Məhkəmə qərarları › İş №3(060)-113/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-113/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-113/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası X9 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası X9 şöbə müdiri X7 tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati qaydada vəzfəli şəxs qismində 4000 (dörd min) manat məbləğində cərimə tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 həmin qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-113/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 17 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası X9 sədri Fuad Nağıyev qərardan apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-113/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-191/2022 nömrəli, 12.04.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Turizm X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3(060)-113/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi qərar alınmışdır. İnzibati material yenidən araşdırılıb baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclası zamanı qərar qəbul etmiş Azərbaycan Respublikası X9 etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, 30.11.2021-ci il tarixdə “İstanbul Gold” mehmanxanasında keçirilən yoxlama zamanı mehmanxana rəhbərliyi tərəfindən mehmanxanada qalan müəyyən qonaqların Covid-19 pasortu (Covid-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya Covid-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud Covid-19-a qarşı pevəndə əks-göstərişi müəyyən edən əksgöstəriş sertifikatı) monitorinqi həyata keçirən əməkdaşlara təqdim edə biməmişdir. Aşkar edilmiş hal nəticəsində Agentliyin əməkdaşları tərəfindən MN ******* nömrəli protokol tərtib edilmişdir. 17.12.2021-ci il tarixində X3 iştirakı ilə baxılarkən o mehmanxanada qalan qonaq X6 Covid-19 pasportu əvəzinə klinikadan arayış təqdim etmişdir, hansı ki Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli qərarı ilə təsdiq edilmiş “Covid-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndlənməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və Covid-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”-na əsasən Covid-19 pasportu hesab edilmir. Aşkar edilmiş hal “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarın 2.5-5.3-cü bəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Məhkəmədən Azərbaycan Respublikası X9 şöbə müdiri X7 tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi X8 izahatında bildirdi ki, Azərbaycan Respublikası X9 şöbə müdiri X7 tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuzdur, ləğv edilməlidir. Həmçinin həmin qərar düzgün formada tərtib edilməmişdir, həmin inzibati xəta haqqında protokolla inzibati tənbeh vermə haqqında qərar bir-birindən fərqlənir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın müəyyən edildi hissəsində 30.11.2021-ci il tarixdə “İstanbul Gold” mehmenxanasında aparılan yoxlama zamanı qonaqlardan birinin covid-19 pasportu olmadığı qeyd edilmişdir. Protokolda COVİD-19 pasportunun olub-olmadığı qeyd edilməmişdir. Həmin gün mehmanxanada olan qonaqlarının hamsının COVİD-19 pasportu olmuşdur. Yəni yoxlama aparan əməkdaş sistem vasitəsilə kimin Covid-19 pasportunun olmamasını yoxlayır və həmin sistemlə kimin Covid-19 pasportunun olmamasını müəyyən edilir. Əgər yoxlama aparan əməkdaş hansı müştərinin Covid-19 pasportunun olmamasını müəyyən etmişdirsə həmin müştəri barədə məlumatları protokola əlavə etməmişdir. Bundan başqa protokolda faktın yoxlama aktı ilə təsdiq edildiyi də qeyd edilmişdir. Lakin həmin yoxlama aktı ona təqdim edilməmişdir. Həmin protokolun əsassız olduğunu o əməkdaşlara təsdiq etdikdən sonra olar inzibati araşdırma aparılmasını ləğv etmişlər. Lakin araşdırma ləğv edildikdən 5 gün sonra yendən obyektdə yoxlama aparılmışdır. Yoxlamadan sonra həmin orqanın hüquqşünası ona bildirmişdir ki, keçən dəfə yoxlamanın araşdırmasını ləğv etmişdilər, lakin bu dəfə ləğv etməyəcəklər. Eyni zamanda o hesab edir ki, fəalliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tez-tez yoxlamanın aparılması bir daha sübut edir ki, həmin orqan tərəfindən obyektdə qərzəli olaraq yoxlamalar aparılır. Bundan başqa tərtib edilmiş inzibati xəta haqqında protokolda sanitar-giiyena rejiminin pozulması və karantin qaydalarının pozulması, “lobby” önündə 2 metr işarəsinin olmaması, təmizlik cədvəlinin qeyd edilməməsi və qonaq siyahısına uyğun sənədlərin təqdim edilməməsi qeyd edilmiş, ancaq inzibat xəta haqqında qərarda isə müştərinin covid-19 pasportunun olmaması qeyd edilmişdir. Porotokolda bundan başqa, qərarda başqa nöqsanların olması qeyd edilmişdir. Eyni zamanda protokol tərtib edilən zaman Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, protokol onun tərəfindən imzalanmamışdır. Həmçinin protokolda mülahizənin qeyd olunmasına şərat yaradılmamış və protokolu niyə imzalamadığı protokolu tərtib edən və yoxlama aparan əməkdaş tərəfindən qeyd edilməmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa müştəri X2 yoxlama zamanı əməkdaşlara klinikadan arayış təqdim etmişdir ki, onun onkologiya xəstəliyi olduğu üçün hotelə məskunlaşmasına icazə verilmişdir. Odur ki, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası X9 şöbə müdiri X7 tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25.11.2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, 12 noyabr 2021-ci il tarixdə “İstanbul Gold” mehmanxanasında aparılan yoxlama zamanı qonaqlardan birinin Covid-19 pasportunun olmadığına görə X8 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən mehmanxanalarda karantin rejiminə əməl olunması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (Covid-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxaların fəaliyyətinin təşkili Qaydaları” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı əsasında yoxlamalar keçirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası X9 əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli protokolda sanitar-gigiyena rejiminin pozulması və karantin qaydalarının pozulması, lobby önündə 2 metr işarəsinin olmaması, təmizlik cədvəlinin qeyd edilməməsi və qonaq siyahısına uyğun sənədlərin təqdim edilməməsi və İXM-nin 211.1-ci maddəsinin tələblərinin pozulması qeyd edilmişdir. İş materiallarından görünür ki, X8 (VÖEN 2********) “İstanbul” otelinin direktoru vəzifəsində çalışır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, müştəri X2 yoxlama zamanı əməkdaşlara klinikadan arayış təqdim etmişdir ki, bununla da Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə 26 may 2021-ci il tarixli, 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.5-5.3-cü bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə 26 may 2021-ci il tarixli, 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.5-5.3-cü bəndlərində müəyyən edilmişdir ki: “yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərindən yalnız COVİD-19 – a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstəriş müəyyən edən əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər:

1. İctimai iaşə müəsisələrində;

2. Mehmanxanalarda

3. İri ticarət mərkəzlərində.” İş materiallarına əlavə edilmiş siyahından görünür ki, X10 29.11.2021-ci il tarixdə “İstanbul Gold” mehmanxanasında olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X4 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X8 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə 26 may 2021-ci il tarixli, 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.5- 5.3-cü bəndində mehmanxana xidmətindən hansı şəxslərin istifadəsinə icazə verildiyi dəqiq müəyyənləşdirilmişdir və qonağın özəl klinikadan arayış təqdim etməsi onun bu xidmətdən yaralanması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar