra məmuru tərəfindən barəsində olan hökm üzrə zərərçəkmiş şəxsin ekspert və sığorta xərclərinə çıxılır. O, dəfələrlə icra məmurundan həmin xərcləri dayandırıb, həmin məbləği zərərçəkmiş şəxsin hesabına köçürməsini xahiş etsə də, zərərçəkmiş şəxs bank hesabını və həmin məbləğlə razılaşmadığına görə müavinət sonuncunun hesabına ödənilə bilmir. Buna səbəb kimi zərəçəkmiş şəxsin pulu ondan tam şəkildə tələb etməsidir. Özü müharibə iştirakçısıdır, ailəlidir. Onun himayəsində azyaşlı uşağı var. Hal-hazırda da borcunu tam şəkildə ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2070/2024 nömrəli icra sənədinə əsasən Şəxs 5078 manat məbləğində vurulmuş maddi zərər tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2070/2024 nömrəli icra sənədi üzrə həmin tarixdə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2070/2024 nömrəli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən 502 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibatə xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2070/2024 nömrəli icra sənədinə əsasən Şəxs 5078 manat məbləğində vurulmuş maddi zərər tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd edilən icra sənədinə dair Sumqayıt şəhəri İcra İdarəsi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs hazırda 6 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində çəza çəkir və 5078 manat məbləğində borcundan xx.xx.2024-cü il tarixdə 502 manat ödəniş etmişdir və o, borcun ödənilməsindən üzrsüz səbədən yayınmır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 6 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin 07 may 2025-ci il tarixli arayışından görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli hökmü ilə CM-in 263-1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 oktyabr 2024-cü il tarixdən 6 saylı Cəzaçəkmə Müəssisəsində qeydiyyata alınaraq hazırda Ədliyyə Nazirliyinin PX-nin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Şəxs başqa qazanc yeri, əmlakı yoxdur. Yeganə qazancı müharibə veteranı kimi aldığı 80 manat müavinətdir ki, həmin 80 manat da icra şöbəsi tərəfindən Şəxs barəsində olan icra işi üzrə ekspertiza xərcinin və sığorta ödənişlərinin ödənimlməsinə yönəldilmişdir. Nazırda 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən Şəxs başqa yerdə işləmək imkanı da yoxdur. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs İcra İdarəsinə dəvət edilərək borc məbləğinə dair izahatı alınmamış, borcun hissə-hissə ödənilməsinə razı olub-olmaması araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar