Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1132/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs: X3 iştirakı ilə, xx.xx.1964-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala və xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2021-ci il tarixdə saat 10.15 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında X3 ünvanına nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X8 bildirdi ki, X1 İşlər Nazirliyinin 102 xidmətinə, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət edərək keçmiş həyat yoldaşının dayısı Şəxs onun ünvanına küçədə nalayiq söyüşlər söydüyünü bildirmişdir. Buna görə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. Quliyev Ramin Yasər oğlu onun bacısının qızının keçmiş həyat yoldaşı olmuşdur. Onlar ayrıldıqdan sonra Ramini evə gəlib getməsinə icazə verməmişlər. Bununla, bağlı Ramin onu günahlandırır. xx.xx.2021-ci il tarixdə təxminən saat 10.00 radələrində bacısı və onun qızını və oğlu Röyalı Sumqayıt Apellyasiya Məhkəməsinə aparıb, lakin içəri daxil olmağa onu və az yaşlı Röyalı buraxmamışlar və onlar çöldə dayanarkən Quliyev Ramin Yasər oğlu Röyala yaxınlaşaraq salam verdi. Röyal isə onun salamını almadı və bununla bağlı Ramin onu gunahlandıraraq təhqir etmiş, o da cavab qaytararaq söyüşlərin özünə getsin demişdir. Bununla bağlı özünü günahkar bilmir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, Şəxs onun keçmiş həyat yoldaşının dayısıdır. Şəxs bacısı ilə, yəni onun keçmiş qaynanası ilə birlikdə onun ailəsini dağıtmışlar. Onlar onu daim şərləməyə çalışırlar. Bu şəxslər onun evini də zəbt etmişlər. Bildirdi ki, xx.xx.2021-ci il tarixdə təxminən 10.50 radələrində Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında onun ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etmişdir və oğlu Röyalın yanında onun şəxsiyyətini alçaltmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda onun zərərçəkmişi şəxsi münasibətlər zəminində söyməsi ictimai xarakerli hesab edilmədiyindən hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Tərtib edilmiş protokoldan və materialdan görünür ki, Şəxs tərəfindən küçədə nalayiq ifadələr işlədilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi, Şəxs tərəfindən nalayiq ifadələr (söyüşlər) ictimai yerdə işlədilməmiş, ictimai qayda pozulmamış, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Eyni zamanda bu söz münaqişəsi şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(060)-1132/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1132/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver