Məhkəmə qərarları › İş №3(060)-1129/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1129/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1129/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsn nümayəndəsi və direktoru Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 02 may 2025-ci il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə Şəxs MMC tərəfindən 12976.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 31 mart 2023-cü il tarixdə avans olaraq xaricə köçürülmüşdür. “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 01 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmiş, bu səbəbdən MMC İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMCnin nümayəndəsi və direktoru Nümayəndə1 özlərini inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirmişdir ki, rəhbəri olduğu müəssisə avans yolu ilə Hindistan Respublikasında yerləşən müəssisənin hesabına köçürdükləri vəsait sifarişləri yerinə yetirilmədiyi üçün həmin müəssisə tərəfindən geri qaytarılmışdır. Bildirmişdir ki, 31 mart 2023-cü ildə avans yolu ilə ilə köçürmüş olduqları 12976 ABŞ dolları vəsait geri qaytarılmışdır. Ödəniş "xxxx" ASC vasitəsilə həyata keçirilsə də, həmin məbləğ "xxxx" ASC vasitəsilə geri qaytarılmışdır. Bu barədə müvafiq sənədləri məhkəməyə təqdim edir. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam veriməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış 02 aprel 2025-ci il tarixli, № 13002-01/27 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respubliksından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədlər bank tərəfindən Mərkəzi Banka təqdim edilmişdir. Həmin sənədlərə əsasən Şəxs MMC tərərfindən 12976.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. 31 mart 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC ödənişi ödəyən müştəri, “VANİTA EXPORT” isə ödənişi alan müştəri olmuşdur. Həmin sənədə əsasən "xxxx" ASC-nin İnşaatçılar filialı tərəfindən 12976.00 ABŞ dolları məbləğində vəsait “İCİCİ BANK LİMİTED”in hesabına köçürülmüşdür. Ödənişi alan “Vanita Export”-un xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müştərinin 23 may 2023-cü il tarixli məktubuna müvafiq olaraq materialların istehsalının ləğv olunması səbəbindən 12976 ABŞ dolları həcmində əvvəlcədən ödəniş məbləği geri qaytarılmışdır. 0001CZV23198005A saylı Tranzaksiya Referansından müəyyən edilir ki, “VANİTA EXPORT” şirkəti avans yolu ilə ona göndərilən məbləği Şəxs MMC-nin hesabına geri köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədləri tədqiq edərək heab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsində nəzrədə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, bu səbəbdən başlanmış inzibati xəta hqqımda iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəxs MMC tərəfindən potokolun tərtib edilməsinə əsas olmuş, avans yolu ilə xaricə köçürülmüş 12976 ABŞ dolları məbləğində pul vəsaiti həmin pulların köçürüldüyü “VANİTA EXPORT” şirkəti tərəfindən məhz həmin materialların istehsalının ləğv olunması səbəbindən ölkəyə geri qaytarılmışdır. Bu hal direktor Nümayəndə1 məhkəməyə təqdim etdiyi sənədlərlə öz təsdini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, MMC-nin hərəktlərində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icaata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar