Məhkəmə qərarları › İş №3(060)-1135/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1135/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1135/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X5, İcra sənədi üzrə tələbkar – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X8 tərəfindən 02 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2910 manat aliment borcunu, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-315/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə isə dəyəri 3980 manat olan qızıl zinnət əşyalarını borcu qaytarmalı olduğu halda bunu etməmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2715/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 500 manat cəriməni məhkəmə qərarı qüvvəyə mindikdən 3 ay keçməsinə baxmayaraq ödəməkdən yayınır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5055/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs X2 xeyrinə xx.xx.2020ci il təvəllüdlü X11 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat və xx.xx.2020-ci il təvəllüdlü X11 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclunun icra səədi üzrə 2910 manat borcu vardır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-315/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə isə dəyəri 3980 manat olan qızıl zinnət əşyalarını qaytarmalı olduğu halda bunu etməmiş, həmin vaxt zinnət əşyaları 500-600 manat müqabilində girovda olmuş, tələbkar hətta həmin borcu ödəməklə girovdan azad olunub əşyaların ona qaytarılması təklifini etmiş, lakin borclu buna razı olmayaraq, əvvəlki yığılmış aliment borcunu həmin qızıl zinnət əşyalarını təkrar girov qoyulmaqla ödəmişdir. Faktiki olaraq əvvəlki aliment borcu tələbkarın öz əşyasının girov qoylmasi ilə özünə ödənilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2715/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclu yanvar ayından etibarən hər ay 300 manat aliment ödəyir. Məhkəmədən borclu barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, qızılları birgə nikah dövründə banka girov qoymuşdur. Krediti ödəyib bitirdikdən sonra qızılları tələbkara qaytaracaqdır. Hazırda imkanı yalnız aliment ödəməyə çatır. Borcları çoxdur. İmkan olduqca ödəniş edəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar izahatında bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs X2 xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X11 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat və xx.xx.2020-ci il təvəllüdlü X11 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclunun icra sənədi üzrə 2910 manat borcu vardır. Övladlarının ikisi də xəstədir. Uşaqlar xəstə olduğundan Elnur onları atıb getmişdir. Birgə nikah dövründə onların evi olmuş, həmin evi genişlədirib da böyük ev alınması adı altında satılmış, sonra alınan evi isə bacısının adına rəsmiləşdirmişdir. Qızıl zinnət əşyalarını da borcu qaytarmır, həmin əşyaları yenidən girov qoymaqla aliment borcunu ödəyir. Borclunun özünə məxsus Yaşıldərə bağlarında torpaq sahəsi vardır. Borclu qərəzli olaraq aliment borcunu ödəməkdən yayınır. Ona dəymiş ziyanın ödənilməsini, əks təqdirdə borcluya ən sərt cəza təyin edilməsini xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, şəxs bacardığı qədər ödəniş edir. Qərəz yoxdur. Odur ki, şəxsin əməlində İXM-nin 528.1 və 529.2-ci maddələrinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, tələbkarı, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5055/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs X2 xeyrinə xx.xx.2020ci il təvəllüdlü X11 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat və xx.xx.2020-ci il təvəllüdlü X11 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-743-2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinin qeydinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 3980 manat dəyərində qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə isə onların dəyəri alınaraq X3 verilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görəyüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, hazırki inzibati xəta “idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəsilində yer aldığından, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 3 ay müddəti keçənədək verilər bilər. Məhkəmə hesab edir ki, maddənin dispozisiyasında məhkəmə qərarının icra edilməməsinə görə inzibati xətanın baş vermə vaxtı dəqiq müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati protokol Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməklə tərtib edildiyindən, iş üzrə icraata bu hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. X9 Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, icra sənədi üzrə tələbkara qaytarmalı olduğu qızılları girovdan çıxarmaq üçün qalıq qalmış ödənişin tələbkar tərəfindən ödənilərək qızılların girovdan çıxarılması barədə tələbkarın təklifini qəbul etməmiş, həmin qızılları yenidən girov qoyaraq aliment borcunu ödəməməsi səbəbindən barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə məsuliyyətdən azad edilməsi üçün ödəmiş, nəticə etibarilə icra sənədlərini icra etməmiş, icra sənədləri üzrə borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, onun hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, yaşını, təqsirinin dərəcəsini nəzərə almalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiya çərçivəsində ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 may 2023-cü il tarixdən hesablansın Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar